Sərvanə DAĞTUMAS ədəbiyyatşünas: - “CANLI ŞƏHİD”İN SÜKUT DOLU FƏRYADI

: POST-MÜHARİBƏ ƏDƏBİYYATININ NÜMAYƏNDƏSİ QAZİ ŞAİR EMİN PİRİNİN YARADICILIĞINDA MÜHARİBƏNİN BƏDİİ REFLEKSİYASI
Post-müharibə ədəbiyyatı müharibənin yalnız fiziki deyil, həm də psixoloji və sosial təsirlərini tədqiq edir. Bu ədəbiyyata aid edilmiş nümunələrdə insanın içindəki sağalmaz yaralar, cəmiyyətin müharibədən sonrakı vəziyyəti, şəhid yaxınlarının, qazilərin aldığı travmalar təsvir olunur.
İkinci Qarabağ müharibəsi iştirakçısı, qazi şair Emin Pirinin müəllifi olduğu bədii mətnlər diqqətəlayiq nümunələrdir. Burada süni pafos yoxdur, təxəyyülə geniş yer verilməyib. Müharibənin yaratdığı fəsadları, təcrübələrini, əzablarını, acılarını, arzularını, hisslərini bizimlə bölüşən qazinin yaratdığı hekayə və şeirlər post-müharibə ədəbiyyatının mənəvi yükünün “ədəbi salnaməsidir”. Müharibənin ön cəbhəsində iştirak edən, “canlı şəhid” adını verdiyimiz qazinin ruhundan süzülüb gələn mətnləri oxumaq həqiqətən də insanı həm sevindirir, həm də kədərləndirir. Məqalədə əsas diqqət qazi şair Emin Pirinin yaradıcılığına yönəlib.
Giriş
Post-müharibə ədəbiyyatına aid bir çox nümunələr var. Məsələn, Şərif Ağayarın “Qayıdış”, Elçin Hüseynbəylinin “Sükutda hıçqırtı”, (2020) “Əsgər barmağını əmən körpə”, (2021) “Arxadan vurulacağını gözləyirmiş kimi”, (2021) “Kəndə gün çıxanda qayıdacağıq...” (2021) hekayələri, Azad Qaradərəlinin “Cəbrayıl əfsanəsi”, (şəhid Cəbrayıl Dövlətzadə haqqında) Yunus Oğuzun “Cığır”, Etibar Muradxanlının “İlin beşinci fəsli” romanları, Kənan Hacının “Qarabağ hekayələri” silsiləsi, Nazilə Gültacın “Şəhid atası” povesti post-müharibə ədəbiyyatına daxil təqdirəlayiq nümunələrdir.
İkinci Qarabağ müharibəsi iştirakçısı, qazi şair Emin Piri 2008-2010-cu illərdə Ağdamda - cəbhə bölgəsində tağım komandiri kimi xidmət edib, “İlin gənci”, “Nəsimi”, “Ən yaxşı şeir”, “Ülvi Bünyadzadə” və başqa ədəbi mükafatlara layiq görülüb. Emin Piri 2020-ci ilin İkinci Vətən Müharibəsi zamanı könüllü cəbhəyə yollanıb...Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı, Şuşa kəndlərinin azad olunması uğrunda döyüşüb. Son xidmət yeri Laçın olub. Xidmətlərinə görə leytenant rütbəsindən baş leytenant rütbəsinə yüksələn şair “Vətən Müharibəsi iştirakçısı”, “Xocavəndin azad edilməsinə görə” medallarıyla təltif olunub.
Qazi şair Emin Piri bir sıra müharibə şeirlərinin müəllifidir: “27 Oktyabr”a”, (“Fitili çəkilmiş qumbarayam, at məni dərdlərinin səngərinə”. 2024) “Naxçıvan arzuları”, (“Əllərim sənə açılmış Zəngəzurdu kəsilmiş, oğurlanmış əllərim”. 2024) “O”na məktub”, (2022) “Qızım”, (divarda iməkləyən rəsmlər, məzarı özündən qoca körpə. 2022) “Sən azadsan!”, (2021) “Adı yaxın Şərq”, (atasının məzarını qıdıqlayan qız. 2021) “Tanrılar məbədi qadın”, (“Protez ayağın utanar özündən”. Mina şeirdə unudulan, şüuraltında basdırılan amma “təmizlənməyən” travmalar və əzabların simvoludur. 2018) “Tarix müəllimi”, (2018) “Sükutlu səngər”, (“Və bir də sərçə kimi qorxu dənləyirdi əsgər ürəyi”. 2018) “Şəhid oğlunun dedikləri”, (atasının paltarını geyinmək üçün böyümək istəyən uşaq, “qocalan” ütü. 2017) “Mələklərə atılan mərmilər”, (2014) “Suriya”, (“Anaların əlindən alıb beşiyi özü yellər mərmilər”. 2014) “Ayağım özümdən qeyrətli çıxdı”, (“Cəbhədə qalan sağ ayağının təqaüdünü də sol ayağı alıb xərcləyir!”. 2014) “Baş daşları utandırdı məni”, (“Şəhid məzarlarını mərmərə bükdük, qalxa bilməsinlər üzümüzə tüpürməyə”. 2014) “Sağ qalan varmı?!”, (2014) “İtirilmiş əllər”, (2014) “Atəşkəs” (“Atəşkəs pozulub...düşmən susduruldu. mərmilərə atılan ana fəryadıyla”. 2014) və s.
Emin Piri həm də “Müharibə sonrası eşq” adlı hekayənin (2023) və “Müharibə gündəliyi” (2021) adlı sənədli-bədii toplunun müəllifidir. Onun yaradıcılığındakı yanğı, üsyan müharibənin gətirdiyi, sükutda gizlənən fəryaddır, yaralı ruhların naləsidir. Gəlin,“canlı şəhid”imizin “sükuta qərq olmuş” yaradıcılığı ilə daha yaxından tanış olaq..
