Şahverən  Cavad - Hər səhər başlayır işığın ömrü

Ədəbiyyat 18:35 / 03.09.2026 Baxış sayı: 544



Böyük həqiqətlər susqun olurlar ,
Zaman da , məkan da - Allahın əmri .
Gündüzlər hər gecə ölüm yaşayır ,
Hər səhər başlayır işığın ömrü .

Əqrəblər zamanın dəyirman daşı ,
Payız novrağıtək hüsnüm sökülür .
Zaman qış ömrümü dülgərtək yonur ,
Ömrümdən vaxt deyil , yonqar tökülür .

Könlüm sərnişinsiz vağzala dönüb -
Hamı çıxıb gedib - qalanı yoxdur .
Mənim tənhalığım - təkliyim deyil, -
Kürəyim boşluğa söykənib durur .

Uşaqlığım ömrün zirzəmisində-
Sevgi məktubutək sandıqda qaldı .
Neçə dost qəlbinə çəkdiyim yolu
Ömür xəritəmdən ehtiyac sildı .

Vaxtı saatlarla ölçmüşük , zaman
ölümlə ölçürmüş hər birimizi .
Retro xatirələr-payız rüzgarı-
Nakam sevgilərtək üşüdür bizi .