Ramiz Göyüş : - Üçrəngli göy qurşağı

YAZARLAR, Gündəm 18:28 / 09.11.2024 Baxış sayı: 661

 

Tarixin müxtəlif dönəmlərində Azərbaycanda mövcud olmuş dövlətlərin əsas dövlət rəmzlərindən biri də bayraq olmuşdur.

Qüdrətli Azərbaycan Səfəvilər dövləti süqut etdikdən sonra Azərbaycanda Afşar, Qacar imperiyalarının, onlardan sonrakı dövrdə mövcud olmuş xanlıqların da bayraqları olmuş, onların təsvirləri bu günümüzə qədər gəlib çıxmış, həmin təsvirlərdən hazırlanmış reproduksiyalar Dövlət Bayrağı Muzeyində saxlanılır.

Lakin çox təəssüflər olsun ki, uzun müddət davam edən Rusiya-İran müharibələrindən sonra iki yerə parçalanan istər Şimali, istərsə də Cənubi Azərbaycanın dövlət atributları, o cümlədən, bayrağı olmamışdır.

Azərbaycanda dövlətçilik ənənələrinin bərpası, müsəlman şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlaqədar olmuşdur. 1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra onun əsas dövlət atributlarından, simvollarından biri olan bayrağın necə olması mühüm əhəmiyyət kəsb edirdi.

Azərbaycan Cümhuriyyəti ilk dəfə müstəqilliyini elan etdikdən sonra bayraq haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 21-də verilmişdi. Həmin qərarda Azərbaycanın ilk dövlət bayrağı qırmızı rəngdə, orta hissəsində ağ aypara və səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul edilmişdir. O zaman Əhməd Cavad bu bayrağı belə tərənnüm edirdi:

Gül rəngində bir yarpağın,

Ortasında bir hilal,

Ey al bayraq, sənin rəngin

Söylə neyçün böylə al?!

Ey sevimli bayrağımın

O dalğalı duruşu:

Sandım salam rəsmi sənə

Buludların yürüşü!

Hakim olub bir torpağa,

Ona etmək böylə naz?

Səndən başqa bir gözələ,

Söylə, neyçün yaramaz?

Bu sətirlər Əhməd Cavadın Cümhuriyyətə, onun atributlarına, xüsusilə bayrağa ilahi bir sevgisindən irəli gəlirdi.

Məncə, bu şeir ümumiyyətlə Azərbaycan bayrağına yazılmış ilk şeirdir.

Böyük xeyriyyəçi, maarifpərvər ziyalı, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı, Azərbaycanın ictimai fikrinin ən görkəmli şəxsiyyətlərindən biri Əli bəy Hüseynzadənin redaktorluğu ilə 1906-cı il noyabrın 1-də ilk nömrəsi işıq üzü görən, səhifələrində Azərbaycanın Məhəmməd Hadi, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq kimi görkəmli nümayəndələrinin yazıları dərc edilən “Füyuzat” jurnalının və füyuzatçıların Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağının dövlət bayrağı kimi qəbul edilməsində müstəsna xidmətləri olmuşdur.

Əli bəy Hüseynzadə “Füyuzat” jurnalında dərc etdiyi məqalələrinin birində yazırdı: “Bizə fədai lazımdır! Türk hissiyatlı, islam etiqadlı, Avropa qiyafəli fədai.” Sonradan bu fikir təkmilləşdirilərək, aşağıdakı ifadə formasını aldı: “Türkləşmək, islamlaşmaq, müasirləşmək”.

Əli bəy Hüseynzadənin bu ideyası Cümhuriyyəti quranların timsalında öz hərarətli tərəfdarlarını tapdı və Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağında Azərbaycan vətəndaşının ideya-mənəvi dəyəri kimi simvollaşdı. 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyətinin hökumət başçısı Fətəli xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı dövlət bayrağı kimi təsdiq edildi və 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin açılışı zamanı binanın üzərində dalğalanmağa başladı. Elə o vaxtdan da “üçrəngli göy qurşağımız” şeirimizin mövzusuna, şairlərimizin ilham mənbəyinə çevrildi.

İstiqlal şairimiz Əhməd Cavadın yaradıcılığına nəzər salarkən dərhal aydın olur ki, bayraq mövzusu, bayraqlarımızın rəngləri, ulduz və aypara onun yaradıcılığının ana xəttini təşkil edir.

İndi bütün xalqımızın hər bir vətəndaşının – qocasının, gəncinin, aliminin, fəhləsinin, məktəblisinin hər gün sevə-sevə oxuduğu Azərbaycanın dövlət himninin sözlərində bayraq mübtəda kimi səslənir, şeirdə əsas cümlə üzvü kimi yer alır:

Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə,

Cümlə gənclər müştaqdır.

