Sabir Zəkullaoğlu : - Baş mühasibin andı

Ədəbiyyat 08:40 / 26.12.2022 Baxış sayı: 4945

 

Məhəmməd yol idarəsində baş mühasib vəzifəsində çalışırdı. Ona əbəs yerə böyük bir idarənin maliyyə işlərini tapşımamışdılar. O, gerçəkdən də bu sahə üzrə peşəkarlaşmış mütəxəssis idi. Ancaq onun bu səviyyəyə gəlib çıxmasında, on ildən artıq bu idarənin rəisi vəzifəsində çalışan Hüseyn müəllimin rolu danılmaz idi. Məhəmməd, Hüseyn müəllimin tələbə yoldaşı idi. Hüseyn onun necə bir təmiz adam olduğunu çox yaxşı bilirdi. Məhəmməd həm də dindar adam idi. Həm də həqiqi dindar. Allaha, onun göndərdiyi dinə tam cani könüldən inanan və ibadət edən bir insan idi. Əlbəttə, təmiz adamlara hər yerdə iş var. Çünki onlar xərcləmək daha asandır.

Hüseyn müəllim üçün də Məhəmmədin təmizliyi, düzlüyü hava su kimi vacib idi. Həm yoldaşlıq etmək, dostluq etmək, həm də iş yerində etibarlı və dürüst bir adam kimi onun yanında olmağı mühüm idi. İllah da ki, maliyyə sahəsi elə bir sahədir ki, burda bir yerdə işlədiyin adama etibar, inam, güvənin olmasıyla yanaşı, onun savadlı olması da vacibdir.

Savada qalanda, Hüseyn müəllim Məhəmmədin savadına yaxşı bələd idi.

Çünki, universitet oxuduğu illərdə Hüseyinin bütün kurs işlərini elə Məhəmməd yazırdı. Demək olar ki, bitirdikləri iqtisad universitetini Məhəmməd dostunun da yerinə oxumuşdu.

Ancaq Hüseynin də üstünlükləri çox idi. 

Aktiv, mehriban, ünsiyyətə tez gedən, tanış olduğu adamla beş dəqiqə söhbət eləsə bəs edirdi ki, ondan istədiyi cavabı alsın və yaxud onu aparıb restoranda ona qonaqlıq versin...

Qonaqlıq demişkən, elə bil Allah-təala onu qonaqlıq məclisləri üçün yaratmışdı.

Məclis adamı idi. Həm də çox səxavətli idi.

Bu dünyanın işləri düz yolla heç getməz.

Xüsusilə, çətinlik olanda vəziyyətdən çıxmaq üçün düz yol axtarmaq ən azı sadəlövhlükdür.

Götürək elə dağı. Qarşında uca bir dağ var və sənə o dağı aşmaq gərəkirsə, sən onu necə düz yolla aşa bilərsən?

Əlbəttə heç cürə. Sən məcbursan o dağı aşırımlarla, dolana-dalana, əyri-üyrü yollarla aşasan. 

Həyat da belədir.

Fənd bilmədən qalib gələ bilməzsən.

Hüseyn müəllim də bu fəndləri gözəl bilirdi.

Əlbəttə, bu işdə ona etibarlı, sadiq olan lazımlı adam da Məhəmməd idi.

Hər dəfə idarəyə yoxlamalar gələndə Hüseyn müəllimin kalan xərci çıxırdı.

Gələn qonaqların qulluğunda durmaq, onları yedizdirib, içizdirib gördükləri işlərlə tanış etmək. Hədiyyələrlə pay-parçayla yola salmaq lazım gəlirdi.

Bütün bu işləri Hüseyn müəllim çox gözəl bacarırdı.

Bəzən elə olurdu ki, Hüseyn müəllim qonaqları o qədər yedizdirib içizdirirdi ki, onlar ya yoxlanışa getmirdilər, ya da qonaqlıqdan o qədər məst olurdular ki, getdikləri ünvanda yolun asfalt olub olmadığının belə fərqində ola bilmirdilər. Vəziyyətin necə olduğunu bilsələr də standartlara uyğun olub-olmadığının fərqində olmazdılar.

Əlbəttə, bütün bu əlavə xərcləri qarşılamaq üçün vəsait lazım olurdu. Bu vəsaitləri də o, baş mühasibi, dostu və qardaşı Məhəmmədin vasitəsilə əldə edirdi..

Bəzən olurdu ki Məhəmməd qanunsuz yolarla vəsaitin əldə edilməsinə etiraz edirdi. Deyirdi, yox qardaş. Biz bunu edə bilmərik. Bu böyük bir yeyintidir. Buna görə bizi işdən çıxararlar. Həbsə atarlar. 

