Saqif Qaratorpaq - Sən gəl ki,hər gecəm gündüzə dönsün

Ədəbiyyat 12:44 / 29.10.2026 Baxış sayı: 149

Sən gəl ki,hər gecəm gündüzə dönsün,

Yollar gül bitirsin,çığırlar çiçək.

İsti nəfəsində qızınım bir az,

Üşüyən ruhuma bir yol sığal çək.

 

Sən gəl ki,unudum olub-keçəni,

Yaralı könlümün ağrısı dinsin.

Sən gəl ki,ətrindən məst olsun gecə,

Küləklər saçını öpüb sevinsin.

 

Sən gəl ki,sükutun dili açılsın,

Ulduzlar başlasın göydən enməyə.

Soyuq pəncərəmdə gülümsəyən Ay,

Qaçsın gözlərində güzgülənməyə.

 

Qapım qönçə-qönçə tumurcuqlasın,

Dolansın başına,gülsün eş-eşik.

Uyu kölgəsində kipriklərimin,

Titrək əllərimdən təzə yuva tik..