Əhməd Cavad içindən, damarından, qanından, nəfəsindən gələn bayrağa məhəbbət hisslərini aşağıdakı nümunələrdə görün necə təsvir edir:

İncilər tök gəl yoluna,

Sırmalar düz sağ-soluna,

Fırtınalar dursun yana,

Salam türkün bayrağına.

və ya:

Köksümdə tufanlar gəldim irəli,

Öpüm kölgən düşən mübarək yeri,

Allahın yıldızı o gözəl pəri,

Sığınmış qoynunda Aya, bayrağım!

Bayrağımız poeziyamızda özünün ən gözəl təcəssümünü növbəti dəfə böyük Azərbaycan dramaturqu, görkəmli ədəbiyyat adamı Cəfər Cabbarlının “Azərbaycan bayrağı” şeirində tapıb:

Mələklərin qanadımı üzərimə kölgə salan?

Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!

Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı?

Xayır, xayır? Çiçək solur, otlar yerdə tapdanır.

...Fəqət bizim bayrağımız ucaları pək seviyor,

Yulduzlardan, hilaldan da yüksəklərdə fırlanıyor...

Gövdəsində ay əyilib bir gözəli qucmaqda,

Qucuşaraq sevdiyiylə yüksəklərə uçmaqda.

Şu görünüş bir ananın şəfqətinə oxşayor.

Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.

Şeiri oxuduqca şairin bayrağa olan məhəbbətinə, sevgisinə heyrət edirsən. Sanki şair sözlə bayrağımızın şəklini çəkir, oxucunu düşünməyə, fikrə dalmağa məcbur edir, xəyal səni uzaqlara aparır. Sanki müəllif bayrağa aid söz qoşmayıb, süjet yaradıb, bir film çəkib.

Şairin poetik dühası qarşısında heyrətə gəlirsən. Belə bir şeir bayrağa, həm də təkcə bayrağa yox, Azərbaycana, onun dövlətinə, xalqına, dilinə, adət-ənənəsinə sonsuz məhəbbətdən yaranıb.

Lakin min təəssüf ki, 1920-ci il aprelin 28-də Azərbaycan Kommunistlər tərəfindən işğal edildi və Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Azərbaycanın üçrəngli bayrağı da o zamandan yasaq edildi. Zaman keçdi... Xalq onu ən qiymətli bir nemət kimi qəlbinin ən dərin guşələrində əzizlədi, saxladı. O zaman bayrağımız təkcə qəlblərdə yaşamadı, həm də şeirlərimizdə, bayatılarımızda, mahnılarımızda yaşadı.

Azərbaycanımızın böyük sənətkarı, təkrarsız səs və ifa tərzinə malik, musiqimizi, mədəniyyətimizi bütün dünyada təbliğ edən, həm şeir yazan, həm də musiqi bəstələyən, indi xatirələrə dönmüş Xan Şuşinskinin (İsfəndiyar Aslan oğlu Cavanşirov) məşhur “Şuşanın dağları” mahnısı (sözləri də, musiqisi də onundur) bu qəbildən olan nəğmələrdəndir. Qırmızı Sovet İmperiyası dövründə xalqların milli-mənəvi dəyərlərini, milli dövlətçilik tarixini məhv etməyə yönəlmiş siyasət xalqa sırınanda Xan Şuşinski dövlətçilik rəmzlərimizi mahnıda və şeirdə vəsf etdi.

Şuşanın dağları başı dumanlı,

Qırmızı qoftalı, yaşıl tumanlı.

Xan necə məharət və ustalıqla Azərbaycanın üçrəngli milli sancağını Şuşanın dağları ilə, Şuşalı bir gözəlin timsalında vəsf etmişdir. Başı dumanlı dedikdə Xan bayrağımızın mavi rənginə, qırmızı qoftalı dedikdə qırmızı rənginə, yaşıl tumanlı dedikdə yaşıl rənginə işarə vururdu. Bəlkə də mahnının ikinci misrasındakı qaş-göz işarəsi ayparaya və ulduza, tel isə onun gözəlliyinə işarə idi:

Ay qız, bu nə qaş-göz, bu nə tel,

Ölərəm dərdindən onu bil,

Bir danışmasan da, barı gül.

Hətta bir zamanlar Xan Şuşinskini bu mahnının sözlərinə görə təqib də etmişdilər və Xan məcbur olub mahnının mətnində “Şuşanın dağları deyil dumanlı” əvəzlənməsini də etməyə məcbur olmuşdu.

