DİRİLİM YAR BUSƏSİNƏ -  Sevinc Qərib

Ədəbiyyat 19:56 / 04.09.2026 Baxış sayı: 723

 

Bu nə dəli darıxmaqdı,

alıb başımın üstünü.

Bir mən, bir də Tanrı görür,

köksümdən qalxan tüstünü.

 

Darıxır əlim-ayağım,

saçlarım da incik düşür.

Xəyalımdan lent sayağı

ömrümün Səni ötüşür.

 

Darıxır dualı ovcum,

əllərimə həsrət çökür.

Bu xiffət insafsız ovçu

ürəyimə tətik çəkir.

 

Gözümün çəkdiyi yola

nəm kirpiyim naxış salır.

Yenə hicranla qol-qola

səbrimin boyu qısalır.

 

Yeriməyə yox həvəsim

sənə gəlmir ki, yollarım...

Canıma sığmır nəfəsim

qoynumu boğur qollarım.

 

Sən çağır, harayla gəlim.

qüssə yenilsin səsinə.

Öldürdü darıxmaq- ölüm

dirilim yar busəsinə.