Lilpar Cəmşidqızı - QƏZƏL
Bu həyatın yükü bir gün məni güldürmədi, Yar,
Nə qədər zülmə düçar eylədi, öldürmədi Yar.
Budağımdan tökülüb, yarpağım ormanda qalıb,
Necə sındırdı fələk, heç mənə bildirmədi Yar.
Tikan üstündə qalan bülbülə gün doğmadı heç,
Onu gülşəndə görüb bir dənə gül vermədi Yar.
Dağılan zülfümə bir şanə toxunmur nə üçün?
Çəkilib xanəmə hərdən qoşa tel hörmədi yar.
Yaşadım ömrümü vicdanı təmiz bəndə kimi,
Qorudum nəfsimi, cüzdanıma əl girmədi, Yar.
Xəzəl olduqca xəyalım yenidən pöhrələdim,
Çoxalan arzu, ümidim məni soldurmadı, Yar.
Bu fəna dəhrdə, Lilpar, nə görübsən hələ sən?
Tükənən səbrini hərdən niyə doldurmadı Yar?