Ayaz Arabaçı - Mən də belə dəliyəm..
Mən də belə dəliyəm..
Həm də qanadları olan dəli.
Çiyinlərimdə iki vətən var.
İllər çantalarını mənim kürəyimə
yükləyib.
Hansı birini deyim,
Təbrizin dolanbac yolları,
Babəkin yiyəsiz qolları..
Yaralı Xudafərin, gündən-günə geri çəkilən
Xəzər. .
Hamısı ürəyimin içində eyni anda danışır.
Və mən...
heç birini susdura bilmirəm.
Dağüstü parkdan
dalğalanıb gedən bayrağa baxıram.
Şəhidlərin nəfəsi toxunur o ipək parçaya..
Hər dalğalanışında
bir ana şəhid oğlunun adını pıçıldayır.
Deyirlər,
Vətən torpaqdır.
Yox...
Vətən bir əsgərin kəsilmiş ayağının
vitrində qalan ayaqqabısının o bir tayıdır.
Vətən axşam evə dönməyənlərin qapıda
qalan ayaq səsləridir.
Vətəni
xəritədə tapmağa nə var,
oğul odu ürəyində tapsın.
Keçən il Xankəndindən keçib
Cəbrayıla gəlmişdim.
Ordan Arazın sahilinə endim.
Çaylar adamlar kimi deyil.
Onlar keçmişimizi üzümüzə vurmurlar.
Yağışdan sonra islanan
kənd yolu kimiydi
Araz.
Hər tərəf Şəhriyar qoxuyurdu.
Suların nəğməsində balıqlar oxuyurdu.
Mən ən böyük sarayları içimdə tikdim.
Ürəyimin ən böyük otağını
Azərbaycan adlı bir dilbərə verdim
Və o sevgi
heç vaxt köhnəlmədi.
Köhnəlməyə qoymadım.
Hər cür ağrılarına rəğmən
onu sevməkdən doymadım.
Bir gün
mən də gedəcəyəm.
Hər kəs kimi.
Bəlkə heç xatırlayan da olmayacaq.
Əgər bir gün mənim haqqımda soruşsalar,
deyin ki,bir adam vardı...
Vətəni sevirdi nsanları sevirdi.
Sözə inanırdı.
Və inanırdı ki,
bir yaxşı misra bir ömürdən uzun yaşayır.