Şakir Xanhüseyn : - vallah, bir-birimizdən

vallah, bir-birimizdən
bu girey-gümbəz'
bir şeyə dəyməz...
aç gözünü xoş,
üzünü güldür.
bu dağ ömürlər
bir zərif güldür...
bir səma var, bax,
günəşi, ayı,
nur kəhkəşanı,
bulud alayı;
vallah, bu girey-gümbəz
bir şeyə dəyməz...
sevgiylə at addımını,
yad sandığın sənə yadmı,
neçə doğman, əzizin,
iki gözün
sənə yadmı?
gör, evlər bir-birinə uzaqmı,
qapılar bir-birini açır,
bir-birinin burnunun dibində
bitib otlar;
burda bir hikmət var:
yaxınlıq, iç-içəlik,
nə bir günlük,
nə bir gecəlik-
əbədilik-
gün şüasıyla süzülüb gələn eşq;
vallah, bu girey-gümbəz
bir şeyə dəyməz...
bir təbəssüm
bütün bir günün boyunun yaraşığı,
bir qanı qaralmışın açılan qırışığı...
səbəbiyyət vermə acıya,
nə rəva bir qəlb səndən inciyə,
acıya,
ya...
bax gör, bir ağac
ən ucadakına belə baş əyməz,
vallah, bu girey-gümbəz
bir şeyə dəyməz...
çətirdi bu boyda göy,
kölgəlikdi...
sığınmağa qucaqdı,
oddu-ocaqdı,
haqdı,
ağ alnımız, üzümüz
bu qara torpaqdı...
bir nəzərdən keçir gedəni, gələni;
ibrət deyil bəs?
vallah, bu girey-gümbəz
bir şeyə dəyməz,
heç dəyməz...
girey-gümbəz' dial.- giley-güzar
25.05.2025