MEHDİ CALAL    -  BU ADAM

Ədəbiyyat 11:59 / 13.05.2026 Baxış sayı: 296

                                     
                                  

                                               (Divani)

Ay ağalar, hər halıyla möcüzatdı bu adam,

Uldüzlu, Aylı, Günəşli; neçə qatdı  bu adam.

Yer ilə Göyün vəhdəti  bərqərardı canında,

Sanarsan ki, bir yeriyən kainatdı bu adam.

 

Özü Yerdə, könlü pirdə; ruhu pərən-pərəndi,

Sinəsində gül hıçqırar, tufandan söz dərəndi.

Görüb söyləyən də olub: - övliyadı, ərəndi,

Bu qədər çirkab içində salamatdı bu adam.

 

Gözləri elə yol çəkər, çəkib qurtara bilməz,

Ürəyini bu dünyaya büküb qurtara bilməz.

Bircə ömrü misra-misra söküb qurtara bilməz,

Bir keçilməz yol tutubdu; addım-addım, bu adam.

 

Nə  bir toyda gülümsəyər, nə bir yasda ağlayar,

Nə bir qohuma yovuşar, nə bir dosta ağlayar,

Sükutunda haray çəkər, telli sazda ağlayar,

Kimsə bilməz yaxındırmı, yoxsa yaddı bu adam.

 

Həm uşaqdı, həm cavandı, həm qocadı, həm də ruh.

Haqqa gedən bir Yolçudu, Yoldu -- Tanrı buyurub.

Bir ocaqdı, öz közünün istisinə uyuyur,

Bir taledi -- Ululardan amanatdı bu adam.