Ehtiram Ilham -OLDUN

Ədəbiyyat 09:39 / 18.11.2026 Baxış sayı: 784

 

Səni dost sanırdım, adam bilirdim.

Nə dost ola bildin, nə adam oldun.

Kim səni neçəyə satın almışdı,

Kimləri havayı bəs satan oldun?

 

Günəş heç doğdumu haqqın üzünə,

Bu zülmət hayandan düşdü gözünə...

Qarışıb at izi itin izinə,

Xaraba yollarda çox yatan oldun.

 

Beləmi yaşadın axirət üçün,

Ömrün puça getdi rəzalət üçün.

Əcəbmi elədin, var-dövlət üçün

Başını beləcə hey qatan oldun.

 

Bir yol keçməsən də dardan, çətindən,

Keçdin şərəfindən, ləyaqətindən,

Mən öldüm yerinə xəcalətindən,

Axır son arzuna sən çatan oldun.

18.11.26.