Göyərçin ABİDQIZI  f.ü.f.d. dosent : -  MİLLİ SƏRVƏTİMİZİ TALAN EDƏNLƏRDƏN BİRİ

YAZARLAR 11:52 / 20.04.2024 Baxış sayı: 1086

 

 

      

                           (Mirzə Şəfi-230)

 

 “tənha, unudulmuş, soyulub talan edilmiş” - professor M. Rəfilinin zamanında şair haqqında dediyi haqlı kəlmələr. Torpaqlarımız, yeraltı-yerüstü sərvətlərimiz kimi, Mirzə Şəfinin zəngin irsi də soyqırıma məruz qalmışdır.

 

Mirzə Şəfi Vazeh yaradıcılığı ilə bütün dünyada sevilərək Azərbaycan xalqını Avropada, xüsusən də Almaniyada tanıdan, hər kəs kimi dövrün əzab-əziyyətini öz çiyinlərində daşıyan şairlərimizdən olmuşdur. Şairin əsrarəngiz irsi də xalqının tarixi  sərvəti kimi Qərbin, yəni xaçpərəst ölkələrinin ikiüzlü siyasətinin qurbanı olur. Tarix yaranandan Türk xalqına, ən başlıcada Azərbaycan xalğına qarşı törədilmiş hər yönlü soyqırım, talançılıq bitib tükənməyən nifrət və qısqanclıq zamanımıza qədər davam edir və görünən o ki, davam da edəcək. Dürüslüyü və dəqiqliyi ilə tanıdılan alman xalqının nümayəndəsi, talançılıq siyasətini davam etdirənlərdən biri də Fridrix fon Bodenştedtdir.

      Fridrix fon Bodenştedt haqqında qısa məlumat verək. 1819-cu ildə Hannover yaxınlığında doğulan Fridrix fon Bodenştedt alman yazıçısı, tərcüməçidir. Höttingen və Münhendə fəlsəfə, tarix, xarici dillər üzrə təhsil alıb. Moskvada knyaz Qolitsının uşaqlarının ev müəllimi qismində (1841-43) çalışmışdır, bir çox rus yazıçıları ilə yaxından tanış idi. 1844-cü ildə Tiflisə yollanmış, şərq dilləri üzrə Azərbaycan şairi Mirzə Şəfi Vazehdən dərs almışdır. Rum diyarını və Qafqazı gəzərək Almaniyaya qayıtmışdır(1846). Münhen Universitetinin prof. (1854), Mayingen Teatrının direktoru (1866-69) olaraq çalışmışdır.

Bodenştedtin Şərq təəssüratları “Qafqaz xalqları və onların ruslara qarşı azadlıq mübarizəsi” (“Die Völker des Kaukasus und ihre Freiheitskämpfe gegen die Russen”, 1848), “Şərqdə min bir gün” (“Tausend und ein Tag im Orient”) xatirələri, Bd 1–2 1949–50), “Ləzginka Ada” poeması (“Ada die Lesgyerim”, 1853) əsərlərində öz əksini tapmışdır. Onun ən böyük uğuru Şərq poeziyasından tərcümə və uyğunlaşdırmalardan ibarət “Mirzə Şəfinin nəğmələri” (“Lieder des Mirza Schafy”, 1851) kitabı oldu. O, rus tarixi mövzuları əsasında “Dmitri” (“Demetrius”, 1856), “İmperator Pavel” (“Kaiser Paul”, 1876) dramlarını yazmış, K. N. Batyuşkovun, G. R. Derjavinin, M. Y. Lermontovun, A. S. Puşkinin, İ. S. Turgenevin, Hafizin, V. Şekspirin əsərlərini alman dilinə tərcümə etmişdir. “Şekspirin müasirləri” (“Şekspir Zeitgenossen”, Bd 1–3, 1858–60), “Şekspirdə qadın personajları” (“Şekspir Frauencharaktere”, 1874) araşdırmalarının müəllifidir. Bodenştedtin yaradıcılıq yolunu iki cildlik “Həyatımdan xatirələr” (“Errinnerungen aus meinem Leben”, 1888–90) tamamlamışdır.

