Şakir Xanhüseyndən ÜÇ ŞEİR
1.İŞIQ
(Sonet)
səni görən kimi yanan İşıq var,
deyər ki, get yolun işıqlı olsun.
yolunda yanmaqçın daim işıqlar
qoy o İşıq əli çıraqlı olsun...
səninçün yandırsın ocaq o İşıq,
o nur- o işığın duası haqdı...
üzündə-gözündə ancaq o İşıq,
lap zülmətində də o, haqq işıqdı...
İşıq, nə gözəldi işıq yandıra,
qaranlıq olmaya, işıq saça o;
bir yol getməyinə sağa, ya sola,
əlini uzadıb qapı aça o;
söyləyə: atanam, ananam sənin;
həmişə halına yanaram sənin!
2.PAYLAŞ BİR XATİRƏNİ...
paylaş bir xatirəni, mən də o xatirədə,
mən də o xatirədə varam, əzizim, varam.
kimsə çox-çox uzaqdan bir salam yetirə də,
bir salam yetirə də bəlkə sağala yaram...
gözlərini yumub aç, görmək də bir işdi ha,
görmək də bir işdi ha hər kəsi öz işiylə...
nə qabdı, nə qabda su, qoyma səbrim daşdı ha,
qoyma səbrim daşdı ha, neynim səbir daşıyla...
ikimizin arası gözlə qaş arasıdı,
gözlə qaş arasıdı- əl çatar da, çatmaz da...
bu dünya-sığınacaq iki daş arasıdı,
iki daş arasıdı bunu daha anla ha...
sənə əl yetirərəm, əlimi kəsmərəm heç,
əlimi kəsmərəm heç yaxşıdan, yaxşılıqdan...
yerdən, göydən və səndən əlimi üzmərəm heç,
əlimi üzmərəm heç mən ilahi işıqdan!
3. TAĞ ELƏMƏK
adımı adına tağ eləyirsən
yaxşını yamana tağ eləyəntək,
doğrunu yalana tağ eləyəntək...
adımı adına tağ eləyirsən
tağ eləyən kimi ağı qaraya,
bütövü paraya tağ eləyəntək...
dərdimi dərdinə tağ eləsənə-
dərdimi dərdində yox eləsənə,
beş gündən birini ağ eləsənə;
bunu deməknən
bəlkə də mən bir az ağ eləyirəm...
işığı işığa tağ eləmək, tağ,
çırağı çırağa tağ eləmək, tağ
əlini əlinə daraqlayantək,
yaxşını yaxşıya tay eləmək, tay!
13.09.2024