Nizami Məmmədov Tağısoy  professor, ədəbiyyatşünas-tənqidçi : - Azərbaycanda elmi inkişafin Heydər Əliyev doktrinası

Elm 09:30 / 10.05.2023 Baxış sayı: 2691

 

 

  Elmin ictimai tərəqqinin mühüm hərəkətverici qüvvəsi olduğunu müxtəlif dövrlərdə yaşamış müdriklər çoxdan sübut etmişlər. Bununla yanaşı elmin cəmiyyətə gündəlik həyatda ola biləcək problemlərin həllində kömək etməklə, həm də Kainatda yer almış xeyli gizlinlərin aşkarlanmasına cavab tapmaq baxımından mühüm vasitə olduğunu da nəzərdən qaçırmaq olmaz.

 Elm mədəniyyətin mühüm təyinedici həlqəsi olmaqla, həm də onun başlıca dinamik komponentlərindən biri olmuşdur. Elmin inkişafına pozitiv təsir göstərən ən vacib dünyagörüşü maarifçiliyin yaranması və formalaşması ilə bağlıdır. Türk xalqlarının həyatında elmə maraq hələ Əbu Nəsr Əl-Fərabidən (870-950) başlayaraq prioritetli yanaşmaya çevrilmişdir. Bir qədər sonralar ümumtürk yazılı ədəbiyyatının nümayəndələri Yusuf Balasağunlunun (1017-1077) “Kutadqu-bilik”, Şeyx Əhməd Yuğnəkinin (XII əsr) “Hibətül-həqaiq” (“Həqiqət çantası”) poemalarında elmi biliklərə yiyələnmə ön plana çıxarılırdı.

Heydər Əliyev Azərbaycan ictimai-siyasi, mədəni-mənəvi həyatının elə bir sferası yox idi ki, onunla bağlı dəyərli fikirlər irəli sürməsin. Bu baxımdan o, elmin inkişafına daim prioritet veriləcək bir mövqedən yanaşırdı. Çünki Heydər Əliyev elmi mədəniyyətin dominantı və başlıca həlqəsi kimi nəzərdən keçirməklə onu da yaxşı bilirdi ki, mədəniyyət elmsiz özünün baza kimi sosial funksiyasını yerinə yetirməyə qabil deyildir. Eyni zamanda Ulu öndər onu da nəzərə alırdı ki, elm rasional fəaliyyətin başlıca vasitəsi olmaqla elmi təfəkkürün, gerçəkliyə münasibətdə qanunların təhlili, onların həyatla əlaqəsi kontekstində intişar tapıb, inkişaf edə bilərdi.

Heydər Əliyevin çoxsaylı çıxış, məruzə və kitablarında onun elmə, alimə daim yüksək dəyər verdiyının şahidi oluruq. Çünki bu, Heydər Əliyevin özünün zəngin elmi-nəzəri biliklərə sahib olması, fəaliyyətini elmi prinsiplər üzərində qurması, öz fərdi intellektual potensialına arxalanması ilə bağlı idi.

Elmin mühüm ictimai fikir, o cümlədən ədəbiyyat və ədəbiyyatşünaslıq elminin ictimai fikir sahəsində keçdiyi yolun özünəməxsusluqlarını Heydər Əliyev yaxşı bildiyindən onu elmi obyektivliyə əsaslanan müasirlik duyğusu ilə təhlil edirdi.

Onu da qeyd edək ki, indiyə qədər hazırlanmış “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, “Heydər Əliyev və Azərbaycan incəsənəti”, “Heydər Əliyev və ədəbiyyat məsələləri”, “Heydər Əliyev dil haqqında və Heydər Əliyevin dili”, “Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir – onu qoruyub saxlamalıyıq”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Heydər Əliyev və ədəbi-tarixi proses”, “Heydər Əliyev əbədiyyəti və ədəbiyyat” və s. kimi digər çoxsaylı kitablarda ulu öndərin humanitar elmlərin inkişafına dəstəyi və onlarla bağlı söylədiyi dəyərli fikirlər bu gün də bu sahənin ən mühüm magistral xətlərini özündə əks etdirməkdədir.

Azərbaycan elminin inkişafını və onun dünya elminə inteqrasiyasını daim diqqət mərkəzində saxlayan Prezident alimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına da qayğı ilə yanaşırdı... Ölkəmizdə elmin bütün sahələrinin inkişafını diqqət mərkəzində saxlayan Heydər Əliyev Azərbaycan Milli Elmlər Akademiyyasının nüfuzunun qaldırılmasına böyük diqqət yetirirdi.