Bütün bu işləri görən şəxs, Şərqdə öyrəndiklərinin müəllimi və ustadı kimi tantdığı Mirzə Şəfi Vazeh irsi sayəsində məhşurlaşaraq Qərbdə şöhrət qazanır. Onun məhşurlaşmağının əsas səbəbi Şərqdən Qərbə apardığı və həyasızcasına öz adına çıxdığı, Mirzə Şəfinin ona hədiyə etdiyi, irsi toplanmış dəftəri olur.

Bodenştedt yazır ki, mən Ərmənistan səyahətindən qayıdandan sonra birlikdə keçirmiş oldugumuz vaxtların dostluq xatirəsi olaraq Mirzə Şəfi mənə oz əsərlərindən yapılmış bir şеir məcmuəsi bagışladı və ona bir müqəddəmə dəxi yazdı. Bodenştedt tərəfindən bütün mətni almanca tərcüməsində qostərilən bu müqəddəmədə isə yazılır ki: “... oz mutəəllimim və dostum olan Bonşten əfəndinin muqərrər гәса və iltimaslarına görə mən Mirzə Şəfi ona kəsidə, qəzəl, murəbbəat, mukəttəat və məsnəvilərdən ibarət olan oz məcmuəyi-əşarımı hədiyə edirəm!.

      Bodenştedt özü, bu kitabın üzərində nə qədər və necə çalışmış olduğunu da, heç bir şübһәyә yer buraxmayacaq qədər açıqcasına söləyir: “Mirzə Şəfinin əsərlərindən şəqil və mündəri­cə etibarilə heç bir dəyişikliyə uğratmayaraq almancaya tərcümə edilməsi mıümkün olanlarını, mən olduqları kimi tərcümə etdim: bu şeirlərin ən çoxusu mənim gözümün qabağında dünyaya gəldikləri üçün onlardan mən xatirimdə qalanlarının – hətta yazılış ta­rix və səbəblərini də burada ayrıca qeyd edirəm!         

     F.Bodenştedt öz müəllimi ilə keçirdiyi vaxtdan səmərəli istifadə edir. 1845-ci ildə Almaniyaya qayıdan F.Bodenştedt Tiflisdə keçirdiyi illərin yekunu kimi, “Şərqdə min bir gün” adlı kitab yazır. O, Mirzə Şəfi Vazehdən tərcümə etdiyi şeirləri də həmin kitaba salır. F.Bodenştedt o zaman hələ tam səmimi bir tərzdə Mirzə Şəfiyə müraciət edirdi: “Ey gəncəli müdrik Mirzə Şəfi! Yenə xəyalımda surətin canlanır. Sənin sözlərin həqiqət oldu, bizə vəd etdiklərinin hamısı həyata keçdi. Sənin nəğmələrin bizim qız - gəlinlərimizin ürəklərində özünə yuva tapdı. Sənin adın Qərb dünyasında şərəflə səsləndi. Mənə bağışladığın çiçəklərdən çələnglər hördüm, qarşımda səpdiyin mirvariləri sənin şərəfinə sapa düzdüm, insanlara sevinc bəxş etdim”.

