MİNNƏTDARLIQ

HÜQUQ 16:15 / 02.04.2024 Baxış sayı: 1801

 

Yaradana qutsal varlıq kimi səcdə edib başımız üstə tutmuşuq həmişə. İnsanların yaşamında önəmli rolu olan həkimləri  isə, ikinci yaradan hesab etmişəm. Doğrudan da bu, belədir. İnsan doğulduğu gündən ayaqda qalmasında həkimlərin bilik və bacarığı, zəhməti misilsizdir. Bu günlərdə Ailə üzvülərimizin birinin sağlamlığında yaranmış ciddi problem səbəbindən çox narahat idik. Təxirəsalınmaz tədbirlərlə xəstəmiz Ə.D.Məlikov ad. Tibb Mərkəzinə yerləşdirildi. Bütün müayinə prosedurlarını keçdikdən 3 gün sonra əməliyyata alınan xəstəmiz sağ-salamat həyata döndü. İlk gündən xəstəmizin durumunu nəzarətə götürən Mərkəzin həkimləri, başda Pərviz həkim olmaqla, Zeynəb həkim, Ramiz həkim, Aygün həkimin professinallığı və insani prinsiplərinin şahidi olduq. Əməliyyatdan sonra ödəniş etmək üçün kimə müraciət etdiksə, əməliyyat və digər müayinə prosedurlarının sığorta hesabına olunduğunu bildirərək bundan qəti şəkildə imtina etdilər. Azərbaycanda səhiyyə ilə bağlı bəzən aşırı tənqidlərə, yersiz iradlara çox rast gəlirik. Biz çox vaxt yaxşıların, yaxşılıqların yanından səssiz-səmirsiz keçir, hardasa qüsur axtarmağa çalışırıq. İnanın, bugün sağlamlığımız da, insanlıq da, insani dəyərlər də belə həkimlərin hesabına ayaqdadır. Bu yazını yazmağıma səbəb isə, yuxarıda adlarını qeyd etdiyim həkimlərə əlimdən gələn səmimi minnətdarlıq hissidir. Var olun, yaşayın, həkimlər! Yaşayın ki, bizi də yaşadasınız!

İLQAR TÜRKOĞLU

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident fondunun təqaüdçüsü.