- Post-müharibə dövrünün yaralı ruhları: “Müharibə sonrası eşq” hekayə-essesində travmatik insan ruhunun interpretasiyası
Emin Pirinin “Müharibə sonrası eşq” hekayə-essesində (2023) post-müharibə dövründə insanın psixoloji vəziyyəti, hallüsinasiyalar, paranoyak düşüncələr, parçalanmış cəmiyyətin mürəkkəb ruh halı, fiziki travmalarla mənəvi travmaların birləşib insana vurduğu zərbələrin təsir gücü təsvir olunur. (psixoloji transformasiya) Əsər hekayə-esse janrında yazılıb. “Müharibə sonrası eşq” əsəri hekayə-esse janrında yazılmış ilk nümunə deyil. Emin Pirinin “Əyyaş ata”, (2020) Şəhla Nihanın “Piruet” (2021) Cahangir Ələkbərovun “Çəkməsilən” (2021) əsərləri hekayə-esse janrında yazılıb. Bu janrda bədii təxəyyüllə essenin xüsusiyyətləri birləşir, müəllif öz düşüncələrini, mülahizələrini bədii şəkildə təqdim edir, oxucu emosional və intellektual təcrübə qazanır. Müəllif öz şəxsi təcrübələrini və müşahidələrini bizə bu janrda daha rahat təqdim edə bilir. Hekayə-esse janrında yazılmış bədii mətnlərdə subyektivlik, fəlsəfi düşüncələr, psixoloji təhlillər kimi xüsusiyyətlər ön plandadır. Bir sözlə, bu janrda yazılmış nümunədə müəllifin həyata baxışları, müşahidələri, yaşantıları, təcrübələri, həm düşünüb, həm də düşündürməsi aparıcı cəhətlərdir.
Müharibə və onun yarattığı travmalar insan ruhunda necə izlər buraxır? “Müharibə sonrası eşq” hekayə-essesinin adsız qəhrəmanı dövrün ruhunu bizə açıb göstərərək, həmin izləri sorğulayır. Hekayə-esse keçmişdən gələn ağır yüklərlə baş-başa qalmış insanların daxili mübarizələrinin ifadəsidir. Hekayə-essenin baş qəhrəmanı olan müharibə iştirakçısı “uzunsaç, qaragöz, ağıllı kuklaya” aşiq olur və bu eşq onu getdikcə zəhərləyir. (“ruhun zəhərlənməsi”) Qazi müharibə sonrası həyatını davam etdirməyə çalışır, sarsıntıları ilə baş etməyə cəhd göstərir. Müharibənin izləri onun ruhundan silinməyib, aldığı travmalarla üzləşməkdə çətinlik çəkir.
Hekayə-essedə “saxta ruh” və “illüziya” anlayışları önəmli yer tutur. Süjet boyunca baş qəhrəman post-müharibə dövründə yaranan şəxsiyyətlərin süniliyini, saxtalığını və yalanla yoğrulmuş həyatlarını açıb göstərir. O, yaşadığı sevgi adlı hissin yalanla qarışdığını və sevdiyi şəxsə qarşı olan duyğularının təbii olmadığının fərqində olur. Onun sevdiyi “qız”ın cismi də, ruhu da saxtadır. Saxta ruh hekayə-essedə metaforikdir, insanın daxili boşluğunu, yalan və süniliyi simvollaşdırır. “Müharibədən sonra... Dünyanın ən çılpaq gerçəklərini üzümə vursa da, həqiqətin əsl mahiyyətini savaşdan sonra iliyimə qədər hiss etmişdim...Savaş həqiqətləri məni bu qədər yandırmasa da, cəbhədən sonra insanların vəhşi ruhundan doğan simalar, saxta ruhlar içimi göynədirdi”.
Baş qəhrəman Tanrının cəzası olaraq gördüyü davranışlarını və emosiyalarını daha dərindən təhlil edir və günahı özündə axtarır. Bu zaman adsız qəhrəman öz ruhunu, duyğularını təhlil edəndə Tanrı ilə olan bağlarını və həyatın mənasını sorğulayır. O, qızı “vampir” adlandırır, bununla da o, daxilindəki qəzəb və nifrət hisslərini ifadə edir. “Vampir” metaforik anlamdadır, həm fərdin, həm də toplumun simvoludur, “qız” başqalarının həyatını və ruhunu alaraq, onların travmalarından və çəkdiyi acılarından “bəslənir”. Eynilə “vampir” kimi. “Axı, nə edə bilərdim? Bütün həqiqətləri bilə-bilə, amma onu sevməyimə baxmayaraq boğub öldürməkmi? Yoxsa özümlə birgə bir qumbaraya qurban etməkmi? Yetər ki, o günahsız insanları, ahlarla , qanla bəslənmiş bu vampir qızdan xilas edim...”.
Süjet boyu irəlilədikcə görürük ki, qazimiz tək deyil, onun “Sarıqlı” adında bir dostu da var. “Hisslərini” ilk onunla bölüşən qazimiz bizi dostu ilə tanış edir. Kimdir Sarıqlı? Qəhrəmanımız onunla müharibədə tanış olub, zabitdir. Onun ləqəbi “Sarıqlı”dır. Bu ləqəbi ona elə qəhrəmanımız verib. Yox, o. yaralı deyildi, yəni sarığı yox idi. (hər halda bədənində) Qazi ancaq ona həmişə “yaralı” gözüylə baxırdı. Zabitin ürəyi, ruhu yaralanmışdı, ruhu sarğılı idi. Bu elə bir yara idi ki, o yara ona müharibədə aldığı travmalarından, acı xatirələrindən yadigar qalmışdı. Daha sonra öyrənirik ki, Sarıqlını sevgilisi “pula dəyişir”. Onun başına gələn bu hadisə düşüncələrini dəyişir, vicdanını yaralayır. Sevdiyi qızın evini yandıran zabit elə bir gün seçir ki, sevdiyi qız evdə olmasın, yəni zabit qızı hər gün “öldürür”. “Onun sağ qalaraq itirmək əzabını artıqlaması ilə yaşaması üçün. Ömür boyu kədər içində qıvrılsın deyə... Vicdan əzabı gözlərinin dərinliyində, qisas həzzinin böyründə boy göstərirdi”.
