Ayaz Arabaçı - Qalmışıq
Nə yerdən bir ümid doğur, nə göydən bir səda gəlir,
İnsafdan yetim qalmışıq, mürvətdən yetim qalmışıq.
Gözləyirsən xeyir gəlsin, bəla gəlir, qada gəlir,
Sərvətimiz ola-ola, sərvətdən yetim qalmışıq.
Sinəsində dağlar gəzir oğlum-qızım, anam-bacım,
Sərgilərdə başa çıxıb neçə ağrım,neçə acım,
Yoxdu durub bircə-bircə sadalamaq ehtiyacım,
Qoca tarix yaxşı bilir, çox vəddən yetim qalmışıq..
Ruhumuzu bulandırır mənəviyyat kifirləri,
Doldurublar hər kanala qatıqları-kefirləri,
Bircə dəfə bəs eləyir açıb-baxsan efirləri-
Görərsən ki, tamamilə mərfətdən yetim qalmışıq.
Dövran necə tərsə dönüb-"üst" nökərdi,"alt" ağadı,
Sözüm yüz-yüz qoturadı,sözüm min-min qaltağadı,
İndi hörmət alçağadı, satqınadı, yaltağadı,
Ərənliyə-kişiliyə hörmətdən yetim qalmışıq.
İt olsaydı nə vardı ki,üstümüzə çaqqal hürür,
Qəlbimizi ağır-ağır qüssə sarır,kədər bürür,
Xarabada uzaqbaşı beş-on nəfər dövran sürür,
Dərd odu ki, hamılıqla dövlətdən yetim qalmışıq.