Şakir Xanhüseyn  : - Yanlış

Ədəbiyyat 19:39 / 04.10.2023 Baxış sayı: 1695

 

bir addım düz atırsan,

o bir addımda ikisi, üçü yanlış.

hesabında

çox ülgü, ölçü yanlış

və birinə doğru olan

digəri üçün yanlış...

bilmirəm dünən, ya bu gün yanlış,

yalan danışmazsan, amma

özünü yalana inandırmağın yanlış...

olur, öz qapını açdığın zaman,

yanlış bir qapıya gəldiyini sanırsan...

bir nəğmə səslənir səsində yanlış,

bəzən hiss edirsən düzün də yanlış...

barmağı,

üzük keçəndən sonra qırmaq yanlış,

ancaq həyatında kim yanılmamış;

sən

yanlış da bir naxışdı deyibən

adla üstündən...