Bəs baş qəhrəmanla “təcrübəli, qüruru sındırılmış, sonradan qisas almış” dostu Sarıqlı sevgilərini necə yaşayır? Bu iki “aşiq” arasındakı fərq nədir? Qazi üçün sevgi özünü tapmaqdır. Qazidən fərqli olaraq, Sarıqlıda qisas hissi daha basqındır. Düzdür, hər ikisinin ruhu zədələnib, ancaq Sarıqlı gördüyü xəyanəti hələ də həzm edə, qəbullana bilməyib. Qazi ilə Sarıqlının sevgiləri travmalarla və keçmişin təsiri ilə formalaşıb, heç biri əsl sevgini yaşamayıb.
“Uşaqlıq çətinliyindən başqalarının çətiri altına sığınmaqla yüksələn bu varlıq” əslində, həm də “yoxluq”dur, mənəvi olaraq yoxdur, “büründüyü mənəviyyat ədəbiyyatı”, “saxta barmaqları ilə pianinoda ifa etdiyi bəstələr” onun köməyinə çatmır, çünki əsl sənət və real duyğular onu ifşa edir. Burada post-müharibə dövründə yaranmış saxta dəyərlər və həmin dəyərlərlə yaşayan bütöv bir toplum və ya düşüncə tərzi əks olunur. Sənətə xəyanət Tanrıya xəyanətdir. “Sanki Tanrı belə ona həsr edilmiş şeirə görə məni istedada xəyanətdə suçlayırdı”.
Emin Piri hekayə-essesində cəmiyyətin riyakarlığını, “xeyriyyəçilik” adı altında edilən manipulyasiyaları, pərdəarxası hadisələri ifşa edir. Onun yaratdığı qəhrəman ürək bulantılarından və baş ağrılarından əziyyət çəkir, bədən yaddaşı başına gələnlərə, gördüklərinə bu cür cavab reaksiyası verir. (psixosomatika) Qəhrəman həyatı yalanlardan və ahlardan ibarət olan bu saxta obrazdan iyrənir. “Məni ona aşiqliyim zəhərləmişdi. Hər dəfə onu görəndə qaytarmağım onun yalan obrazlarından, varlığından, ruhundan iyrənməyimə görəydi.”.
Qəhrəmanın aşiq olduğu “qız” post-müharibə həyatının paradoksal təzahürüdür. “Qız” qazinin daxili boşluğunu doldurmağa çalışır, amma paralel olaraq, onun ruhi vəziyyəti ilə mübarizə aparır. “Qız” çalışır ki, qazi müharibənin onda qoyduğu “izlərin” izinə düşsün. Qəhrəman “qızı” sevir? Əslində, yox, sadəcə daxili boşluğunu doldurmağa, travmaları ilə başa çıxmağa, üzləşməyə çalışır. “Qız” bəlkə də qazinin üzləşmək istəmədiyi qorxularıdır. (“kölgə” arxetipi) O, belə bir “münasibət” quraraq, acı xatirələrini hafizəsindən silmək və acılardan qurtulmaq üçün çabalayır. Bizim fikrimizcə, hekayə-essedəki “qız” cinsiyyət kimliyi deyil, qəhrəmanın uyduruğu, idealizasiya etdiyi “dəyərdir”. Həmin “qadın” qazidə şüuraltı olaraq, travmalarının nəticəsi kimi yaranmış personajdır. Böyük ehtimal baş qəhrəmanımız posttravmatik stress pozuntusundan əziyyət çəkir.
Posttravmatik stress pozuntusundan əziyyət çəkən pasiyentlər ətraf mühitə, topluma adaptasiya olmaqda çətinlik çəkirlər, davamlı təşvişli vəziyyətdə olur, narahatlıq hissi keçirirlər. Bu psixoloji pozuntu ən çox müharibə iştirakçılarında müşahidə olunur. Hadisələri təkrar-təkrar xatırlayıb yaşamaq, xatırladıqca boğulma hissi, keçmişə gedib-gəlmə, tez-tez dəyişən əhval, qorxu, yuxu, yaddaş problemləri, intihar düşüncələri, daxili boşluq hissi, gerçəkliklə yuxunun ayırd edilə bilməməsi, realla irreal aləmin qarışması posttravmatik stress pozuntusunun simptomlarıdır. Qazi də həyatındakı daxili boşluğu beynində uydurduğu “qadınla” doldurur, ona “aşiq olur”. “Bədəni məsum ahlarla yoğrulmuş, damarlarındakı qana şəhidlərin, qazilərin tapdalanmış haqqı hopmuş... zərafətli kübar obrazına girmiş haramzadə, “uzunsaç, qaragöz, ağıllı kuklaya” aşiq olmuşdum...”.
Ölümdən, ermənidən, güllədən bəhs edən qəhrəman “qızın” cəmiyyətdə yaratdığı fəsadları oxucuya hiss etdirir. Onun gəzərkən, “dikdabanlarının altından fışqıran şəhid qanları”, “dəhlizin qana boyanmış sütunlarından yüksələn ahlar” ifadələri metaforik anlamda işlənib, toplumda zəhərlənmiş münasibətlərin, süniliyin və qorxunun simvolikasıdır. Qazi sevdiyi “qızı”ı öz daxili ziddiyyətlərini və keçmişdəki acı təcrübələrini, yaşadığı ağır travmalarını, psixoloji problemləri simvollaşdıran bir varlıq kimi görür. O, yalnız bir insan deyil, müharibədən hələ də “çıxa bilməyən” müharibə veteranının qaranlıq və zəif tərəflərinin simvoludur. Olmaya, bu obraz kişinin ruhundakı “qadındır”? Qəhrəmanımız daxilindəki “qadına”mı aşiq olub? (“anima” arxetipi) Bu cür düşünsək, o zaman qadın-kişi sərhədləri məkansızlaşacaq. Qazi kimi “sevir”? Kimdir o “kübar qız”? Yəni baş qəhrəmanın aşiq olduğu qazinin daxilindəki “qadın” obrazıdırmı? Yoxsa toplumun ümumi tipajıdır? “Məni buna inandıran, daha doğrusu vadar edən başqalarının çətiri altında özünə “uğur hekayəsi” yazan həmin qız oldu”.