Ötən əsrin əvvəllərindən sonunadək əlifbası kimi, bayrağı da dörd dəfə dəyişdirilən Azərbaycan nəhayət 1991-ci il noyabrın 18-də öz müstəqilliyininin bərpasını bəyan etdi və ikinci dəfə öz sevimli, üçrəngli bayrağına qovuşdu.

Həmin tarixdə o zamankı Azərbaycan Parlamenti tərəfindən qəbul edilən, Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitutsiya Aktında 1918-1920-ci illərdə dövlət rəmzi kimi təsdiq edilmiş üçrəngli bayrağımız yenidən dövlət bayrağı kimi qəbul edildi və 1995-ci ildə Ümumxalq səsverməsi – Referendum ilə qəbul edilmiş Azərbaycan Konstitutsiyasında öz təsdiqini əbədi olaraq tapdı.

Lakin bu tarixə hələ bir illik zaman kəsiyi qalmış bir vaxtda, Qırmızı İmperiyanın qırmızı şalvar vaxtında, xalqların milli azadlıq hərəkatlarının qanla boğudulduğu bir dönəmdə xalqımızın böyük oğlu, misilsiz dövlət xadimi və xalq adamı, Ümummilli liderimiz bir zamanlar xalqın mütərəqqi ziyalılarının arzu və istəyindən doğan, sonradan yasaq edilmiş üçrəngli bayrağımızın yenidən dövlət rəmzi kimi qəbul edilməsində misilsiz xidmət göstərdi. 1990-cı il noyabrın 17-də Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada üçrəngli, ay-ulduzlu bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilmiş və Azərbaycan Respublikasının Ali Məclisinə həmin bayrağın dövlət bayrağı kimi qəbul edilməsi tövsiyə edilmişdi.

Azərbaycan bayrağı haqqında daha bir yaddaqalan əsəri Xalq şairi Bəxtiyar Vahabzadə yaratmışdır.

Bir zamanlar Azərbaycanımızın ikiyə bölünməsini yana- yana poeziyamıza gətirən, elə bu poema ilə Sovet İmperiyasının güdükçülərinin sinəsinə dağ basan, dastan olub dillərdə gəzən “Gülüstan” poemasını Bəxtiyar Vahabzadə necə yaratmışdırsa, Azərbaycan bayrağına həsr etdiyi şeiri də elə sənətkar qüdrəti ilə qələmə almışdır:

Üçrəngli bayrağın kölgəsində mən,

Qaraca torpağı vətən görmüşəm.

Zəfər güllərini dövri-qədimdən,

Bayraq işığında bitən görmüşəm.

Bayraq mənliyimdir, bayraq kimliyim,

Bayraq-öz yurduma öz hakimliyim.

... Daim ucalasan! Savaş günündə,

Əsgər silahıyla səni tən görüm.

Yalnız zəfər çalmış şəhid önündə,

Səni alqış üçün əyilən görüm.

Son zamanlar bayrağımıza həsr edilmiş, ən çox populyarlıq qazanan şeirlərdən biri Ramiz Qusarçaylının “Azərbaycanın bayrağı” şeiridir.

Çağdaş Azərbaycan poeziyasının ünlü nümayəndələrindən biri, müxtəlif mövzularda insanı düşünməyə vadar edən, dərin məna yüklü şeirlər yaradan Ramiz Qusarçaylının bayrağımızın məna və məzmununu açmağa, onu vəsf etməyə qüdrəti çatıb. Özü də necə:

Şənini vəsf eləməyə yetər, qüdrətim yetər,

Ulduzunu, ayını göydə mələklər ötər,

Hər rəngində “ya qazi, ya şəhid” bir mən bitər,

Sən ey İstiqlalımın əbədiyyət sancağı, –

Azərbaycan bayrağı! Azərbaycan bayrağı!

Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,

Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,

Şuşada sən qonduğun daşa pir deyəcəyəm,

Çəkəcəyəm gözümə kölgən düşən torpağı

Azərbaycan bayrağı! Azərbaycan bayrağı!

Qeyd etmək yerinə düşər ki, gənc nəsilə (elə yaşlı nəsilə də) bayraq sevgisinin aşılanmasında dövlətə və onun simvollarına məhəbbət və sevgi hisslərinin formalaşmasında, belə möhtəşəm əsərlərin yazılması ilə yanaşı, onların geniş əhali kütləsinə çatdırılmasında incəsənət ustalarının, bədii qiraətçilərin, həm də məktəblərin, eləcə də sosial şəbəkələrin rolu xüsusi əhəmiyyət kəsb edir.

