Şakir Xanhüseyn - ÇİNARIN, QOVAĞIN KÜL KÖLGƏSİ
Ədəbiyyat
11:46 / 13.05.2026
Baxış sayı: 1939
Hər şey sanasan yanıb-
kül üstünə kül
tökülür;
yağışlar kül yağır,
şimşəklər kül çaxır...
Bir ovuc kül topasıdı bu boyda yer üzü
lili, durusuyla,
yaşı, qurusuyla...
Yüz qatlı göydələnlər,
dəmir çardaqlar,
polad dayaqlar,
beton "ayaqlar" kül topasıymış, kül,
başı buluda dəyən
dağlar kül topasıymış...
Bax, günəşin, ayın işığı deyil,
külü səpilir dünyamızın üzərinə, bil...
Döyünür, döyünür
ürəyimiz kül,
gəlir süfrəyə çörəyimiz
kül kömbəsi.
çinarın, qovağın kölgəsinə bax,
kül kölgəsidi, kül kölgəsi...