Heydər Əliyev siyasətində Azərbaycanda elmi inkişafın doktrinasında ön plana çəkən müəlliflərin əksər hissəsi belə bir fikri daha çox vurğulayırlar ki, dünyanın böyük ulu və əzəmətli xalqları, yaranmış geosiyasi situasiyalarda müdriklik zirvəsi fəth etmiş öz liderlərinə, qalib-sərkərdələrinə xalqı öz ardınca apara biləcək milli ideyalara sadiq olan ictimai-siyasi xadimlərə borcludur. Burada sübut üçün İradə Hüseynova fransız yazıçısı Emil Zolyadan iqtibas gətirib, Heydər Əliyevlə bağlı mülahizələrini aşağıdakı kimi əsaslandırmışdır: “Bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə yalnız elm gətirib çıxara bilər”. Heydər Əliyev bilirdi ki, elm bəşər övladının həyatının yüksəlməsinin ən mühüm aparıcı qüvvəsidir, daim qloballaşan dünyanın stabil inkşafında onun dərinləşməsini təmin edə bilər. Eyni zamanda o, bunu da yaxşı bilirdi ki, ictimai həyatın və xalq təsərrüfatının, texnologiyanın, bu texnoloji inkişafdan gələn törəmə yeniliklərin heç bir sahəsi elmi biliklərin, texnika və texnologiyanın minilliklər ərzində ortaya çıxması onlar olmadan mümkün deyildir.

Saysız-hesabsız şəhidlər verib Azərbaycan xalqının qan bahasına əldə etdiyi müstəqilliyi dövründə dövlətimizə yenidən rəhbərlik etmiş Heydər Əliyev təhsilə, ölkəmizin elmi inkişafına, onun elmi-texniki potensialının yüksəlməsinə səriştəli kadr hazırlığına, alimlərin cəmiyyətdə nüfuzunun yüksəldilməsinə, akademiyanın ayrı-ayrı elmi-tədqiqat institutularında aparılan araşdırmaların keyfiyyətinin daha da artırılmasına və nəticə etibarı ilə bütün bunların Azərbaycan dövlətinin inkişafına xidməti Heydər Əliyevin elmi-siyasi doktrinasının ana xəttini təşkil edirdi.

Digər sahələrdə olduğu kimi, Heydər Əliyevin elmi inkişaf etdirməsinin nüvəsində onun Azərbaycan dövlətinə, dövlətçiliyinə, xalqın və millətin maraqlarına xidməti ön plana çıxarılırdı. O, zəngin, təcrübəli və müdrik, qlobal dünyagörüüşünə malik siyasi lider kimi fəaliyyətini Azərbaycanın inkişaf dinamikasına xidmətdə görürdü. Çünki Heydər Əliyev əsrlərin sınağından keçmiş, dünya çaplı siyasətçi və filosoflardan əxz etdiyi fikirləri nəinki tarixdə olanlara quru baxış prizmasından nəzərdən keçirir, həm də gələcək üçün elmi ideyaların, innovativ baxışların, elmi-texniki tərəqqinin müasir və rəqabətədavamlı Azərbaycan dövlətinin və dövlətçiliyinin tağlarının və sütunlarının elmi inkişafa dayanaraq yüksələn xətlə gedə biləcəyini uzaqgörənliklə sübut edir və bu istiqamətdə nə qədər haqlı olduğunu bütün tezis və çıxışlarında ortaya qoyurdu.  

Qeyd etdiklərimiz göstərir ki, Heydər Əliyevin alimlər ordusuna və Azərbaycan elminə verdiyi dəyər onun birbaşa Azərbaycana olan qayğısından irəli gəlirdi. Bu, onun vətəndaşlıq yanğısı, xalq sevgisi ilə bağlı idi. Heydər Əliyevin yüksək siyasi dünyagörüşü, dövlət başçısı olaraq tədbirli olması, öz xalqına bağlılığı və ona arxalanması, uzaqgörənliyi, vətənpərvərliyi, məntiqi təfəkkürə malik olması, fəlsəfi düşüncəsindəki novatorluğu, fenomenal yaddaşı, elm sahələrindəki problemləri mahiyyəti üzrə diferensiasiya etməsi, yanaşmalarında induktiv və deduktiv təfəkkür müstəvisində müvafiq arqumentasiyalardan qidalanma aparıcı nəzəriyyələrə üz tutmaqla ölkəmizdə elmin inkişafını onun daha sınanılmış yeni konsepsiya üzərinə yönəltmə bacarığı öz münbit nəticələrini verə bildi. Bütün bunlara əsaslanaraq deyirik ki, Heydər Əliyevin Azərbaycan elminin inkişafına verdiyi impuls əhəmiyyətini itirməyəcəkdir.

Nizami Məmmədov Tağısoy

professor, ədəbiyyatşünas-tənqidçi