Saqif  Qaratorpaq - Mən köhnə evəm,

 

Ədəbiyyat 08:47 / 19.11.2026 Baxış sayı: 180

Mən köhnə evəm,

Gedənlərdən halıyam,

Axşamdan bilirəm,

Səhər kim gedəcək ...

Bir səsdən,bir baxışdan oxuyuram

Fikirləri,ürəkdən keçəni,

Məndən köçəni.

Adamları gözlərindən tanıyıram,

Sözlərindən tanıyıram.

Ayrılığın acısını

Dönə-dönə yaşayıram,

İçimdə necə xatirənin

Ağrısını daşıyıram.

Mən köhnə evəm,

Çırpılan qapıların səsi

Hələ də qulağımdadı.

Göz yaşlarının izi

Hələ də yanağımdadı.

Hələ də dodağımdadı

Son öpüşün dadı...

Mən köhnə evəm,

Yaxşı bilirəm unudulmağı,

Sinəmdəki dağın

Göynərtisini şeirlə basdırmışam,

Könlümün hıçqırtısı

Bilə-bilə susdurmuşam...

Mən köhnə evəm,

Son nəğməsini

Oxuyuram ayrılığın.

Mən köhnə evəm...

Sən də get!

Yolun açıq olsun!