“Qadın” saxta dəyərlərin və hisslərin simvoludur. Zahirən gözəl olduğu qədər daxilən çürükdür, “mənəviyyat yoxsuludur”. O, qazinin içindəki mənəvi boşluğu, deformasiyaya uğramış dəyərləri, insanın bu boşluğa qarşı olan ehtirasını təmsil edir. Qazi ona aşiq olsa da, “qızın” özü də əslində qazi üçün bir növ “əngəl yaradan” və “ikrah hissi oyadan” obrazdır.
Qazi psixoloji sarsıntı keçirir, onun müharibə zamanı eşitdiyi ahlar, gördüyü qanlar, şahidi olduğu itkilər yaşadığı travmalarının nəticəsidir. (ruminasiya halı-təkrarlanan, neqativ düşüncələr) Şəhid qanlarının “divarlara sıçraması” və qana boyanmış sütunlardan “ahların yüksəlməsi” müharibənin qalıcı izlərini, qazinin acı və əzabverici təcrübələrini təmsil edir. Fiziki müharibə bitib, amma daxili müharibə hələ də davam edir. “Qız” daxili mübarizənin, travmatik hadisələrlə “yoğrulmuş” hisslərin simvoludur. “Yanından keçərkən haqqı yeyilən körpə, məsum, işçi, yarımcan qazi ahları qulaqlarımı batırırdı.”.
“Qız” həm də qazinin içindəki ağır yükün və onun arzularının simvoludur- keçmişlə barışmaq, keçmişi qəbullanmağın simvolu. (fiziki və mənəvi müharibənin sintezi) O, bir növ qazinin içindəki travmaların və keçmişdə çəkdiyi əzabların, qarşılaşdığı haqsızlıqların personifikasiyasıdır. (şəxsiyyətləşdirmə) “Qızın” varlığı (müharibənin yaratdığı travmalar) qazinin ruhunda dərin izlər buraxıb. Baş qəhrəman “qızı” gözləyir. Paralel olaraq, “qız”dan gizlənir. O, “qızı” unutmaq istəmir, çünki “qız” ona absurd keçən həyatını xatırladır. (Sizif kimi) Qazinin həyatındakı maneələr onun “ölümünə” səbəb olur, hissləri və daxili mübarizəsi onu “öldürür”. Onun ölümü həm fiziki, həm də mənəvi ölümdür. Qazinin həyatı da, ruhu da parçalanır, şüşə kimi qırıq-qırıq olur.“Onun maşınının təkərləri altında qabırğalarımın xırçıldadığını qulaqlarımla eşidirəm. Ağzımdan gələn qan maşın təkərləri altında son nəfəsimi almağa mane olur. Mən isə hələ də bədəni məsum körpə ahları ilə yoğrulmuş, damarlarındakı qana şəhidlərin, qazilərin tapdalanmış haqqı hopmuş, nəfəsi haqqı yeyilmiş... “uzunsaç, qaragöz, ağıllı kuklaya” aşiq idim...”.
Müharibə cəbhədə başlayır, ancaq cəbhədə bitmir, qazinin şəxsi həyatında, daxili dünyasında dərin və sağalmaz izlər buraxır. Qazi müharibədən sonra da həyatı ilə “vuruşur”, cəbhəsi də “ürəyidir”. Post-müharibə dövründə insanın hissi və mənəvi çöküşü, şəxsi həyatında yaşadığı sarsıntılar və cəmiyyətin qazi üzərindəki təsirləri hekayə-essedə əsas diqqət mərkəzindədir. Hekayə-essedəki “eşq” saxta və irreal bir duyğu kimi təsvir olunur. Onun aşiq olduğu “qız” mənəvi boşluğun və saxtakarlığın içində boğulmuş bir cəmiyyətin əksidir. Həmin “qız” post-müharibə dövrününü yaratdığı toplumun deformasiyasıdır, cəmiyyətdəki saxtakarlığın, riyakarlığın və ikiüzlü insanların rəmzidir. Kübarlığın arxasında böyük bir mənəvi boşluq gizlənir. Baş qəhrəmanın aşiq olduğu “kübar” obrazı bir illüziyadır. O isə hələ də gerçəkliyi qəbul etmək istəmir, hisslərinə uduzur.
Müasir dövr ədəbiyyatımızın görkəmli nümayəndəsi Emin Pirinin “Müharibə sonrası eşq” adlı hekayə-essesi bizim fikrimizcə, postmodernizm cərəyanında yazılıb. Post-müharibə dövrünün mühitini təsvir edən müəllif hekayə-essedə cəmiyyətin çürüməsi, insan ruhunun dehumanizasiyası (insanlığın inkarı) və sosial problemlərlə üzləşən personajların daxili mübarizəsini simvollarla və xırda detallarla təsvir edir. Əsərdə postmodernizmə cərəyanının bir sıra xüsusiyyətləri var: ironiya, (zadəgan “kübar” obrazı, “qlamur” alqışlar, “xeyriyyəçi ailə” və s.) həqiqətlə yalanın, reallıqla illüziyanın pozulmuş sərhədləri, çarpaz duyğular, zaman keçidləri, sünilik və simulyasiya, ənənəvi strukturların dağıdılması.