     Bu kitabda F.Bodenştedt digər Azərbaycan və fars şairlərindən etdiyi tərcümələri də toplamışdı. O, hər bir şeirin nəinki Mirzə Şəfi də daxil olmaqla müəllifini dəqiq göstərir, hətta həmin əsərləri hansı şəraitdə və haçan qeydə aldığını da ətraflı təsvir edir. Beləliklə, qərib qonağın və sevimli şagirdin səyləri sayəsində bütün Avropa XIX əsrin ən görkəmli Azərbaycan şairlərindən biri ilə tanış olur. Və “Mirzə Şəfinin nəğmələri” kitabı  F.Bodenştedtə şöhrət gətirir. “Nəğmələr”in müəllifi və tərcüməçisi cəmi bir neçə ilin içərisində bütün dünyada ad-san qazanır. Kitab fransız, ingilis, isveç, holland, ispan, portuqal, rus, çex, macar, yəhudi dillərində nəşr olunur. “Nəğmələr”dən bir neçəsini hətta qədim yəhudi dilinə tərcümə edirlər. Yalnız Almaniyada həmin kitab 1922-ci ilə qədər 169 dəfə nəşr olunur. Kitabın uğuru o qədər böyük idi ki, bəzən onu bir il ərzində bir neçə dəfə (1868-ci ildə 6 dəfə, 1876-cı ildə 12 dəfə) nəşr etmişlər. Məşhur şair haqqında hətta “Die lideq des Miqza Sshaffu” adlı operetta da yazılır ki, onun da premyerası 1887-ci ildə baş tutur. Təkcə Ömər Xəyyamın F.S.Fiscerald tərəfindən edilmiş gözəl tərcümələrini istisna etsək, belə gözlənilməz və geniş şöhrət gətirən heç bir tərcümə əsərinin adını çəkmək mümkün deyil.

     M. Rəfilinin yazdığına görə, oxucular Mirzə Şəfinin müəllifliyinə o qədər əmin olmuşdular ki, bir çoxları Bodenştedtə bu cazibədar nəğmələrin orijinallarını göstərmək xahişi ilə müraciət edirdilər. Bu və digər səbəblərdən F.Bodenştedtdə müvəffəqiyyətdən “baş gicəllənməsi xəstəliyi” yaranır. O, bəyan edir ki, indiyə qədər Mirzə Şəfidən tərcümələr kimi verilən nəğmələr kitabının iki nəşrində çap olunmuş şeirlərin hamısı bir müəllifin qələminə-Fridrix Bodenştedtə məxsusdur! Guya müəllif şərqli obrazına o qədər yaxınlaşıb ki, öz şeirlərini belə Mirzə Şəfi adı ilə imzalayıb. Onu kinayə ilə “Hannoverli türk, yaxud da Gəncəli alman”adlandırıblar. Əlbəttə, həqiqətdən xəbərsiz olan alman və qərbi Avropa ədəbiyyatşünaslığı F.Bodenştedtin bu bəyanatını qeyd-şərtsiz qəbul edirlər. Bir çox tədqiqatçılar hətta Mirzə Şəfi adlı bir şəxsiyyətin varlığını da şübhə altına alırlar. F.Bodenştedtin ölümündən sonra onun arxivində Mirzə Şəfinin “Divan”ı da tapılmamışdı. Əlbəttə, bu mübahisəli məsələnin üzərinə Mirzə Şəfinin şeirləri yazılmış həmin dəftər işıq sala bilərdi. Lakin onun da alman dəqiqliyi ilə “itirilməsi” çox şeydən xəbər verir.

     Mirzə Şəfi xürafatın, qaragüruhun, din xadimlərinin “at oynatdığı” bir cəmiyyətdə yaşayaraq elm və mədəniyyətlə məşğul olmuşdur. Ədib dolanışıq üçün hücrələrin birində kitabların üzünü köçürməklə, eləcə də ərəb-fars dillərindən fərdi dərs deməklə həyatda qalmağa çalışırdı. Mirzə Şəfinin yaradıcılığına dərindən bələd olan Mikayıl Rəfili yazır: “Həyatın sınaqları və ruhanilərin təzyiqləri altında tənha və kimsəsiz qalmış şair şərabın və məşuqənin gözəlliklərini tərənnüm etməklə təsəlli alırdı. Bu şeirlər isə çox zaman Hafiz və Xəyyamdan, XVI əsrin böyük Azərbaycan şairi Füzulidən gələn uzun bir yolu davam etdirir, mistik səciyyə daşıyırdı”

Tiflisə gələn və mollaların hücumundan uzaq olan şair, burada dövrün qabaqcıl ziyalıları ilə tanış olmağa imkan tapır. Gəncədə yaratdığı “Divani-hikmət” ədəbi məclisi Tiflisdə fəaliyyətini davam etdirir.

