Faiq Şükürbəyli , Filologiya üzrə fəlsəfə doktoru : - Sözün ahıl vədəsi

YAZARLAR 14:42 / 13.05.2025 Baxış sayı: 1745

 

Söz də insan kimidi-dünyaya gəlir, uşaqlıq, yeniyetməlik, gənclik, ahıllıq, qocalıq dövrünü keçirir və dünyadan köçür. Söz də insan kimi doğur, törəyir,  artır, çoxalır və...

Biz bu gün bəzi ahıl sözlərin işlək məqamından söz açacağıq. 

 

Ağır bir daş olub düşmüşəm başına

-“Vallah elə mənim daşım ağırdı. Kimin təpəsinə düşürsə, qalır altında çabalaya-çabalaya”.

-“Mən heç bilmirəm ona neyləmişəm. Elə bil ki, ağır bir daş olub düşmüşəm başına”.

--“Yönlü mataf da deyilsən, barı, öz daşın öz başına düşsün”.

Söhbət zamanı bu kimi danışıqlara tez-tez rast gəlirik. Bəs daşın başa düşməsi ifadəsi necə yaranmışdır?

Qədim zamanlarda əziz adamı ölmüş insanlar ağlayıb-sızlamaqla yanaşı, daş ilə başlarına vurudular. İri-iri ağır daşları göyə atıb başlarını onların altına verirdilər. Bu həmin şəxsə bir növ təsəlli xarakteri daşıyırdı. Bəzən də başlarını daşa vururdular. Ağır cinayət törətmiş adamların daş-qalaq edilərək öldürülməsi də cəza növü kimi mövcud olmuşdur.

İndi də “ağır daş olub düşmüşəm başına” ifadəsi sayğısızlıq, gözlənilməz qınaq, giley zamanı işlədilir.

 

Səbr etmək

“Ay qız, Gülbadam, səbr elə, özünü üzmə. Yerdən kəsən varsa, göydən də baxan var ”. “Vallah mənim səbrim lap kəsildi, daha dözə bilmirəm”-xalq arasında bu kimi sözlər indi də işlənməkdədir.

Səbrlə ilişgili belə bir kəlam da öz qədri-qiymətini qoruyub saxlamaqdadır: “Səbr elə halva bişər ey qora səndən, bəsləsən atlaz olar tut yarpağından”.

Səbr – yoxsulluq, haqsızlıq, ədalətsizlik kimi üzücü qurumlar qarşısında səs çıxarmadan onların keçməsini hövsələ ilə gözləməsidir.

Bəzən görürsən ki, birisi haqsızlıqlara. Çətin vəziyyətlərə qatlaşmayanda, dözə bilməyəndə, hövsələsizlik göstərəndə “səbr elə, səbrini bas” – deyə onu sakitləşdirməyə çalışırlar.

Zorluqlara, aöır vəziyyətə. Qara günlərə, artıq dözə bilməyən, hövsələsi çatmayan adama rəğmən deyirlər:

Filankəsin “səbri kəsildi”, “səbri çatmadı”.

Səbr etmək (eləmək) olacaq bir iş, gələcək bir durum üçün təlaşlanmadan. Həyəcan keçirmədən hövsələ ilə gözləmək, dözümlük göstərməkdir.

Təmkinlə, yavaş – yavaş, ağır-ağır, ehtiyatlı bir şəkildə iş görən adamlara rəğmən deyirlər: “O, səbrlə iş görən adamdır”.

Paronim olan səbr sözünün bir anlamı da asqırmaq mənasındadır.

Xalq arasında “Tək səbr, cüt səbr” inamları da yaşanmaqdadır. Əski inama görə guya bir dəfəf asqırmaq bədbəxtlik, cüt asqırmaq isə xeyir gətirməyə işarədir.

M.Ə.Sabirin şerlərindən biri də “Tək səbr ” adlanır:

Andıra qalmış nə yaman səslənir,

Söz deməyə vermir aman səslənir.

Ox atılır, sanki kaman səslənir,

Hücreyi-dükkanda vurur tək səbir.

 

Savab iş görmək

“Çağırana hay, imkansıza pay vermək savabdı, bala”,  “Bir ac qarını doydursan, savaba batarsan”-ictimai həyatda bu cür ifadələr indi də işlənməkdədir.

Savab- edilən yaxşılığın, ibadətin, Allaha bağlılığın qarşılığı olaraq Allah tərəfindən veriləcək mükafatdır.

İctimai həyatda, canlı dildə isə savab adətən yaxşı, xeyirli, səmərəli fəaliyyət, faydalı iş anlamında dərk edilir.

