Səmərqənddə bir daha Azərbaycan reallığı özünü təsdiqlədi - Tahir RZAYEV, Milli Məclisin Aqrar siyasət Komitəsinin sədri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərinə dəvət alması və bu mötəbər tədbirdə çıxış etməsi dövlətimizin rəhbərinə bəslənilən böyük hörmət və ehtiramın ifadəsidir.
Prezidentimizin dünyada sülhün və əməkdaşlığın təmin edilməsi, humanizm, insan hüquq və azadlıqlarının qorunması, demokratiyanın inkişafı sahəsindəki fəaliyyəti bu gün dünya ölkələri tərəfindən yüksək qiymətləndirilir və Azərbaycana olan marağı, diqqəti artırmaqdadır. Bu gün ölkəmiz nəinki regionda, eləcə də dünya miqyasında iqtisadi inkişafa malik olan, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan, Şərq - Qərb və Şimal - Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verən bir dövlət kimi tanınır.
Hazırda Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Bakı Beynəlxalq Dəniz Ticarət limanı ildə 25 milyon tona qədər yükdaşıma qabiliyyətinə malikdir. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və əsaslı təmir edilmişdir. Azərbaycan 18 təyyarə ilə regionda ən böyük mülki hava yük donanmalarından birinə malikdir.
Əlbəttə ki, bütün bunlar, eləcə də Qarabağ münaqişəsinin həlli, düşmən üzərində qazandığımız tarixi qələbə regionda nəqliyyat–kommunikasiya layihələrinin inkişafı və həyata keçirilməsi üçün yeni əlverişli imkanlar yaratmışdır. Sözsüz ki, Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrlə nəqliyyat imkanları daha da artacaq və bu dünya ölkələrinə böyük fayda verəcəkdir.
Şanxay Əməkdaşlıq Təşkilatı Zirvə toplantısındakı çıxışında Azərbaycan Prezidentinin bu məsələlərə xüsusi önəm verməsi və diqqəti görülən işlərin miqyasına yönəltməsi, Azərbaycanın iqtisadi potensialını xatırlamaqla bərabər beynəlxalq aləmdəki fəaliyyətini nəzərə çatdırması dövlətimizin müstəqil siyasət yeritməsini bütün dünyaya bəyan etmək deməkdir.
Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, bu gün ən mötəbər beynəlxalq qurumlarda təmsil olunur və müəyyən qurumlara məharətlə rəhbərlik edir, öz sözünü deməyi bacarır və xalqların müstəqilliyi, firavan həyatı üçün mühüm layihələrin həyata keçirilməsində fəallığı ilə fərqlənir.
Ətrafında Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən mötəbər platformada Azərbaycan Prezidentinin həqiqətlərimizi, nailiyyətlərimizi və qarşıda duran vəzifələrimizi şərh etməsi, haqq-ədalət, torpaqlarımızın azadlığı və toxunulmazlığı uğrunda apardığımız mübarizəni dünyaya çatdırması və Ermənistanın təcavüzkarlıq əməllərini aydın faktlarla ifşa etməsi gələcəyimiz üçün, böyük dövlətlər tərəfindən dəstəklənməyimiz baxımından çox əhəmiyyətlidir.
Azərbaycan Prezidenti bildirmişdir ki, Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində isə başlamalıyıq. Təəssüf ki, bu il sentyabrın 13-də Ermənistanın Azərbaycanla dövlət sərhədində genişmiqyaslı təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir.
Ermənistanın təxribatçı hərəkətlərinin qarşısının qətiyyətlə alındığını və bundan sonra da alınacağını bildirən Prezidentimizin təcavüzkara əl-qol açmağa imkan verən beynəlxalq qurumları, xüsusilə BMT-nin Təhlükəsizlik şurasını tənqid etməsi təsadüfi deyildir. Çünki bu təşkilat qəbul etdiyi – ermənilərin silahlı birləşmələrinin işğal etdiyi ərazilərdən qeyri-şərtsiz çıxarılmaları barədə dörd qətnaməni 27 il ərzində icra etmədi və nəticədə erməni təcavüzkarları daha da azğınlaşdılar, ölkəmizə qarşı qanlı faciələr törətməyə imkan tapdılar.
Bütün bunlara baxmayaraq, Azərbaycan haqq-ədalətin, sülhün, qarşılıqlı əməkdaşlığın tərəfdarıdır. Ölkə Prezidenti çıxışının sonunda bunu bir daha bildirərək demişdir: “Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam etdirəcək”.
Cənab İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatı toplantısındakı çıxışı və eləcə də toplantı zamanı bir çox ölkələrin – Türkiyənin, Rusiyanın, Pakistanın və Çinin dövlət rəhbərləri ilə görüşlərində səsləndirdiyi fikirlər dövlətimizin başçısının həmişə dialoqa, sülhə, əməkdaşlığa, dünya dövlətləri ilə siyasi və iqtisadi əlaqələrin genişləndirilməsinə, möhkəmləndirilməsinə hazır olduğunu bir daha göstərmişdir. Bu, Azərbaycan reallığının dərk edilməsi, dövlətimizin və rəhbərimizin siyasi xəttinin qiymətləndirilməsi və gələcək inkişafımız üçün çox əhəmiyyətlidir.