“Müharibə sonrası eşq” hekayə-essesinin adı simvolikdir. Hekayə-esse bizə insan ruhunun müharibədən sonrakı dönəmdə bərpa olmağa çalışması və bunun nə qədər çətin və ağrılı proses olmasını qəhrəmanın daxili monoloqları ilə çatdırır. Hadisələr birinci şəxsin dilindən verilir, məkan dəqiq göstərilmir, hadisələr post-müharibə dövründə cərəyan edir, ancaq obrazın keçmişi və yaşadığı travmalar birbaşa cəbhə ilə bağlıdır, konkret döyüş səhnələrinə rast gəlmirik. O, oxucu ilə öz hisslərini bölüşür, yaşadıqlarını xatirə kimi nəql edərək, başına gələnlərə yeni məna yükləməyə, dəyər qatmağa çalışır, öz hisslərini anlamağa çalışır, oxucunun onunla empatiya qurmasını istəyir. O, həm etiraf, həm də ittiham edir. Hekayə-essedə baş verən hadisələr müxtəlif zaman kəsimlərinə aid xatirələr və düşüncələrdir, qəhrəman təcrübələrini yenidən qiymətləndirir. Əsəri oxuduqca zamanı hiss edirik, ancaq xronoloji ardıcıllıq burada pozulub, keçmişlə indiki zaman bir-birinə qarışıb, keçmişdə yaşanılanlar bugün dəyərləndirilir, zaman keçidlərini hiss edirik. Bədii mətndə vahid süjet xətti yoxdur, xatirələr, hisslər, fikirlər mətnə hakim kəsilib, sanki süjetdə fikirlər parçalanıb.
Qazi cismən müharibədən sağ çıxıb, ancaq daxilən başqa bir müharibənin içindədir, sevgi ilə xəyanət onun qəlbində savaşır. Müharibədən sağ çıxan, “ayaqları minadan xilas olan” qəhrəmanın qəlbi və ruhu necə? Bədəni kimi sağdırmı?!
2. Qazi ilə şəhid arasında sınanmış ruhlar: metafizik və introspektiv müharibə
Qəhrəman şairimiz Emin Pirinin “O”na məktub” şeiri (2022) diqqətimizi çəkən şeirlərdən biridir. Şeirdə müharibənin insan psixikasına vurduğu zərbələr, müharibənin absurdluğu, həyat-ölüm konflikti, ölümlə həyat arasında gedib-gələn insanların faciəli taleyi əks olunub. Şeir məktub formasında yazılır, daxili monoloq təsiri bağışlayır. Şeirdən əsgər ruhundan qopmuş fəryadın avazı gəlir. Kədərli notlarla bəstələnmiş musiqinin səsi duyulur. Şeirin lirik qəhrəmanı həm fiziki, həm mənəvi ağrıları ilə mübarizə aparan müharibə iştirakçısıdır, qazidir. O yalnız düşmənlə deyil, vicdanı, hissləri ilə də mübarizə aparır, müharibənin izlərini ruhunda və yaddaşında daşıyır.
“O”na məktub” şeiri “Torpaq adam”a müraciətlə başlayır. (Simvolik-metaforik) Niyə torpaq? İnsan torpaqdan yaranıb, yenidən torpağa qayıdacaq. Ölümlə bərabər yaşayır insan. Torpaq uğrunda vuruşur, torpağa qarışır. Hər an tətikdə olan, ölümü gözləyən əsgərin də bədəninin yarısı torpağa qarışıb. Yəni sanki əsgər həm qazi, həm də şəhiddir. Bir tərəfi şəhid, bir tərəfi qazi. Qazinin yarısı şəhiddir, cismi qazidir, ruhu şəhiddir. (Qazinin ruhu şəhid olub) Ona görə onlara “canlı şəhid” deyirik. (ekzistensial parçalanma) Bir saniyə əvvəl sağ olan əsgər bir saniyə sonra həyatda olmur. Əsgər torpaqla qovuşur, torpaqda özünü “əridir”, torpağın “elementinə” çevrilir. Torpaq kimlikdir, yaddaşdır, öz kökümüzə bağlılıqdır. Qazi şəhidin bir hissəsini özündə daşıyır, həyatla ölümün ortasında ruhu kəsişir, ürəyi döyünür. Müharibə içində olan insan artıq torpağa qarışmış, fərdiliyini itirmiş varlıqdır, hissədir. “Burda həyat gözlərinin rəngi kimi tez dəyişir” deyən şair insanın müvəqqəti və ölümə yaxın olduğuna işarə edir. (ekzistensial məhkumluq) Şeirdə gözlərin qəhvəyi və ya qara rənglə təsvir olunması simvolikdir. Qəhvəyi rəng torpağın, qara rəng isə ölümün simvoludur. Şeirdə “qəhvəyi və qara rəng” yaşamla ölümün bir nöqtədə birləşdiyi metaforadır, yaşamla ölüm arasında silinən sərhəddir. (ekzistensial böhran)
Müharibə bir səhnə, tamaşadır, “estetik ölüm”dür, insan isə marionet kukladır. (“müharibə marioneti”) Həyatla ölüm imitasiya olunur, insanlar real məqsəd uğrunda yox, “hədəf taxtası” kimi istifadə olunmaq üçün müharibəyə atılırlar, şəxsiyyət olmaqdan çıxıb obyektə çevrilirlər. (“robotlaşan subyekt”) Lirik qəhrəman həyatında məna axtarır, Sartr və Kamünun qəhrəmanları kimi. Müharibəni absurd hesab edən lirik qəhrəman düşünür ki, insanlar yaşamaq üçün deyil, ölmək üçün döyüşürlər. Əsgər övladı üçün yaşamaq istəyir, müharibə isə onu arzularından məhrum edir. Müharibədə atılan güllələr ancaq bədənləri parçalamır, həm də ruhları parçalayır. Müharibə insanda kollektiv günahkarlıq hissi yaradır (“utandım, utandıq”)
“Bir əsgərim var. Su gətirəndə pulemyot gülləsi öpdü dizini” (“tanatoloji zəriflik”) deyən şair döyüş yoldaşı ilə empatiya qurur, onun yarasını öz bədənində hiss edir. (“İndi onu görəndə dizlərim ağrayır”) Müəllif hələ də müharibənin içində qalıb. Nə müharibə onun içindən çıxa bilir, nə də o, müharibənin. (ekzistensial müharibə)
“Bəlkə bura Füzuli deyil, Kərbəladır, xəbərimiz yox?!” misrası özündə bir çox simvollar gizlədir. Bizim fikrimizcə, bu misra Kərbəla hadisəsinə (“Aşura günü”) göndərmədir. Bu döyüşdə İmam Hüseyn və ailə üzvləri faciəli şəkildə qətlə yetirilir. “Axı, biz su istəmişdik” misrası bu ehtimalı daha çox gücləndirir. Burada müharibə dini kontektsə dəyərləndirilir. Füzuli rayonu müharibənin ən qızğın döyüşlərinin getdiyi və strateji baxımdan ən əhəmiyyətli bölgələrdən biridir. Burada Füzuli rayonu ilə Kərbəla şəhərinin ortaq taleyi bölüşdürməsinə işarə edilir. Hər iki torpaq qana bulaşıb, viran olub. Hər iki məkan eyni taleyi yaşayıb, nə qədər şəhid verib. (şəhidliyin simvolu) Adı da həmin rayona verilmiş Məhəmməd Füzuli “Kərbəla hadisəsini” poeziyasında yaşadıb. Emin Piri də bizə deyir ki, biz də o “hadisənin” , “taleyin” içindəyik:
Gördüm;
“İki balam var,
Ölmək istəmirəm,
Ölmək istəmərəm” – deyən əsgəri.
