Şakir Xanhüseyn : - TEZ ÇATMAQ

Sevinc uzun zaman alır,
Kədərə növbə tez çatır.
Günah edirsən, nə qəmin,
Dadına tövbə tez çatır.
Başına sığal gecikir,
Amma ki, zərbə tez çatır.
Kölgəsini düşürməyə
Ağaca selbə tez çatır...
***
Bu abad çöl kimin çölüdü,
bu bərbad iç kimin içi...
Hər bir şey mənlik deyil,
sevirəm heç bir heçi...
Görürsən ən yaxşı bildiyinə gedib çıxır
ən pis bir işin ucu...
Hamı sürür bu qəzalı ömrü,
darıxma, var tezi-geci...
***
Yorğunluğum,
bir az səndə dincəlirəm elə,
var ol...
Dekabr 2022