Ömrünün Tiflis dövründə onun bəxtinə Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, şairlərdən Nəcmi, Naseh, Şölə, Mirzə Həsən, Molla Abdulla, Hacı Abdulla, Mirzə Yusif Vidadi, Hacı Yusif Qane və başqaları ilə ünsiyyətdə olmaq şərəfi düşür. Onların hamısı “Divani-hikmət”in üzvləriydilər. Məclisin əhatə dairəsinə Azərbaycan və fars dillərini bilən, rus, gürcü ədib və şərqşünasları da daxil olurlar. O zaman Tiflisdə yaşayan çoxsaylı Avropa alim və şairləri də Mirzə Şəfinin məclislərində fəal iştirak edirdilər. Görkəmli ziyalılarla dostluq edən ədib gələcəkdə  “Mirzə Şəfi adına və irsinə” qarşı talançılıq edən alman səyyahı Fridrix fon Bodenştedtlə də elə bu məclislərdə tanış olur.

 “Qafqazın hərbi qubernatoru general A.Neydqardın dəvəti ilə 1843-cü ilin sonlarında Tiflisə gələn F.Bodenştedt Zadəgan Gimnaziyasında fransız, Rayevskinin şəxsi pansionatında isə latın dilindən dərs deməyə başlayır. 24 yaşlı Fridrix həftədə üç dəfə Mirzə Şəfidən tatar dilini öyrənir, Mirzə Şəfinin müəllim kimi işə düzəlməsinə də köməklik göstərir. Bodenstedt nəinki tatar, fars dillərini öyrənir, eyni zamanda Qafqaz xalqlarının xalq mahnılarını və əfsanələrini toplayır, həmçinin Tiflisdə Mirzə Şəfinin dərslərində tanış olduğu Şərq poeziyasından etdiyi gözəl tərcümələrlə alman ədəbiyyatını zənginləşdirir.

  Mirzə Şəfi həftədə üç dəfə F.Bodenştedtə və digər tələbələrinə dərs keçir. Az sonra müəllim öz qərib qonağı ilə o qədər yaxınlaşır ki, F.Bodenştedt Mirzə Şəfinin “Divan”ına tam hüquqlu üzv olur. “Divani-hikmət” ədəbi məclisinin yığıncaqları canlı fəlsəfi diskussiyalar şəklində keçirdi. Onun şeirləri dünyanın ən yaxşı tərcüməçiləri tərəfindən, demək olar ki, bütün dillərə çevrilmiş, sözlərinə çoxlu bəstələr yazılmışdır.

      F.Bodenştedt özü haqqında “Xatirələr”ində yazırdı ki: “O zaman mən Tiflisdə yaşa­yan yeganə alman idim ki, Şərq dillərini öyrənmək istəyirdim. Mən tatar (türk) di­lin­dən başladım, çünki bu dil Qafqazda müxtəlif millətlərdən olan insanlarla ünsiyyət sax­lamaq üçün vacib sayılırdı. Bu dili bilən hər kəs rus dilini bilmədən də hər yerdə baş çıxara bilərdi”.