Gördüm gözlərində
hələ doğulmamış
körpəsinin ürək çırpıntılarını.
Utandım,
Utandıq.
Bir əsgərim var.
Su gətirəndə
pulemyot gülləsi öpdü dizini.
İndi onu görəndə dizlərim ağrayır.
Susuzluğumuz yatmadı
mayorumuzun ürəyində sərinlədi
İstidən ürəyi sıxılan bir düşmən mərmisi.
Axı, biz su istəmişdik,
qan yox.
Bəlkə bura Füzuli deyil,
Kərbəladır, xəbərimiz yox?!
Müharibədə günahsız qanlar axır, tək əsgər deyil, ana ürəyi də zərbə alır, analar ruhən ölürlər. (“metaforik şəhid”) Cəbhədə ayaqlarını, gözlərini, canlarını itirən oğullar analarda təcəssüm edir, (“travmatik empatiya”) itirilən əzalar, yaralanan bədənlər başdaşına dönən anaların ruhunda dərin izlər qoyub. Analar oğullarının aldığı zərbələri ruhlarında daşıyır. (psixoloji proyeksiya) Ana övladını itirir, psixoloji olaraq “ölür”. O, birbaşa döyüşlərdə iştirak etməsə də, o da əslində düşmənlə “vuruşur”, silahı da “dualarıdır”. “Vuruşur” və “şəhid olur”. Niyə ana? Çünki hamının dərdini çəkən, yükünü daşıyan varlıqdır ana. Ayağını itirən əsgərdir, ağrını hiss edən ana. Müharibə yalnız döyüş meydanına deyil, həm də insanların ruhunda gedir. İnsanın ruhu da, ürəyi də cəbhədir. (“metafizik cəbhə”)
Şeirdə işlənən metaforalar şeirə bədii rəng qatır. Məsələn, “mərmilərin kimisə sığallaması”, (“romantik ölüm” və ya “ölümün cazibəsi”) “mərmilərlə toqquşan dualar”, (“dua-silah metaforası” və ya “mənəvi müharibə”) “pulemyot gülləsinin dizini öpdüyü əsgər”, (“tanatoloji öpüş”) “istidən ürəyi sıxılıb mayormuzun ürəyində sərinləyən bir düşmən mərmisi”, (“ironik və ya paradoksal ölüm”) “havada rəqs edən güllələr” (“tanatoloji rəqs”) və s.
Şeirdə müharibənin içində olan qazinin duyğularını necə yaşamasını, sevginin hələ də ölməməsi ifadə olunur. Görmədiyin, toxunmadığın, qoxusunu içinə çəkmədiyin torpaqlarda savaşmaq və ruhunu, canını fəda etmək. Əsl sevgi bu deyilmi?!
Oğullar döyüşür...
Analar yaralanır,
analar şəhid olur.
O oğlanın cəbhədə itən ayaqlarını görərsən
ağsayan o anada.
Gözlərini itirən zabitin gözlərini görərsən
göz yaşı quruyan o ananın yanaqlarında.
O şəhidi görərsən
oğlunun məzarında başdaşına dönən anada.
Bilirəm, heç inanmırsan
görmədən, bilmədən
şəkillərdən sənə aşiq olduğuma.
Bilirsən, heç bu torpaqları da görməmişdim...
“O”na məktub” şeirinin cövhərində ölənlər, yaşayanlar, bir də yaşayan, ancaq ölü kimi hiss edən insanlar var. Həmin insanlar şeirin ruhuna hopub. Şəhidin cismi ölür, nəşi torpağa qarışır, xatirəsi qalır. Qazi həyatdadır, ruhu isə keçmişdə qalıb, hələ də müharibənin təsirindədir, tam bərpa baş verməyib. Emin Pirinin bu şeiri bizə Mehmet Akif Ersoyun “İstiqlal marşı”ndakı bir misrasını xatırladır:
“Bastığın yerleri “toprak” diyerek geçme, tanı,
Düşün altındaki binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır atanı,
Verme, dünyaları alsan da bu cennet vatanı”.
Görəsən, Emin Pirinin xitab etdiyi “O” kimdir? Gəlin ehtimallarla tanış olaq.
- Artıq həyatda olmayan şəhid. Şair şəhidlə ruhani-psixoloji kontakta girib özünü onun yerinə qoyaraq, onun ruhu ilə mi hesablaşır? (posttravmatik stress pozuntusunun nəticəsində yaranmış münasibət)
- Ruhu da cismi kimi yaralı olan silahdaşı. Şair onunla travmalarını bölüşür. (“kollektiv travma”)
- Müharibə. Müharibə insana çevrilmiş metaforik obrazdır və şair onunla hesablaşır. (“ekzistensial müharibə”)
- Vətən. Uğrunda həyatını qurban verdiyi Vətənlə sevgisini, acılarını, travmalarını, itkilərini paylaşır. Burada söhbət hansı “Vətən”dən gedir? Coğrafi? Tarixi? Mənəvi? İdeoloji? İtirilmiş? Metafizik? Simvolik?
