Şakir Xanhüseynli : - Ey su...

Ədəbiyyat 15:33 / 22.09.2022 Baxış sayı: 2767

.

Saçma, ey göz, əşkdən könlümdəki odlarə su,

Kim, bu dənli tutuşan odlara qılmaz çarə su...

FÜZULİ

Ey su-ürəyimin ilk arzusu,

bəlkə ilk yanğım,

ilk həsrətim,

bəlkə ilk harayım: ”bir qurtum su!”...

Ey su, mürəkkəbimdə varsan,

qələmin ucuyla bir od-söz

necə yazılır bəs varağa?

ən böyük sevincim “su var!” nidasıdı ha...

 

Ey su,

qəlbim bu saat sanki bir çay yolu,

bir dəniz, okean yatağı ovcum,

damarlarım arx-arx...

Bir yarpaq

yaşılına səslənir: ey su,

bir qaranlıq işığına səslənir...

Bir çəngə göy otu səsləyirəm, ey su,

bir ümidi səsləyirəm...

Hərdən eşidirəm:

gözlərin su içində oynayır,

sözlərin niyə bu qədər yanıqlıdı...

 

Ey su,

hər səhərimi su üzünə açıram,

su səsinə açıram.

üzüm gülürsə, suyum duru gəlir, demək,

dumduru...

 

Ey su,

bir damcına uçuram,

göyərən bir dəndən ötrü uçunur könlüm,

səndən ötrü uçunur,

gözüm su içmir hər kəsdən,

Ey su!..