Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."

Maraqli 09:09 / 08.05.2024 Baxış sayı: 1224

“İspaniyanın Qranada şəhərində anadan olmuşam, hazırda isə Madriddə yaşayıb, təhsil alıram. Atam Qulam Əkbərov Pənahəli xanın oğlu Mehralı bəyin nəslinin davamçılarından biridir. Pənahəli xanın iki oğlu var idi. İbrahimxəlil xan və kiçik oğlu Mehralı bəy. Mehralı bəyin nəticəsinin də adı Mehralı olub. Rus imperiyasının vaxtında bəy nəslinə qarşı aparılan repressiyaya görə Mehralı bəy Ağdama köçüb. Orda da atamın babası Qulam kişi anadan olub. O da Ağdam məktəbində direktor olub. Məktəbin yeganə müəllimi də o idi. Atam 1996-cı ildə İspaniyaya köçüb. Onu da qeyd edim ki, bizdə Mehrəli bəyin nəslindən olduğumuza dair sənəd var. Belə ki, keçmiş Daxili işlər naziri Ramil Usubov bununla bağlı atama bir sənəd bağışlamışdı. O sənədi göz bəbəyimiz kimi qoruyub saxlayırıq.

 

 

Bunu Şuşalı Pənahəli xanın varisi Məhəmmədəli Əkbərov deyib. O daha sonra iki dəfə Şuşada olduğunu bildirib.

“30 illik işğaldan və bu müddətdə yaşanılan həsrətdən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev fondunun təşəbbüsü ilə təşkil olunmuş və Şuşada keçirilən 3-cü yay düşərgəsinin iştirakçısı olmaq mənə ilk dəfə babalarımın torpağını görməyə fürsət yaratdı. 1 il sonra 2023-cü ildə bir daha komitənin təşəbbüsü ilə mən, atam və anam Şuşanı ziyarət edə bildik. Bu mənə və ailəmə xoşbəxtlik və sonsuz dərəcədə sevinc hisslərini bəxş etdi. Bütün bunlara görə müzəffər Ali Baş Komandana, məğlubedilməz ordumuza, şəhidlərimizə və qazilərimizə borcluyuq. Bu günlərdə cənab prezidentin göstərişi ilə Şuşadan məcburi köçkün ailələri nəhayət ki, öz doğma torpaqlarına geri dönə biləcəklər. Bir azərbaycanlı olaraq bu xəbər bizim hər birimizi sevindirdi. Atam və əmilərim 1-ci Qarabağ müharibəsinin iştirakçısı olublar. Böyük əmim 2-ci Qarabağ müharibəsində də döyüşüb. Onlar hər zaman Şuşada olmağı, öz dədə-baba torpaqlarında yaşamağı arzu ediblər. Azərbaycan mənim üçün doğmadır. Vətənimizdən uzaq olmağımıza baxmayaraq ürəyimiz hər zaman Azərbaycanla döyünür. Şuşada yaşadığımız doğmalıq, rahatlıq hissini heç bir yerdə yaşamamışıq. 23 yaşım var, ömrüm boyu Madriddə yaşamışam. Amma Şuşada yaşamaq istərdim. Bu istək hər zaman var” deyə o bildirib. ( Moderator.az )