- İtirilmiş nəsil. Burada Müharibəni yaratdığı təsirin gücü ifadə olunur. (“genetik itki”)
- Tanrı. Şair Tanrı ilə müharibəni absurdluğu, həyatın mənası barədə söhbətləşir. (“metafizik dialoq”)
- Şairin özü. Şair öz keçmişi və vicdanı ilə mi hesablaşır? (introspektiv dialoq)
Bizim fikrimizcə, sonuncu ehtimal daha güclüdür. Qazi şair “mən”ini sorğulayır. Müharibə iştirakçısının yaşadığı travmalar və itkilərin sorğulanması şeirin ana xəttini təşkil edir. O, sağ qaldığı üçün sanki özünü günahkar hiss edir. Qazi yaşadıqlarını həm dərk etməyə, həm də həzm etməyə, mənalandırmağa çalışır. Qazi daha çox “cəbhədə savaşan qazi Emin Piri” yə məktub yazır.
3. Müharibənin fizioloji və psixoloji aspektləri: Qarabağ qazisinin ruhani azadlığı və Vətənləşən bədəni
Emin Pirinin “Sən azadsan!” (Savaş qazisinin dilindən) şeirinin (2021) qəhrəmanı da müharibə veteranıdır. Qazi döyüşlərdə iştirak edib və yaşadığı azadlıq hisslərini təbii dillə ifadə etməyə çalışır. Şeirdə qazi üçün azadlıq torpaqların azad olunması ilə məhdudlaşmır, azadlıq həm də psixoloji və ruhi mənalarda nəzərdə tutulur. Qarabağ torpağına müraciət edən qazi insanla torpağın arasındakı bağlılığı, torpaqsız yaşamağın mümkünsüzlüyünü qəbul edir. “Ayaqların cığırlara yalvarması”, (tale yolu) “torpağın bətnində gizlətdiyi minalar” (anadan fərqli olaraq, bətnində həyat yox, ölüm gizlədilib) kimi metaforik ifadələr şeirin təsir gücünü qüvvətləndirir. “Gözlərimdə 44 gecənin yuxusuzluğu” deyən lirik qəhrəman posttravmatik stress pozuntusundan əziyyət çəkir. O, şeirdə anasına da müraciət edir, arxa cəbhə ilə ön cəbhə arasında psixoloji körpü yaratmağa çalışır. (Vətənləşən qazi) Vətən uğrunda mübarizə, qanla qazanılmış azadlığın dəyəri, müharibənin şəxsi həyata gətirdiyi faciələr, torpağın həm fiziki, həm də mənəvi bir varlıq kimi qəbul edilməsi məsələləri şeirdə diqqət mərkəzindədir. “Sən azadsan!” şüarı, ruhu şeirə hakim kəsilib. Azadlıq şeirdə müxtəlif mənalarda simvollaşdırılır: torpaqların işğaldan azad edilməsi, qələbə çalan qazilərin daxili azadlığı, şəhidlərin qanı bahasına əldə edilmiş azadlıq, Qarabağ qazisinin psixoloji fotolarındakı azadlıq, Azərbaycan xalqının mənəvi azadlığı. Qazi şairimiz Emin Piri şeirdə müharibə iştirakçılarının aldığı zərbələri, azadlığın fəlsəfi-psixoloji tərəflərini, müharibənin yalnız güllələrdən, mərmilərdən ibarət olmadığını və xalqımızın qələbəsini ustalıqla təsvir edir:
Ayaqlarım cığırlara yalvarır;
QARABAĞ,
biz sənin övladınıq,
ilk dəfə gördüyün övladlar.
Uzaq tut ayaqlarımızdan
bətnində gizlətdiyin minaları.
Füzuli, Cəbrayıl, Hadrut cəbhəsi...
Burda ulduzlarla deyil,
hər minamyot mərmisiylə sayırıq
yarım qalan ümidləri,
anaların göz yaşını.
bir döyüşçü sevgilisinin
bətnində ölən arzusunu.
Formamda şəhid qardaşlarımın qanı,
gözlərimdə 44 gecənin yuxusuzluğu,
bir az həyəcan, bir az da
sevinc tərinə qarışan geyimim.
Qarabağ torpağıyla, palçığıyla
büsbütün vətənləşən bədənimiz və
bizi gözləyən Azərbaycan
meydanlarda, ürəklərdə, gözləriylə hayqırır;
Sən azadsan!
Sən azadsan!
(Xocalı, Siqnax. Noyabr 2020)
4. Qurudulmuş xatirələr və qələmsiz yazılan tale: Qazinin ruhunda açan güllər və travmaların semiotikası
“İtirilmiş əllər” şeirində (2014) müharibənin yaratdığı fəsadlar, həsrət, ağır və dözülməz itkilərdən bəhs olunur. Lirik qəhrəman sevgilisinin itirdiyi əlləri (fiziki-mənəvi itki) kədərlə anır. Əvvəllər ona gül verən əllər indi yoxdur, cəbhədə itirilib. Şeirdə əllər, kitablar və gül çiçəkləri simvolikdir. Şeirin lirik qəhrəmanı sevgilisinin əllərini (həyatını, emosional itkilərini) kitabları arasında (keçmişdə yaşanmış xatirələr) qurutduğu gül çiçəklərində (məhv olan gözəlliyin, solan həyatın və itirilmiş zamanın simvolu) axtarır. Yəni sevgili keçmiş həyatı bərpa etməyə çalışır. Cəbhədə yalnız əllər deyil, ürəklər, hisslər döyüşür. Bizim qəhrəmanımız-qazimiz əllərini geri qaytara bilməz, amma həyatı ilə barışa, keçmişdə yaşadığı acı verən xatirələri anlayıb, travmaları ilə üzləşib onları qəbullana bilər, yəni “əllərin” gətirdiyi emosional itkinin öhdəsindən gələ, həyatı ilə barışıb irəliyə baxa bilər. Bunun üçün zamanla bərabər səbr və iradəyə ehtiyacı var. Lirik qəhrəmanımız cəbhədə itirilən əlləri gül çiçəklərində deyil, qazinin “qəlbində” axtarmalıdır. O, itirilmiş əllərin deyil, keçmişin, gül çiçəkləri kimi solub gedən zamanın xiffətini çəkir. Həmin “gül çiçəkləri” də elə qazinin qəlbində və ruhunda gizlənib. Qəlbinizdəki “boy atan gül çiçəklərini” tapmağınız diləyi ilə, əziz qəhrəmanlarımız, sizi sevirik:
Görüşəndə
Sevgilisinin əlində
gözü axtarardı
ona veriləcək gülləri.
