Adil Şirin : - Bir şəhla gözlünün gözünü sevdim...

Bir şəhla gözlünün gözünü sevdim,
Bu dünya qəm-kədər gətirdi mənə.
Yenə könül verdim ayrılıqlara,
Ah, bu nə sevdadır- odlandım yenə.
Aşıq bir hava çal, öldüm mən, aşıq,
Buludlar ağlasın, dağlar ağlasın.
Bir qərib yolçuyam, geriyə yol yox,
Sevdiyim o gözəl qara bağlasın.
Yuxumu danısdım axar sulara,
Budağından düşdü bir qızıl alma.
Bu dünyanın vəfasına inandım,
Aldandım- peşiman olmadım amma...
Bu səhər Tanrıma dua elədim,
Gözdən, könüldən çəkilsin duman.
Qürbət axşamından köynək toxudum,
Əynimə dar gəldi, of, aman, aman...