Şairliklə   şəhidliyin    qovuşduğu    ünvan

YAZARLAR 11:04 / 04.09.2026 Baxış sayı: 1089

Tural ADIŞİRİN

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin

“Ədəbi-mədəni mühit və folklor” şöbəsinin elmi işçisi

 

 

 

(Şəhid şair Müzəffər Məmmədoğlunun şeirləri haqqında)

 

Azərbaycan ədəbiyyatı tarixi azadlıq, vətənpərvərlik və milli müstəqillik uğrunda canından keçmiş sənətkarların — döyüşçü-şairlərin şərəfli salnaməsi ilə zəngindir. Sözlə əməlin, qələmlə silahın eyni mənəvi müstəvidə birləşdiyi bu qəhrəmanlıq irsi xalqımızın tarixi taleyinin poetik yaddaşıdır. Azərbaycan poeziyasında şəhid şairlərimiz müxtəlif tarixi mərhələlərdə xalqın azadlıq hayqırtısını, torpaq və vətən sevgisini öz qanları və misraları ilə tarixləşdirmişlər.

20 Yanvar faciəsinin işıqlı simaları, milli azadlıq hərəkatının gənc fədailəri Ülvi Bünyadazadə və böyük şairimiz Mikayıl Müşfiqin doğma əmisi nəvəsi olan Cavad İsmayılov (Cavad Qəmli) poeziyamıza şəhadət məqamının ilk müqəddəs möhrünü vurdular. Birinci Qarabağ müharibəsinin alovlu illərində torpaqlarımızın müdafiəsinə qalxan Nizami Aydın, Fuad Əsədov kimi şairlərimiz, eyni zamanda odlu nöqtələrdən həqiqəti xalqa çatdırarkən şəhidlik zirvəsinə ucalan telejurnalist və şair Alı Mustafayev milli poeziya salnaməmizə silinməz səhifələr yazdılar. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində isə Murad Nağıyev, Teymur Rəsulov və Elzamin Təhməzov kimi şəhid şairlərimiz öz gənc ömürlərini və poetik istedadlarını Vətənin ərazi bütövlüyü uğrunda fəda edərək şəhidlik poeziyasının müasir zəfər mərhələsini formalaşdırdılar.

Bu şərəfli bədii-tarixi xəttin nakam simalarından biri də şəhid şair Müzəffər Məmmədoğludur. Xatırladım ki, may ayında Zaqatalanın Yeni Suvagil kəndində folklor ekspedisiyasında olarkən bu  istedadlınakamşairimizin yaradıcılığıyla tanış oldum. MənəMüzəffər Məmmədoğlunun şeirlər kitabını bağışladılar.

Qısa tanıtım:Müzəffər Məmmədoğlu -  1975-ci ildə Zaqatalanın Yeni Suvagil kəndində anadan olub. I Qarabağ müharibəsi gedən ərəfədə Müzəffər 1992-ci ildə orta təhsilini başa vurub. Hərbi xidmət yaşı çatdıqda orduya getmək istəyib, tək qardaşı hərbi xidmətdə olduğundanonun bu arzusu təxirə salınıb. Yalnız qardaşı hərbi xidməti bitirib döyüş bölgəsindənqayıtdıqdan sonra, 1995-ci ilin mart ayında hərbi xidmətə çağırılıb. Tam döyüş hazırlığı keçdikdən sonra Füzuli bölgəsinə göndərilib. Kəşfiyyat qrupunda xidmət edən Müzəffər növbəti döyüş tapşırığını yerinə yetirərkən düşmən minasına düşüb və 1996-cı il noyabrın 2-də Füzuli rayonu ərazisində şəhid olub. Müzəffər subay idi, ondan  qalan yeganə yadigar 2006-cı ildə Mustafa Camalın redaktorluğuyla işıq üzü görən “Mən ölsəm də, sən yaşa Vətən” adlı şeir kitabıdır.

Müzəffər Məmmədoğlunun bədii irsinə xalq poeziyası gələnəyinin sadəcə passiv davamı və ya mexaniki təkrarı kimi yanaşmaq doğru sayılmaz. Bu poeziya Şah İsmayıl Xətainin irfani sədasından, Molla Pənah Vaqifin dünyəvi poetik incəliyindən və Aşıq Ələsgərin ustad kökündən bəhrələnən poetik yaddaşın fərdi şüur süzgəcindən keçərək yenidən doğulmasıdır. Gələnəkdən gələn arxetiplər və ritorik fiqurlar Müzəffərin fərdi duyumunda müasir ruha uyğunlaşaraq yeni məzmuni semantika kəsb edir.Onun yaradıcılığını fərqləndirən əsas cəhət şeirlərindəki səmimiyyət, mənəvi təmizlik, eksistensial sarsıntılar və ən başda öz taleyini — şəhadət məqamını — bədii dillə əvvəlcədən duyub misralara həkk etməsidir.