Allahın xoşlayacağı bir iş görmək, xeyirli, faydalı, səmərəli bir işi icra etmək-savab işi görmək, savaba batmaq, savab yiyəsi olmaq kimi dərk edilir.

 

Saqqızını oğurlamaq

            “Sən mənim saqqızımı oğurlaya bilməzsən, mənim yüz it küçüyüm olsa, onun birini də sənin oğluna vermərəm”. “Onun saqqızını oğurlamaq asan iş deyil”. Belə ifadələr el içində tez-tez işlənməkdədir.

Sözün həqiqi mənasında saqqız eyni ağacdan və başqa bəzi ağac və bitkilərdən sızan, ağızda çeynənən yapışqan maddədir. Məcazi mənada isə bu sözlə bağlı ifadələr işlənir.

Boş yerə söhbət etmək, lağlağı etmək, heç bir xeyirli iş görməmək saqqız çeynəmək adlanır.

Birisinin yanından əl çəkməyən, ondan ayrılmayan, yeri gəldi, gəlmədi ondan qopmaq istəməyən adamlara rəğmən deyirlər:-

 Saqqız kimi nə yaxamdan yapışmısan?

Saqqız oğurluğuna getmək- Bir kimsənin yanına gedərək düşüncəsini öyrənməyə çalışmaq, saqqızını oğurlamaq-loru dil ilə aldatmaq, qandıraraq onu özü tərəfə çəkmək, bir işi görməyə razı salmaq mənalaraını ifadə edir.

 

Sağ əli başına

Bir kimsəyə nəsib oan, qismət olan, yaxşı bir şeyi, xoşbəxtliyi özü və başqaları üçün də arzu etmək anlamında işlədilir:- Sağ əli başıma (başımıza, başınıza)

Sağ əl ən yaxın kimsə, yardımçı, sirdaş, sadiq dost, qardaş mənasında işlənir.

Sağ əllə bərabər sağ göz ifadəsi də işlənməkdədir. Belə ki, birisini həddindən artıq sevəndə, böyük hörmət bəsləyəndə deyirlər:

“Onu sağ gözüm kimi istəyirəm”.

Sağına-soluna göz gəzdirmək-hər tərəfə nəzarət etmək, sağına- soluna keçmək-yaltaqlanmaq, yaltaqlıq etmək, sağ salmaq-inandırmaq, arxayın etmək anlamındadır.

 

Mısmırığını sallamaq

“Mısmırığını nə sallamısan, ə, qəddini düzəltsənə, dünyanın borc-xərcini səndən alamyıblar ha”, “o, mısmırığını elə sallayıb ki, üz-gözündən zəhrimar yağır.” Belə ifadələri danışıq dilində tez-tez eşitmək mümkündür.

Mısmırıq əsəbdən, hiddətdən insanın üzündə meydana gələn hal və yaranan iafadədir.

Müəyyən hadisələr zamanı qaş-qabağını tökən adama rəğmən deyirlər:- Nə mısmırığını (sımsırığını) sallamısan, ə!

Mısmırığına (Sımsırığına) dəymək isə keyfinə-damağına dəymək mənasındadır.

 

Basaratı bağlanmaq

“Vallah elə bil kişinin basaratı bağlanıb hara gedir əliboş qayıdır.” “O, basaratı bağlanmış adam kimi davranır”.

Bu cümlələrdəki “basarat”, “basaratı bağlanmaq” ifadələri əski türk yaşam tərzi iə ilişgəlidir.

Basarat qəlbi gözü ilə, ürəyin döyüntüsü ilə görüb həqiqəti anlama, könlün sədası ilə bir olayı doğrudan-doğruya bilmə mənasındadır.

Lap qədim zamanlardan etibarən dövlət idarələrində basaratlı (öncədən görən, hadisələri qabaqcadan duyan) insanlar çalışırdılar ki, onlardan yad ölkələrdən gələn elçilərin ürəklərini oxumaq, məqsədlərini bilmək üçün istifadə edirdilər.

“Basaratı bağlanmaq” “basaratlı”nın tərs üzüdür. Həqiqəti görməmək, qəflətdə olmaq, olayları qavraya bilməmək, özünün ziyanına hərəkət etmək “basaratı bağlanmaq” adlanır.

 

Dağar

“Becərdiyimiz taxıl göz qabağındadır, bölsək adama heç bir dağarcıq düşməyəcək. Yaxşısı budur ki, dağar taxılını götür, dur qırağa”

İşlətdiyimiz “dağar” ifadəsi əski türk termini olub taxıl məhsullarını, eləcə də digər şeyləri yığmaq üçün dana dərisindən hazırlanmış iri torbaya deyirlər.

