Şakir Xanhüseyn : - ÖRT ÜSTÜNÜ

Aman, səsini ört üstünə,
sözünü,
nəfəsini ört üstünə
havalar yandırıcı soyuq,
dondurucu isti keçir...
Bir ovuc torpaqla üstünü ört,
ağrıyan başına yaş dəsmal bağla,
nə bilim, bir yarpaqla
üstünü ört...
Bax, hər an, hər an
üstünə gəlmək varkən,
qan tutmuş bir gözə görünmək varkən
üstünü ört...
Dağların qarıyla,
bir hörümçək toruyla,
ocaq qoruyla--
lap belə yox bir şeylə
üstünü ört...
Pak ağızların duasıyla,
bir gün şüasıyla--
öz haqq inancınla,
anla,
say bir, iki... dörd
və üstünü ört...