MEHDİ CALAL - Qaçan da, qovan da, Səni çağırı
***
Qaçan da, qovan da, Səni çağırır;
Dünyada hamının əli göydədi.
Qaçanın halını bilənlər bilir,
Mənim qovana da qəlbim göynədi.
Yoxdan yaratdığın bu dünya ki var,
Hər gün şirin-şirin aldadar bizi.
Çətin, göz doymayan bu sərvət, bu var
Sirat körpüsündən adladar bizi.
Əta eylədiyin sınaqdı ömür,
Ruhu da, canı da Özün vermisən.
Qəlbimiz deyəni nəfsimiz demir,
Dözənə dağ boyda dözüm vermisən.
Qovur; qovan yazıq, qovulan yazıq,
Qaçır ixtiyarsız dünyada insan.
Bir ayaq saxlayıb barı, azcıq
Düşünmür son nədi? - son qəbiristan!
Allah, özün qoru bəd əməllərdən,
Bizi Yolçu eylə, bizi Yol eylə!
Könlümüz istəyən, əlimiz yetən
Əbədi Sevginlə əhli - hal eylə!