Müzəffər Məmmədoğlunun şeirlərində aparıcı bədii forma Azərbaycan xalq şeirinin sütunu sayılan qoşma və gəraylı janrıdır. Şəhid şairin qoşmaları 11 hecalıq ölçüsündə (əsasən 4+4+3 və ya 6+5 təqtili ilə) yazılmışdır. Müəllif bənd quruluşunda klassik aşıq poeziyasının dəqiq qafiyə sisteminə (a-b-v-b, ç-ç-ç-b) ardıcıl olaraq riayət edir. Xüsusi qeyd edək ki, bu bölgülər yalnız formal-ritmik funksiya daşımır; eyni zamanda sintaktik və semantik vahidlərin misra daxilində yerləşdirilməsini, poetik fikrin müəyyən intonasiya pillələri üzrə inkişafını şərtləndirir.

Şairin poeziyasında həmçinin rədif mühüm struktur-semantik  məna daşıyan diqqətçəkici detaldır.  Müzəffərin istifadə etdiyi rədiflər silsiləsi ("Olur", "Eyləməz", "Görünməz", "Ağlaram", "Olmaz-olmaz", "Eylərsən", "Yaraşmır", "Hərdən", "Belə olmaz", "Eylər", "Bizləri", "İnciyər", "Kimisən", "Bir baxışınla") bədii düşüncənin dinamikasını təmin edir. Rədifin təkrarı şairin poetik mətnində ritmik-sintaktik paralelizm yaradır və misralar arasında semantik əlaqəni möhkəmləndirir. Eyni söz və ya ifadənin müxtəlif kontekstlərdə təkrar olunması onun ilkin leksik mənasını aşaraq əlavə emosional-semantik çalarlar qazanmasına səbəb olur.

Cümlə ay camallı yığışsa bəhsə,

Günəş camalına tay olmaz-olmaz.

Qələm-qaş gözəllər çoxdu dünyada,

Ancaq səninkitək, yay olmaz-olmaz.

Misralardan göründüyü kimi,  şair şeirlərində klassik qoşma janrının daxili musiqisini və ritmik axıcılığını qoruyub saxlaya bilir. Nümunədə diqqəti çəkən digər mühüm cəhət klassik təşbeh sisteminin qoşma poetikası daxilində funksionallaşdırılmasıdır. “Günəş” və “yay” obrazları gözəlliyin müxtəlif komponentlərini – camal və qaşları – poetik müqayisə yolu ilə konkretləşdirir. “Camal–günəş” və “qaş–yay” semantik paralelliyi Azərbaycan klassik və folklor poetik düşüncəsinin ənənəvi obrazlar sisteminə söykənsə də, şairin fərdi lirik intonasiyası daxilində yeni emosional məzmun qazanır.

Şəhid şairin poeziyasında mərdlik, vəfa, etibar və halallıq əsas əxlaqi-fəlsəfi dayaqlardandır. Şair üçün insan mənəviyyatı ən ali dəyərlərdəndir. Bu baxımdan "Olur" şeiri milli əxlaq kodeksinin poetik bəyannaməsi kimi səslənir:

Uca dağların başında,

Duman olur, duman olur.

Namərdlərin tənə sözü,

Yaman olur, yaman olur.

Xəstənin görmürsə gözü,

Saralıbsa gülər üzü,

Mərdlərin bir kəlmə sözü

Dərman olur, dərman olur.

Dad olmaz haram aşında,

Etibar var mərd başında,

Vəfalılar hər yaşında,

Qurban olur, qurban olur.

 

Şeirin ikinci bəndində "mərd sözünün dərman olması" metaforası folklor təfəkküründən süzülüb gələn mənəvi gücün ifadəsidir. Şair namərdliyi cəmiyyətin və insanın ən böyük faciəsi kimi qiymətləndirir, halal zəhməti və etibarı insani kamilliyin şərti sayır. Şeirin ideya yükünü ən yüksək səviyyəyə çatdıran son iki misradır. Vəfalılar hər yaşında/Qurban olur, qurban olur – misralarında məhz Müzəffər Məmmədoğlunun şəhidlik taleyi boylanır, bu iki misra xüsusi retrospektiv semantika  qazanır: Bu misraları 'şair öz şəhidliyini əvvəlcədən xəbər verirdi' şəklində qəti bir hökm kimi təqdim etmək elmi-filoloji metodologiya baxımından tam dəqiq sayıla bilməz. Burada daha əsaslandırılmış yanaşma ondan ibarətdir ki, müəllifin sonrakı şəhadət faktı bu şeirlərin 'vəfa' və 'qurban' semantikasını retrospektiv (keçmişə yönəlik) şəkildə dərinləşdirir və onlara yeni məna qatı bəxş edir.

 

Müzəffər Məmmədoğlunun poeziyasında  ən maraqlı və elmi baxımdan diqqətçəkici detal digər şeirlərində də öz taleyini və şəhidliyini əvvəlcədən duyma halıdır. Şairin "Eyləməz" və "Ağlaram" şeirlərində yer alan ifadələr sadə bir poetik mübaliğə olmayıb, real həyat faktı ilə üst-üstə düşən bədii proqnozdur:

 

Adın dönüb həsrətimə,

Həkk olubdur ürəyimə,

Yüz güllə dəysə qəlbimə,

O adı bərbad eyləməz.

