Ay Bəniz Əliyar - Hər şey gerçək idi axı bir zaman
Hər şey gerçək idi axı bir zaman,
Həsrət gerçək idi, eşq gerçək idi.
Bir vaxt gerçək idi, çox gerçək idi,
İndi bildiyimiz yalan nə varsa.
Nə bilim, bəlkə də mən yanılıram,
Əsl yalan idi qalan nə varsa?
Bəlkə yalan idi sənin olmayan,
Uzaq birisindən getmək qorxusu,
Onundu, sandığın, boz küləklərin
Sənə gətirdiyi ətri, qoxusu?!
(Onu arzulamaq, onu istəmək
Əlçatmaz olsa da suç deyil idi.
Gözünün bəbəyi bildiyin xəyal,
Canının ağrısı bildiyin ümid,
Yalan deyil idi, puç deyil idi.)
Sanki inam vardı, sevirsə getməz,
Qırmaz sevilənlər onu sevəni.
Sanki inanırdın, sevgilər bitməz,
Ən gözəl cümləydi "sevirəm səni".
Ən ali fərmandı bir isti baxış,
Əhdə dəyər idi, anda bərabər.
Bir həzin musiqi, incə toxunuş
Təsir gücündəydi onda nə qədər.
Hər şey gerçək idi axı bir zaman,
Həsrət gerçək idi, eşq gerçək idi.
Necə adiləşdi gerçəklərimiz,
Hələ qarşıdadır görcəklərimiz.