Sabir  Zəkullaoğlu : -  Bu ayrılıq mütləq baş verəcək...

YAZARLAR 09:48 / 21.11.2023 Baxış sayı: 2175

 

Ən yaxın münasibətdə olduğun adamla bir gün aran dəyir. Hətta münasibətlər sıradan bir adamla olan münasibətdən də qat-qat aşağı səviyyəyə düşür.

Söhbət təkcə qadın kişi münasibətlərindən getmir. Cinsindən aslı olmayaraq bütün insanlarda bu baş verir.

Yəni hər şeyin başlanğıcı olduğu kimi, mütləq ki, sonu da olmalıdır..

Görünən o ki, bu davranış tərzi insanın yaradılışında, fitrətində var..

Bu məqamda tərəflərdən hansınısa qınamaq da doğru deyil.

Zatən durub surğulasan hər birinin deməyə kifayət qədər sözü, ittiham etməyə faktları var.

Çünki, hər kəsin həyata öz baxış bucağı var.

Əslində hər kəs də özünə görə haqlıdır.

Bəzən adama elə gəlir ki, bu münasibətlər heç nədən pozulur.

Əlbəttə ki, yox.

O "heç nədən" dediyimiz ifadənin alt yapısında bizim bilmədiyimiz, beynimizin, şüurumuzun altıncı hissində illərlə yığıb topladığı çoxlu məlumat bazası var.

Bu baza bizim içimizdə olan ikinci mənimizdir.

Biz onunla heç vaxt kompromisə gələ bilmirik.

O bizə tabe olmayan, bir çox hallarda bizdə özünütənqid hissi aşılayan bir mənlikdir..

Zamanı çatanda biz özümüzün ikinci mənimizlə razılaşmalı oluruq. Ona tabe olur, islah oluruq.

Bir növ kapitulyasiya aktı imzalamış kimi oluruq..

Bu səbəbdən insanlar gözlənilməz qərarlar verir və biz onları tanıya bilmirik.Başa düşə bilmirik..

Olur ki, bəzən adam heç özü-özünü başa düşə bilmir..

Mən həyatda heç kimi itirmək istəməyən adamam. Hər kəslə münasibət saxlamaq istəyindəyəm..

Bu doğrudur, yoxsa yox, deyə bilmərəm. Zatən nə deməyimin fərqi yoxdur. Mən içimdəki mənlə idarə olunur, davranış sərgiləyirəm..

Və ətrafdakı insanların da müxtəlif insani keyfiyyətlərə- əqidəyə, güvənə malik olmalarını təbii qəbul edirəm..

Ona görə ki, onların fərqli davranışları səbəbsiz deyil. İçlərində onları daima tətitləyən ikinci mənləri vardır..

Düşünürəm ki, bu gün isti münasibətdə olduğumuz insanların qədrini, qiymətini bilməliyik..

Həm də ona görə bilməliyik ki, sabah yerimiz görsənsin deyə..

Çünki sabah bu ayrılıq mütləq baş verəcək..