Qalib Şəfahət : - Darıxıram
(Anamın əziz xatirəsinə)
Tək olub təklənmişəm
Ana!
Ruhunla danışıram
qorunmaq üçün,
təklikdən, tənhalıqdan,
tənələrdən...
Bezmişəm Ana!
Üzüləndə
əlim göydən,
ayağım yerdən,
boşluqda uçuram,
hər yana baş çəkirəm,
hər tərəfə qaçıram.
Kimi axtarırsan?
-deyirlər,
onda göylərə üz tutub,
göylərə baxıram,
hər dəm, hər an.
Hələ yanına gəlməyə
nə vaxtım yox,
nə də tələsmirəm.
Əlimdə işim çoxdu.
Bəlkə ruhunu
narahat edirəm,
Məni bağışla!
Özündən sonra
Nə bir qardaş,
nə bir bacı,
qoydun mənə.
Arxa olmaq üçün arxamda.
Nə də həyatımın yoldaşı yox,
bel bağlamağa.
Hər şeyi özünlə apardın.
Bləkə də,
təklik mübarizdir deyə.
İndi,
hamı ac it kimi baxır üzümə.
Üzüm yaman sırtılıb,
göylərə baxmaqdan.
Nəyin qalıb bu göy üzündə,
soruşurlar,
hələ dərdimi deyə bilmirəm.
Səndən sonra bir bəhanəm
yoxdur,
səni axtarmağa...
Darıxmaq,
gözlə qaş arasındadır,
gedib gəlmək üçün
Izin istəmişəm,
izin ver demişəm,
Allaha.
Yanında qalmağa.
20.11.23
***
Ana,
səndən sonra
dünya mənə
çox kiçik görünür.
Uşaqlıqda
oynadığım,
top boyda...
Yanında yer
böyüksə,
bir az
yer ayır mənə.
08.11.23
***
Bu ildə
yosunlar
göyərmədi.
Dəniz
köynəksiz,
balıqlar
yeməksiz qaldı.
17. 11. 23