Bu halda Hüseyn müəllim sən mənim canım, mən ölüm deyib, onu razı salırdı.

Yeyinti lap çox olanda, Məhəmmədin gözləri kəlləsinə çıxırdı. Belə bir maliyyə fırıldağına imza atmayacağını deyirdi. Heç Hüseyn müəllimin mən ölümünə, sən ölümünə də əhəmiyyət vermirdi. Bu halda Hüseyn müəllim, Məhəmmədin zəif yerini yaxşı bilirdi. Onun həssas yerindən tutub ona, sən Həzrət Abbas deyərək and verib, istədiyi sənədə imza etdirirdi. Məhəmməd də  ki, bu bu müqəddəs addan  heç  cür keçə bilmirdi.

Bir dəfə Hüseyn müəllim, misli görünməmiş bir layihə ilə Məhəmmədin otağına gəldi. Tez bu layihəni hazırla, özün də get baş idarədən bu pulları al və gəl, ded..

Layihədə qeyd olunduğuna görə şəhərin ən böyük küçələrindən biri olan Ziya Məmmədov küçəsinin asfalt örtüyü tamamilə yenilənmiş, dünya standartlarına tam şəkildə cavab verən səviyyədə istismara verilmək ərəfəsində idi. Yekun işlərin tamamlanması ilə əlaqədar olaraq, əlavə vəsaitin ayrılması ilə bağlı yol tikintisi üzrə baş idarəyə ünvanlanmış müraciət də hazır idi . Hansı ki, o küçədə heç bir iş görülməmiş bir metr də olsun belə asfalt örtüyü yenilənməmişdi.

Nəzərə alsaq ki, Məhəmməd özü də o kücədə yaşayırdı bu zaman vicdanlı bir adamın, hər gün o küçədən necə keçəcəyini fikirləşmək Məhəmməd üçün çox ağır idi.

Məhəmməd layihə ilə tanış olandan sonra, ayağa qalxıb, qəti şəkildə öz etirazını bildirdi.

Hüseyn müəllim, yenə də sən Həzrət Abbas deyib onu birtəhər razı saldı.

Məhəmməd könülsüz də olsa dostunun xahişini yerinə yetirirdi. Həm də onun hər vəziyyətdən çıxa biləcəyinə də çox inanırdı.

Aradan bir neçə ay keçmişdi. Yenə də idarəyə yoxlama gəlmişdi.

Bu dəfə yoxlama baş idarədən yox, birbaşa DTX-dan gəlmişdi.

Bunlar nə yemək yeyirdilər, nə qonaqlığa əhəmiyyət verirdilər. Elə bil hamısı oruc tutmuşdular. Bu həna o hənadan deyildi.

Məhəmmədi də Hüseyn müəllimi də fakt qarşısında qoyub həbs etdilər.

Yoxlama prosesində Hüseyn müəllim, imkan tapıb Məhəmmədi Həzrət Abbasa and verib inandırmışdı ki, sən bütün günahları boynuna al. İstintaq bitsin. Mən səni ordan xilas edəcəyəm. Məhəmməd bir az etiraz etsə də. Hüseyn müəllim, "sən onsuz da bu işə hüquqi cəhətdən cavabdehsən, zatən yaxanı kənara çəkə bilməzsən. Bütün bunları mənim göstərişimlə etdiyini desən yenə də məsuliyyətdən yaxa qurtara bilməyəcəksən. Ancaq bütün bunları boynuna alsan, mən səni xilas edəcəm. Çalış məni ələ vermə. Məni ələ versən, o halda ikimiz də əlli-ayaqlı gedəcəyik" demişdi.

İstintaq prosesində Məhəmməd bütün yeyintiləri öz boynuna götürdü. Dostu, qardaşı, həm də müdiri olduğu Hüseyn müəllimi böyük ölçüdə vəziyyətdən çıxardı.

Beləliklə, bu istintaqın son qərarı məhkəmə qətnaməsilə aşağıdakı kimi yekunlaşdı;

- Məhkəmə, Abbasquliyev Məhəmməd Dursunəli oğluna səkkiz il, Mirseyidov Hüseyin Mirhəsən oğluna isə bir il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. 

Başqa-başqa cəzaçəkmə müəssisələrində cəza çəkən Məhəmmədlə Hüseyn bir gün şahid kimi məhkəmə zalına gətiriləndə DTX-nın zirzəmisində rastlaşdılar.

Hüseyn müəllimin salamlaşmasına belə imkan verməyən Məhəmməd, dostu Hüseyn müəllimə deyir:

"Mən bura Həzrət Abbasa görə gəlib düşdüm, sən burda nə gəzirsən? Axı sənin ki heç bir günahın yoxdur!"