Əlizadə Nuri - Sevmə məni
Sonu görünməyən səfər kimiyəm,
Özünü yandıran şəhər kimiyəm.
Bağlanıb dünyanın göz qapaqları-
Min il açılmayan səhər kimiyəm.
Sevmə məni.
İndi öz-özümə qarğışam, gözəl
Ağac deyiləm ki, koğuşam, gözəl.
Mən səni isidə bilmərəm axı-
Bayırda üşüyən yağışam, gözəl
Sevmə məni.
Məni dilə tutub söz alır ölüm,
Guya ki, dünyadan toz alır ölüm.
Səni bu sevgidən qoruyam gərək-
Məni sevənləri tez alır ölüm-
Sevmə məni.
Dünyanı sərmişəm sənin ovcuna-
Yerini qucaqla, göyünü qoxla.
Nəfəsin dəysin k, çiçəklər açsın
Dərdiyim çiçəyin şehini qoxla,
Qoxlama kədəri gül qoxlayantək
Sevmə məni.
Tanrı da "yox" deyər yasaq sevginə,
Ya xəstə sevgimə, ya sağ sevginə.
Səni and verirəm bu saf sulara
Səni and verirəm o saf sevginə
Sevmə məni...