İSMAYIL SƏLİMOĞLU : -ŞEİRLƏ DİL AÇDI ÜRƏKLƏRİMİZ...

Bu gün (15.02.2025) növbəti dəfə AYB-nin Mingəçevir bölməsində şölə saçan söz ocağının dövrəsində cəmləşən kimi, ürəklərimiz misra-misra dil açdı.
Əvvəlcə bölmə rəhbəri İsmayıl İmanzadə xöş üzlə qarşıladığı yazar həmkarlarını salamlayıb, növbəti həftələrdə görülməsi nəzərdə tutulan önəmli tədbirləri sadalayıb, həmkarlarına yönəlik xeyir-dualarını dilə gətirdi.
Uzun illərdən bəri davamlı olan ənənəyə sadiq qalmaqla soldan-sağa doğru (saatı əqrəbi istiqamətində) əyləşənlərə növbəylə söz verildi. İlk olaraq bu istiqamətdə əyləşən və bölgədə istedadlı şair kimi tanınmış Mikayıl Yusif qələmə aldığı iki şeiriylə həmkarlarını duyğulandırdı. Sıra yazarların “ahıl və cahıl dostumuz” adlandırdıqları Ağabala Salahlıya çatanda, o qəddini düzəldərək, “narahat olmayın, qocalsam da, hələ yüz cavana dəyərəm”-deyərək, həmişə olduğu kimi yenə də oxuduğu bir şeiriylə hamını məmnun elədi.
Ötən ilin sonlarında AYB-yə üzv qəbul edilən şair-hüquqşünas Bəhman Gülövşəli qələm dostlarının təbriklərinə oxuduğu iki poetik cizgili şeiriylə cavab verdi.
Tanınmış şair, AYB-nin üzvü, Namiq Zaman ata yurdu Laçına gedişiylə bağlı sevincini dilinə gətirəndən sonra üç yığcam-lakonik şeiriylə peşəkar qələm sahibi olduğunu bir daha nümayiş etdirdi. Son bir ildən bəri bölməyə gəlişiylə söz məclisinə unudulmaz anlar bəxş edən Əhməd Əfsun söylədiyi şeiriylə hamını bir daha əfsunladı.
Adətən özünü “həvəskar şair” adlandıran Mahir Musa dilində səsləndirdiyi yeni bir şeiriylə yurdumuzun xoş gələcəyinə bəslənən ümidləri misra-misra közərtdi. Adətən satirik şeirləriylə zəmanəni “qamçılayan” şair Eldəniz Cəfəroğlunun qiraətində səslənən şeirləri bu dəfə də təsirsiz ötüşmədi.
Sıra gənc yazarlara çatanda əvvəlcə son illərdə Mingəçevir və Gəncə Dövlət Teatrlarında nümayiş etdirilən səhnə əsərləriylə tamaşaçıları, qələmə aldığı şeirləriylə də oxucuları məftun etməyi bacaran AYB-nin üzvü Elçin Məhərrəmlinin şeirləri bir daha hamını razı saldı. Son dövrlərdə həm xarici, həm də ölkə mətbuatında yazdığı poetik tutumlu şeirləriylə oxucuları məftun edən gənc şair, AYB-nin üzvü Nicat Hunalpın poetik duyğular üstə köklənmiş çıxışı söz məclisinin hərarətini biraz da çoxaltdı.
Gənc nasir Şamil Həsənin təzəcə yazdığı hekayəsindən bir parçanı oxusa da, ona yönəlik ümidləri doğrultmağa qadir olduğunu bir daha isbatladı.
Bu yaxınlarda dünyasını dəyişən atasının (Allah rəhmət eləsin!) ruhuna xitabən yazdığı şeirlə söz məclisini sükuta qərq edən Şuşa əsilli gənc şair Bəxtiyar Qarabağlını çıxışı da yaddaqalan oldu.
Növbə əvvəldən axıra kimi ayrı-ayrı məqamları ”Soni”nin (foto-aparatın) yaddaşına köçürən şair-publisist Məmməd Mərziliyə çatanda, bölmə rəhbəri təbəssümlə dedi: “Dost, görürsənmi, adam önəmli bir missiyanı öhdəsinə götürəndə, ona söz demək məqamı lap sonda çatır. Ancaq narahat olma, özümün növbəsi, səndən də axırda çatasıdır..!”
İki saata yaxın zaman kəsimində davamlı olaraq hamıya unudulmaz anlar bəxş edən söz məclisini bölmə rəhbəri aşağıdakı iki misra ilə tamamlayıb:
Qışın soyuğunda üşüsək də biz,
Şeirlə isindi ürəklərimiz. –
deyərək yazar həmkarlarına təşəkkürünü bildirməklə, xeyir-dualarını sərgilədi...
QEYD: (Foto-şəkillərin müəllifi Məmməd Gürşadoğludur)