 

Və yaxud:

 

Təqsirim nə idi, nə böyük oldu,

Didələrim abu-leysan tək oldu.

Bir gün eşidərsiz, güllərim soldu,

Cavan ömrüm bada gedər, ağlaram.

 

Göründüyü kimi, 'cavan ömrün bada getməsi' və 'qəlbə güllə dəyməsi' kimi obrazlar müəllifin daxili hissiyyatının, Vətən uğrunda hər an canından keçməyə hazır olan döyüşçü psixologiyasının bədii təzahürüdür. Bu misralar şairin mistik bir uzaqgörənliyindən daha çox, onun müharibə dövrünün gəncində formalaşan fədakarlıq hissini və şəhadətə ruhi-mənəvi hazır olma məqamını filoloji cəhətdən əsaslandırır.

 

Müzəffər Məmmədoğlunun məhəbbət lirikası da zəngin bədii boyalarla işlənmişdir. “Görünməz”, “Bizləri”, “Kimisən” kimi şeirlərində sevgilinin portreti klassik Şərq poetikasının estetik kanonlarına uyğun olaraq təsvir edilir: "sədəf dişlər", "yay qaşlar", "ceyran baxışlar", "şahmar zülflər". Bununla yanaşı, şair lirik aşiqliyi mistik-irfani müstəviyə qaldırır:

 

Nagahından yolum bu yana düşüb,

Gözlərim sataşıb ceyrana düşüb,

Öldürər sözlərin dəhanə düşüb,

Mənsur kimi çəkmə dara bizləri.

 

Şeirdəki “Mənsur kimi çəkmə dara bizləri” misrası klassik sufi ədəbiyyatında Həllac Mənsur arxetipinə edilən göndərişdir (reminisensiyadır). Şair aşiqin məşuq yolunda əzab çəkməsini, canından keçməsini Mənsurun "Ənəl-Həqq" fəlsəfəsi ilə eyniləşdirir.

 

Müzəffərin şeirlərində zamana eksistensial münasibət də maraq doğurur.  1992-ci ilin mürəkkəb ictimai-siyasi və hərbi şəraiti fonunda yazdığı “Eylər” şeiri fərdi hissin hüdudlarını aşaraq zamanın yaratdığı mənəvi böhranı poetik şəkildə ümumiləşdirir.

 

Fələyin bu tərs işləri,

Mərdi namərd, həm qul eylər.

Haqqı nahaqqın odunda,

Yandırar onu kül eylər.

 

Bu şeir Qarabağ müharibəsinin ən gərgin mərhələsində qələmə alınmış və dövrün sosial-siyasi dramatizmini, fələyin ədalətsizliyini fəlsəfi müstəvidə ümumiləşdirmişdir. Şair dünyadakı nizamın pozulmasından, "mərdin namərdə qul olmasından" və "haqqın nahaqq odunda yanmasından" dərin mənəvi əzab çəkir. Bu eksistensial kədər müəllifin şəxsi taleyi ilə yanaşı, mənsub olduğu xalqın faciələrindən doğan ağrının poetik əksidir.

 

Müzəffər Məmmədoğlunun şeir dili canlı xalq danışığı ilə klassik folklor frazeologiyasının sintezindən ibarətdir.  Şair şeirlərinin bədii təsir gücünü artırmaq üçün zəngin troplar sistemindən istifadə etmişdir.

 

Ah çəkib eyləsən nalə,

Küy düşər, dağlar inciyər.

Gözüm yaşı Göy-göl olar,

Çağlayar çaylar inciyər.

 

Şair burada kədərin və göz yaşının miqyasını milli coğrafi toponim olan Göygöl ilə əlaqələndirərək böyüdür. Olduqca unikal yanaşmadır: nümunənin semantik strukturunda insan duyğusu ilə təbiət hadisəsi arasında metaforik-ekspressiv əlaqə yaradılır. “Dağlar inciyər” ifadəsində personifikasiya, “Gözüm yaşı Göy-göl olar” misrasında isə metaforik transformasiya və mübaliğə bir-birini tamamlayır.

 

Nəticə olaraq qeyd edə bilərik ki, şəhid şair Müzəffər Məmmədoğlu Azərbaycan aşıq poeziyası ənənələrinə, xüsusilə qoşma janrının daxili qanunauyğunluqlarına və ritmik-qafiyə sisteminə dərindən bələd olmuş və onu özünəməxsus şəkildə inkişaf etdirmişdir. Müzəffər Məmmədoğlunun bədii irsi, Ülvi Bünyadazadə, Cavad İsmayılov, Nizami Aydın, Fuad Əsədov, Alı Mustafayev, Murad Nağıyev, Teymur Rəsulov, Elzamin Təhməzov və.b şəhid şairlərimizin yaradıcılığı ilə  ideya-estetik və mənəvi-poetik müstəvidə səsləşərək Azərbaycan poeziyasının unikal və əbədi bir halqasını təşkil edir.