Əvvəllər Osmanlı ordusunu ərzaqla təmin etmək üçün rəiyyətdən natural vergi şəklində yığılan ərzaq dağarlarla daşınırdı.

Bu toplantı isə “tağar” adlanırdı.

“Tağar” əskitürk qaynaqlarında çəki vahidi olmuşdur. Əsasən taxıl məhsullarını ölçmək üçün istifadə olunan bir tağar 83.2 kiloqrama bərabər idi.

Orta çağlarda qaytan hörmək üçün istifadə edilən köhnə şeylər və ya möhkəm yun doldurularaq bağlanan meşin yastığa da dağar deyirdilər.

Xalq şerinin birində ana öz körpə qızcığazını belə oxşayıb-əzizləyir:

Ay qızım, qızım qapqara qızım,

Cehizin yığıb dağara qızım,

Dalınca vurdum nağara qızım.

Camaat arasında özünü yekə-yekə aparan, ədabazlıq edən adamlara işarəylə deyirlər:

-“Nə dağar-dağar gəzirsən, əə, evində yoxdu urvalıq, könlündən keçir koxalıq”.

“Dağar” vüqarlı, qürurlu mənasını da ifadə edir.

“Dağarcıq” da dağar sözündəndir. Buradakı “cıq”- kiçiltmə mənasını bildirən şəkilçidir. Deməli, dağar böyük ölçülü, dağarcıq isə kiçik ölçülü qabdır.

“Boş dağarcığını dolu çuvala tay qoymaq” ifadəsi də müəyyən məqamlarla bağlı işlənmişdir.

“Sirr dağarcığı” ifadəsi də sirlə dolu, anlaşılmaz insan əşya barəsində işlədilir.

Dolu quyuya bit düşməz

Bu ifadə qarabağlıların söz-söhbətlərində məqamı gələndə işlənir. Niyə? Ona görə ki, tarixən qarabağlılar oturaq olublar. Peşələri də əkin-biçin olub. Becərdikləri taxlı da ərzaq quyularına doldurub qış üçün tədarük görüblər. Ən kasıb adamın belə, quyusunda bəs deyəcək dərəcədə taxıı olardı. Qarabağlılar deyərdilər: -“Allah məni bir çörəklə, bir də ürəklə imtahana çəkməsin”.

Quyu deyəndə isə biz su quyusu kimi dərin quyuları nəzərdə tutmuruq. Taxıl quyuları taxıl məhsullarını saxlamaq üçün su quyularından fərqli olaraq, çox da dərin yox, amma  enli, geniş qazılırdı. Fındıq, zoğal, murdarça, söyüd və s. ağacların çubuqlarından cəvərən hörüb quyunun içərisinə yerləşdirirdilər. Cəvərənlə torpağını arasını samanla doldururdular ki, taxıl nəm çəkməsin. Sonra taxıl quyunun içinə doldurulurdu. Onun üstünə saman döşəyib ağzını palçıqla suvayırdılar. Daha burada zərrə qədər boş yer qalmırdı ki, burada nəsə özünə yer eləsin.

Dolu quyuya bit düşməz ifadəsi bax, beləcə yaranıb. Bu məsəl insanların əxlaqı, tərbiyəsi, ağlı-kamalı, soy kükü ilə ilişgəli olaraq işlədilir. Yəni tərbiyəsi yerində olan, əsli-nəsli pak olan insanları hər zaman əyri yollara çıkmək mümkün deyil.

Dilini qarnında dinc saxla

 “Dilini dinc saxla, diluzunluq eləmə, yoxsa başın ağrıyar, haa!” “Dilini qarnına qoy, hər sözü danışma” Bu cür ifadələr  adətən  artıq-əskik danışmamaq, xəbərçilik etməmək üçün öyüd-nəsihət, bəzən isə hədə-qorxu tonunda işlədilir. Söz gəzdirən, qeybət edən şəxslərə rəğmən cəzalanacaqlarına işarəylə deyilir. İfadənin əsas qayəsi budur ki, xəbərçilik, qeybət etmək, söz gəzdirmək insana heç vaxt başucalığı gətirmir, əksinə insanı həmişə xəcil edir.

Bəs dilin ağızda deyil, qarında dinc saxlanılması ifadəsi nə ilə ilişgəlidir? Məlumdur ki,  insanın ağzı, burnu, qulağı, qaşı, gözü,- bir sözlə əksər əzaları göz qabağıdadır. İnsanın adi gözlə görünə bilməyən əzası yalnız onun qarın boşluğudur. Yəni insanın qarın boşluğunun içərisi görünmədiyi, bilinmədiyi kimi, baş verən hadisələr də faş olunmamalıdır.  Bu həm də söz gəzdirməyin, xəbərçiliyin insan yad-yabançı olduğuna, onun daxili aləminin zənginliyinin vacibliyinə bir işarədir.