İndi
kitabları arasında qurutduğu
Gül ləçəklərində axtarır
Sevgilisinin cəbhədə itirdiyi əlləri.
5. Müharibənin semantikası: Şəhid olmayanların şəhadəti və qanla yazılmış lirikalar
Emin Pirinin “Sağ qalan varmı?!” şeirində (2014) müharibənin insan həyatına vurduğu zərbələr, yaşam-ölüm keçidi arasında qalan insanların faciəli taleyi təsvir olunur. Müharibədə yalnız əsgərlər deyil, onların yaxınları-arxa cəbhə də döyüşür və yalnız əsgərlər deyil, onların yaxınları-arxa cəbhə də yaralanır. Müharibənin cəbhədə öldürmədiyi insanların da ruhları zədələnir, onlar da ağır travmalar alır. Müharibə şəhid və qazi yaxınlarının arzularını, sevgilərini də öldürür. Ruhlar yalnız məzarlıqda yatan cansız cəsədlərdən ibarət deyil. Bədəni dəfn olunmayan nə qədər kəfənsiz, duasız “ruhlar” (arxa cəbhənin qəhrəmanları) var aramızda. Bizimlə eyni coğrafiyada yaşayan, arzuları itkiləri ilə birlikdə dəfn olunan, kəfənsiz, duasız “ruhlar”. (psixoloji ölümün ədəbiyyatda təzahürü)
“Sağ qalan varmı?!” şeiri müharibənin soyuq, qəddar üzünü bizə açıb göstərir. Güllə (ölümün simvolu) fevral şaxtasından (ölümün qəddar və soyuq üzü) “üşüyür” və “isinmək” istəyir, onu ancaq əsgər sinəsi “isidə” bilər, müharibə adlı “canavar” qoxulaya-qoxulaya ancaq əsgər “axtarır”, qidası “əsgər bədənidir”. Şeirdə yalnız “güllə” deyil, səngərə məktub yazan qız da üşüyür, ancaq qızın üşüməsindəki fəlsəfə fərqlidir. O, mənəvi-psixoloji olaraq, “üşüyür”. Üşüyən ruhudur. Ürəyi bəlkə də şaxtadan “donub”, güclə döyünür, hissləri buz kimidir, heç isti əllər də onun ruhunu isitməz. Şeirdə fiziki ölümlə (“hər əsgər tabutu bir ağ gəlinliklə köçər”) bərabər psixoloji ölüm (“kimsə sağdı?!”) də təsvir olunur. Tağım komandiri səngərdən boğuq səslə əsgərlərin sağ olub-olmadığını yoxlayır. (müharibənin bədii refleksiyası) Fiziki olaraq sağ qalan əsgərlər psixoloji olaraq, ölürlər. Ruhən məhv olurlar. Ölümün yalnız fiziki, kliniki növləri yoxdur. Psixoloji ölüm də var və qazi şairimiz şeirdə bu ölümün fəlsəfəsini izah edib:
Əsgər sinəsi axtarır
isinməyə
fevral şaxtasından
üşüyən güllə.
tağım komandirinin
səngərdən qıvrıla-qıvrıla
boğuq səsi gəlir:
kimsə sağdı?!
Nəticə
Post-müharibə ədəbiyyatında müharibə yalnız cəbhədə deyil, insanın ruhunda da gedir. Qazi şair Emin Pirinin yaradıcılığında müharibənin yalnız fiziki deyil, ruhsal travmalar gətirməsi vurğulanır. Onun hekayə və şeirlərində süni pafosdan uzaq real müharibə səhnələri, cəmiyyətdə gedən bərpa prosesi və arxa cəbhənin müharibədən sonrakı vəziyyəti təsvir olunur. Emin Pirinin yaradıcılığı müharibənin ədəbiyyata bədii refleksiyasıdır.
Məqalədə tədqiq olunan problem yalnız elmi məna kəsb etmir, həm də şəxsi məna daşıyır. Dayım Mahir Allahquliyev Birinci Qarabağ müharibəsində şəhid olub, digər dayım Mahmud Allahquliyev Birinci Qarabağ müharibə veteranıdır. Müharibənin yaratdığı travmaların ailələrdə buraxdığı izi anlamaq mənim üçün çox da çətin deyil. Şəhidlərin geridə buraxdığı izləri, qazilərin sükutunu, yaralı ruhların naləsini, müharibənin vurduğu zərbələri ifadə edən hər cümləm, hər fikrim mənim üçün həm elmi, həm də subyektiv əhəmiyyət daşıyır. Bu iki paralel tale mənə müharibənin necə yaşandığını, nələr yaşatdığını hər zaman xatırladır. Şəhid danışır, ancaq eşidən yoxdur, qazi susur, ancaq səsi duyulur. Emin Pirinin yaradıcılığı kimi mənim də ruhumun yaddaşında daşıdığım bu həyat hekayələri post-müharibə ədəbiyyatının canlı nümunəsidir. Bir misra, bir cümlə, bir baxış müharibəni danışdırmağa kifayət edir, ən acı fəryadlar məhz sükutun arxasında gizlənir...
Qazi şair Emin Piri qələminin yaratdığı bədii ədəbiyyat nümunələrində yalnız müharibənin acı təcrübələri deyil, eyni zamanda onun gətirdiyi sosial-psixoloji travmaların ifadəsi də təsirli və mükəmməl bir şəkildə əks olunur. O, şeirlərində və hekayələrində ürəyində daşıdığı müharibənin ağırlığını və cəmiyyətin müharibədən sonrakı psixoloji vəziyyətini çəkinmədən bədii dillə ifadə edir.