Burada Mirzə Şəfi demişkən “Bonşen əfəndi” yalan məlumat verir. Cənubi Qafqazda o zaman hərbi əməliyyatlar gedirdi və Qafqazdakı qoşunların o vaxtkı komandanı general-mayor A.P.Ermolov alman köçkünlərin qəbulu və məs­kun­laş­ma­sına cavabdeh idi. 1818-ci ilin baharında çarın icazəsini gözləmədən yola çıxan 500 alman ailəsinin böyük əksəriyyəti Tiflisdən kənarda yer­ləş­di­ril­ir. Sonralar alman koloniyaları adlan­dı­rı­la­caq və almanların yığcam yaşa­dıq­la­rı bir neçə ərazi - Didubedə - Aleksandrdorfda, Asuretidə - Yelizavetalda, Bolnisidə - Yeka­te­rinen­sfelddə və Sartical yaxınlığında Marienfeld və Petersdorf koloniyaları meydana gəldi. İlk vaxtlar onlar yalnız əkinçilik, maldarlıq və xırda ticarətlə məşğul olurdular, daha sonrakı zamanda isə bu məşğuliyyət sənaye müəssisələri, əczaxanalar, tikiş evləri, dərzilər, ayaqqabı, pivə-şərab və konyak istehsalı müəssisələrinin açılmasına qədər  inkişaf etmişdi.

“Tiflis yaxınlığında yerləşən “Yeni Tiflis” koloniyası o qədər artıb böyümüşdü ki, 1862-ci ildə onun Tiflisə birləşməsi qaçılmaz oldu.1864-cü ilin əhalininin siyahıya alınması zamanı isə Tiflisdəki alman əhalinin sayı 1100, 1876-cı il sayımlarında 2000, XX əsrin əvvələrində isə 3000 nəfərdən çox alman yaşayırdı.

Tədqiqatçılar Mirzə Şəfinin Tiflis ədəbi mühitində məşhur bir şair olmasına dair başqa bir sübut da tapmışlar. F.Bodenştedt 1850-ci ildə “Nəğmələr” kitabını dərc etdirməzdən qabaq rus dilində çıxan “Oteçestvennıye zapiski” jurnalında şairin “Ustadım Hafizdir, məscidim meyxanə” misrası ilə başlanan şeirinin tərcüməsi dərc olunmuşdur. Həmin şeiri jurnalın Tiflis müxbiri şəhərdə məşhur olan Zalsmanın meyxanasında daimi sakin olan bir şəxsin dilindən yazıya almışdı. Həmin mənbə Vazehi “Şərqin müasir Hafizi” adlandırmışdı.

Hərdən tutduğu yolun həyacanını yaşayan alman yazır: “Zaman keçməklə saralmış olan bu dəftərlə­rin yapraklarını bir daha çevirməklə, mən köhnə müəllimimi bəzən qarşımda mücəssəm olmuş kimi görürəm və özümdən soruşuram: əqər Şərqdə şаirlik alimlərin zatən sənətinə aid bir şeysə, ola bil­məzmi idi ki, bu şeirlərdən bəziləri onun özününkü olsun?!”. Amma bunlardan sonra Bodenştedt özünü onunla “rahat” edir və yazır: “Mirzə Şəfi öləndən sonra onun tapılan kağızları arasında, mənim kitablarımdakı şeirlərdən biri də olsun, tapılmamışdır”.

Gerçək bir şəxsiyyət kimi, Mirzə Şəfinin şöhrəti F.Bodenştedtin özü tərəfindən də kitabın ilk nəşrində etiraf olunub: “Mirzə Şəfinin poetik müsabiqələr və ya digər təntənəli vaxtlarda qoşub oxuduğu bir çox nəğmələr tatar (azərbaycanlı) və gürcülərin arasında dildən-dilə düşərək dolaşmaqdadır. Halbuki bu nəğmələrin çoxunu yazıya almaq onun heç ağlına da gəlməmişdir. Əgər Şərqdə bütün qəzəllərin sonunda müəl­li­fin adının çəkilməsi adəti olmasaydı, heç bu nəğmələrin kimə məxsus olduğunu ay­dın­laşdırmaq da mümkün olmazdı”.