Mənim fikrimcə, Azərbaycan bayrağına həsr olunmuş, onu tərənnüm edən sonuncu maraqlı və məzmunlu şeir Dayandur Sevginin “Azərbaycan bayrağı” şeiridir.

Müasir Azərbaycan oxucusuna (xüsusilə indiki oxucu qıtlığı şəraitində) az tanış olan, lakin ədəbi ictimaiyyətin yaxşı tanıdığı, səmimi və bir az da kövrək olan şeirləri ilə müasir tələbkar poeziya izləyicilərinin rəğbətini qazanmış Dayandur Sevginin bayraq sevgisi öz möhtəşəmliyi ilə sələflərinin ənənəsini təkrar etməklə, həm də bütünlüklə orijinaldır. Bayrağa həsr olunmuş şeirlər içərisində Azərbaycan poeziyasının bu yazıda adı çəkilən beş nümayəndəsinin bayrağa həsr olunmuş şeirlərini xüsusi qeyd etməklə, onların sırasında Dayandur Sevginin də yerini məmnuniyyətlə qeyd edirəm.

Əslində bütün rənglərinin mənası ölkənin hər bir vətəndaşına kifayət qədər məlum olan, nəhəng ədəbiyyat adamlarının adlarını qeyd etdiyim nümayəndələri fonunda yeni nə söz demək olardı deyə düşünürsən. Dayandur Sevgin bayrağı necə vəsf etməliydi ki, o, Əhməd Cavad, Cəfər Cabbarlı, Bəxtiyar Vahabzadə səviyyəsinə yüksələ bilsin.

Ancaq Dayandur Sevgin bunu bacardı. Özü də necə:

Millətimin fəxridi, haqqa gedən yoludu,

Koroğlumun qılıncı, Babəkimin qoludu,

Müstəqillik günəşi, Azadlıq simvoludu,

Seyr elə, igid əsgər, dalğalanan bayrağı,

Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!

...Tanrıdan səda gələ, yazdığın haqqa yaza,

Mələklər səcdə edə, bu aya, bu ulduza,

İgid oğlanlarımız, sevdiyi gözəl qıza,

Atsın zərif çiyninə, versin nişan bayrağı.

Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!

Bu yazıda şeirlərindən nümunə gətirilən şairlərin hamısı bayrağımızın rənglərini, aypara və ulduzunu öz əsərlərində tərənnüm etmişlər. Bu da təsadüfi deyil. Çünki həm rənglər, həm də aypara və ulduz mənalar daşıyır.

Bayrağımızda rənglərin düzülüşü, onların mənası, aypara və səkkizguşəli ulduzun izahı kifayət qədər şərh edilmişdir.

Aypara və səkkizguşəli ulduzun bayrağımızda yer almasının mənası daha dərindir.

Ümumiyyətlə, insanlar yarandığı gündən göy cisimlərini müqəddəsləşdirmişlər, ətraf mühitdə baş verən hadisələri Günəşin, Ayın, ulduzların düzülüşü ilə müəyyənləşdirmişlər.

Ona görə də Günəş də, Ay da, ulduzlar da insanlar üçün müqəddəsləşib, mifləşib. Bu səbəbdən onlar Ayı, Günəşi, ulduzu öz yazılarında, daş kitabələrdə, abidələrdə, qəbir daşlarında, pul kisələrində və nəhayət bayraqlarında əks etdirmişlər. Bu baxımdan Azərbaycanda mövcud olmuş müxtəlif dövlətlərin bayraqlarında Ay, ulduz və Günəşə rast gəlinir. Dünyanın ən qədim yaşayış məskənlərindən olan Qobustan qayalarının qayaüstü rəsmlərindən insanların, heyvanların, müxtəlif ayinlərin rəsmləri ilə yanaşı, Ay və səkkizguşəli ulduz rəsmlərinə də rast gəlinir.

Ümumiyyətlə, aypara və səkkizguşəli ulduzun abidələrdə və pul sikkələrində təsviri antik dövrə gedib çıxır.

Maraqlıdır ki, xristianlarda aypara həm də Müqəddəs Məryəmin simvolu kimi qəbul olunur.

Türklərdə ayparanın simvollaşması Osmanlı İmperiyasının banisi Osman Qazinin yuxusu və qələbəsi ilə bağlıdır.

Aypara və səkkizguşəli ulduzun İslamdan çox qədimlərə getməsinə baxmayaraq, indi bu simvolları daha çox İslamla bağlayırlar.

