Fərhad Tapdıqoğlu -  Oturduğu budağı kəsdi və...

YAZARLAR 09:31 / 29.10.2026 Baxış sayı: 315

 

Olmuş əhvalatlar -27

Dodaqaçdı

Namizəd şəhərətrafı qəsəbələrin birində həyət evində yaşayırdı.Mənzili işlədiyi müəssisədən vermişdilər.

Həyətdə olan şam ağacının bir neçə budağı izanaraq evin dam örtüyünü zədələyirdi.

Namizəd həmin budaqları kəsdirmək üçün bir nəfərlə danışsa da,qiymətdə razılığa gələ bilmədilər.

Qərara gəldi ki,bu işi özü görsün.Həyat yoldaşı isə razı deyildi.Ona deyirdi:

--Ay Namizəd ,başqa bir nəfər tap ,danış.Sən bacardığın iş deyildir.Allah eləməmiş ağacdan yıxılarsan ,evimi yıxarsan.

Ancaq Namizəd israr etdi :

--Maa( mənə) nooluf( nə olub),ee?

Niyə kiməsə pul verməliyəm?

Namizəd tanışlarının birindən bir taxta nərdivan və əl mişarı aldı.

Mişarı əlinə alaraq ağaca söykədiyi nərdivanla təxminən yeddi-səkkiz metr hündürlüyə dırmaşdı.

Evin dam örtüyünə dirənən budaqların birinin üstündə oturub,yerini rahatlayıb, üst hissədə olan budaqlardan ikisini çətinliklə də olsa kəsdi Namizəd .

Növbəti budağı kəsməyə başladı.

Həyat yoldaşına səsləndi:

-- Həə ,nətərdi? Bəs deyirdin kəsə bilmərəm?

Sonuncu budaqdır,kəsif(b) düşəj(c)əm.

Kəsməyə davam etdi Namizəd .

Və...

Düşdü Namizəd...kəsdiyi budaqla birlikdə tappıltıynan yerə düşdü...

Hay-küy qopdu.

Namizədin kəsdiyi budaq üstündə oturduğu budaq imiş, sən demə...

Təcili yardım çağırdılar.Xəstəxanaya yerləşdirilən Namizəd bir neçə gün komada qaldı.

Komadan ayılandan sonra aylarla xəstəxanada müalicə aldı ...

O hadisədən otuz ilə yaxın vaxt keçir.Yaşayır Namizəd .Əvvəllər qoltuq ağacları ilə gəzən Namizəd indi əsa ilə ömrünün -günlərini yaşayır.

"Oturduğun budağı kəsmə" məsəlini eşitmişdi Namizəd,bilirdi.

Təcrübədən keçirdi .

Bax belə...

Qəsəbədə yaşlı insanlardan çoxları Namizədin oturduğu budağı kəsməyini xatırlayıb gülümsəyirlər...