1886-cı ildə Visbadendə onunla görüşən mәşһuг rus tarixçisi M.İ.Semyevski, məlum olan kitabların başında Mirzə Şəfiadının olma­sını, Bodenştedtin oz di­lin­dən eşitdiyinə görə, belə anlatmışdır: “Turk və ya İranlı olan Mirzə Səfinin adı, bir   “f ilə yazılır, hal bu ki, onun adını kitabına zərafətən saldığı üçün Bodenştedt cənabları onu “Schaffy deyə iki “ff ilə yazmışdır ki, bu da ona al­manca “qoyun demək olan “Schaff sözünü xatır­ladır ki, bu da bir qərbli insanının öz mürşidinə və əziz müəlliminə, bir sözlə Şərqə verdiyi qiymətdir.

       Bodenştedt öz ustadına qarşı etdiyi haqsızlığı ört-basdır etmək üçün yazır: Bu şeirləri şəkil etibarilə heç də Şərq seirləri şəkili ilə bağlamağa xüsusi olarak çalışmamışam və sonra bunların ardınca verdiyi məlumatdan da anlaşılır ki: o, öz şeirlərini Mirzə Şəfinin adına həsr etmişmiş və hətta bu şeir­lərin  Mirzə Şəfinin oz şeirlərimi və ya başqa şаirlərin şeirləri oldugunu da bilməyir.

      Beləliklə, Bodenştedt özünü təmizə çıxarmaq üçün, Mirzə Şəfiyə ikinci bir iftira da atır ki, o da Mirzə Şəfinin bəlkə şŞərq sairlə­rindən plagiyat (ədəbiyyat oğruluğu) etmiş olmasıdır.

       Bodenştedt bundan sonra da M.Ş.Vazehə iftiralar atmağa çalışır. Zaman keçdikcə Bodenştedt özünü bu kitabların müəllifi kimi göstərməklə yanaşı böyük şairin varlığını belə şübhə altına qoyur: Mirzə Şəfi şeirlərinin bircəsindən başqa, heç birini Mirzə Şəfi özü yazmamışdır və mən də onları tərcümə etməmişəm. Doğrudur, türk və fars dilləri müəllimim olmağına qörə, Mirzə Şəfi mənə bir az təsir etməmiş deyildi, amma onun mə­nə verdiyi şeir dəftərlərindən mən çox az isti­fadə etmişəm. Beləliklə bu kitabda görünən şeirlər, öz mənşələri etibarilə, yalnız mənim özümə borcludurlar”.

Bodenştedt, Mirzə Səfi haqqında xatirələrini belə bitirir: Bundan bir az sonra mən Tiflisdən getməli oldum. İstanbulda mən Mirzə Səfidən qısa bir məktub aldım. Burada o mənə bil­dirirdi ki, o qimnaziyada deyil, qarnizon məktəbində yaxşı bir vəzifə almışdır. Və daha bir az sonra: Mən vətənə qayıdandan sonra Mirzə Şəfidən bir daha məktub aldım. Mirzə Səfinin evlənməsi münasəbətilə mənim göndərdiyim təbrik, daha sonrakı vaxtlarda yazdığım iki başqa məktublar da, görünür ki, ona çatmamışlardı. Bununla mən Mirzə Səfidən cavab almadım və sonra İtalyaya qetməyim də Qafqaz xatirələrini mənə unutdurdular! və iləx”.

Mirzə Şəfi Vazeh sağlığında unudulan, haqqı-hüququ tanınmayan, Azərbaycan ədə­bi dühasının parlaq incilərindən biri və bu gün də Avropa xalqları tərəfindən se­vi­lə-sevilə oxunan şairlərimizdən biridir. M. Rəfilinin dediyi kimi, “tənha, unudulmuş, soyulub talan edilmiş bir halda vəfat etdi. Lakin, onun bəzi şeirləri xalq arasında, həmçinin əlyazmalar şək­lin­də qalaraq, Avropa dillərinə tərcümə edilərək şairə dünya şöhrəti qazandırırdı”.