Ayparanın İslamda müqəddəsləşməsi Məhəmməd Peyğəmbər tərəfindən edilən “Şəqqül-Qəmər” möcüzəsi ilə bağlıdır. Aya baxanda salavat çevrilməsi Peyğəmbərin ruhunu şad etmək və onun çöhrəsini gözəllik simvolu kimi bədirlənmiş Aya bənzətməklə bağlıdır.

Deyilənlərdən belə nəticəyə gəlmək olur ki, bayrağımızdakı Ay və səkkizguşəli ulduz təsvirləri türkçülük və islamçılıqla əlaqədardır və bu simvollar bir də bayrağımızla birlikdə bir daha müqəddəsləşmişdir.

Bizim müstəqilliyimizin cəmi 33 yaşı var. Üçrəngli bayrağımızın 106 yaşı isə gələn il tamam olacaq. Əslində tarix üçün o qədər də çox olmayan bu zaman kəsiyində 106 il bayraq ömrü üçün samballı bir ömürdür.

Müstəqil Azərbaycanımızın üçrəngli, ay-ulduzlu bayrağının keşməkeşli tarixinin bugünkü möhtəşəm səhifəsini Prezidentimiz İlham Əliyev yazır. Ulu Öndərimizin 2003-cü ildə dahiyanə, uzaqgörənliklə söylədiyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” fikirlərini 21-ci ildir ki, Prezidentimiz öz əməli fəaliyyəti və qələbələri ilə əyani şəkildə nümayiş etdirir. Hər sahədə olduğu kimi, dövlətçilik sahəsində də, dövlət rəmzlərimizə, bayrağımıza münasibətdə də.

2004-cü il 8 iyun tarixdə “Azərbaycan Respublikası Dövlət Bayrağından istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması, “Bakı şəhərində Dövlət Bayrağı Meydanının salınması haqqında” 2007-ci il 17 noyabr tarixdə Sərəncam imzalanması, 2007-ci il dekabrın 30-u Bakının Bayıl qəsəbəsində Dövlət Bayrağı Meydanının təməlinin qoyulması, 2009-cu il noyabrın 17-sində “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamın hazırlanması və 9 noyabrın “Dövlət Bayrağı Günü” kimi qeyd edilməsi, 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılışı və nəhayət, 2010-cu il noyabrın 9-da Dövlət Bayrağı Muzeyinin yaradılması deyilənlərin əyani sübutudur. Dünən , Zəfər Günü Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Kmomandan İlham Əliyev Dövlət Bayrağı Meydanını təmir və bərpadan sonra yenidən açaraq bayrağımızı göylərə ucaltdı və indi “Üç rəngli göy qurşağımız” səmada əzəmətlə dalğalanır.

Bu gün ölkəmizin elə bir bölgəsi, rayonu yoxdur ki, orada Azərbaycanın Dövlət Bayrağı əzəmətlə və vüqarla dalğalanmasın.

Ulu Öndərimiz Heydər Əliyev deyirdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir.” Bayrağımızın vüqarla dalğalanması Ümummilli liderimizin bu kəlamlarının göstəricisidir.

Prezidentimiz İlham Əliyev deyir: “Azərbaycan tarixin müxtəlif dönəmlərində heç zaman indiki kimi qüdrətli və güclü olmamışdır.”

Azərbaycan güclü olduqca, onun dövlət bayrağı daha möhkəm dayaqlar üzərində dayanaraq, daha yüksəklərə, Aya, ulduza, Günəşə yüksələcəkdir.

Onu Azərbaycan Prezidenti İlham Əliyev daha yüksəklərə qaldıracaqdır.

Necə ki, dünyada ən böyük bayrağı ən yüksək dayaq üzərinə qaldıraraq, Ginnesin Rekordlar Kitabına yeni səhifə yazdı!

Necə ki, bu gün Azərbaycan Avropanın yeni nəqliyyat və enerji xəritəsini cızır!

Necə ki, Azərbaycan bayrağı dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının binası üzərində, dünyanın 150-dək çox ölkəsindəki Azərbaycan səfirliklərinin və nümayəndəliklərinin binası üzərində qürurla dalğalanır, idmançılarımız dünyanın məşhur idman meydanlarında, Azərbaycanın Dövlət Himninin sədaları altında ən yüksək zirvəyə qalxmaqla bərabər yüz minlərlə insanı özü ilə bərabər ayağa qaldırır, Azərbaycanın kosmik fəzadakı süni peykləri ilə birlikdə dövrə vurur!

Prezidentimiz İlham Əliyevin sözləri yada düşür: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, qanımızdır.”

 

Возможно, это изображение текст