 

Onun təkə-təkə gəzməyi var

“Əşşi sən allah qoy görək, o bizim adamımız deyil. Onun təkə-təkə gəzməkdən savayı əlindən nə gəlir ki...”, “Bir Şəfinin xoş-beşi, bir də Xankişinin təkə-təkə gəzməyi qocaltdı məni”, “Onun təkəyə oxşayan qızı var ey, o, az aşın duzu deyil”.

Söz-sıhbət əsnasında bu cür ifadələr tez-tez işlənməkdədir. Təkə yaşlı, erkək keçiyə deyirlər. Təkələr bir qayda olaraq qoyun sürüsünün qabağında gedirlər. Yerişləri də adi keçilərin və qoyunlarınkından fərqlənir. “Təkə-təkə gəzmək” ifadəsi həm mənfi, həm də müsbət mənada işlənir. Lovğa-lovğa yeriyən adamlara da, fiziki möhkəmliyi, şax yeriş-duruşu ilə başqalarından açıq-aydın seçilən şəxslərə də işarəylə bu ifadə işlədilir. Bəzən də təkə ifadəsi cəsarətlilik, qorxmazlıq, saymamazlıq kimi də işlədilir və qadınlara da şamil edilir.

 

Ağlına keçə yamayım

Keçə isladılaraq döyülmək surətiylə yun və ya qıldan əldə edilən qalın və qaba materiala deyirlər. Keçə daranmamış, bir-birinə keçmiş, bir-birinə yapışmış halda olur. Keçəni keçəçilər hazırlayırlar. Bu peşə keçəçilik adlanır. Keçəçilik keçə hazırlayanın işidir. Dediyimiz kimi bu yundan və qıldan hazırlanır. Qıl bəzi heyvanların vücudunda çıxan sərt tükə deyillər. Keçəçillikdə əsasən keçi qılından, keçi qəzilindən istifadə edilir. Keşə çox məhkəm, qalın və isti olur. İnsanlar keçədən sağlamlıq məqsədi ilə istifadə edirlər. Xalq təbabətinə rəğmən deyə bilərik ki, soyuqdəyməsi olan adamı keçəyə bükürlər ki, o, tərləyib ayılsın. Çıxıq zamanı, şiş zamanı bir parça keçəni isti suyun içərisinə salır, sonra onu həmin yerin üstünə sarıyırlar. Çox keçmir ki, keçə havlamış, simləmiş yaranın şişini çəkib sağaldır.

Xalq təbabətindəçəpiş kəlləsinin dərisinin əhəmiyyəti haqqında bilgilər vardır. Çəpiş kəlləsinin dərisini soyan kimi isti-isti başa bələmək sinir fəaliyyəti pozğunluğu və zehni qarışıqlıq halarında çox faydalı hesab olunur.

Yaxud xalq inam və etiqadlarının birində deyilir ki, “Uşağı olmayan qadını keçi dərisinə salsan, uşağı olar”. Demıli, ağıla keçə yamama ifadəsi müəyyən tibbi, etimoloji kökə bağlıdır və heç də təsadüfi olaraq işlənmir.

Ağlına keçə yamayım ifadəsi yaddaşı zəiff olan,  olayları qısa bir zamanda unudan insanlara işarəylə işlədilir. Bir şəxsin unutqanlığı, yaddaşının zəif olması ərk ilə, mülayim tərzdə, bir az da ironik formada  bəyan edilir və onun yaddaşının, hafizəsinin normal hala düşməsini arzulayır.

 

Qurd-quş

            “Ay bala, ehtiyatlı ol, davar-duvarı gözdən qoyma, qurd-quş toxunar”. “Çox uzağa getmə, özünü qurddan-quşdan qoru”. “Allah səni qurd-quşdan uzaq eləsin”- belə sözləri tez-tez eşidirik. Bəs qurd hara, quş hara? Bunların bir-biri ilə nə əlaqəsi var? Sən demə, əlaqəsi olmasa, bu ifadəni işlətməzlərmiş.  Əlaqəsi odur ki, qurd ovunu yeyib gedəndən sonra, qalanını quşlar dimdikləyir. Yəni qurd olanını yerdə yeyər, quş qalanını ağac başında.

O işin üstündə Sevdimalını sel apardı ha!

Mahalda Sevdimalı deyilən bir adam varmış. Bu adam bazara gedəndə sürgün olarmış, dəyirmana gedəndə qırğın. Hansı yığnaqda olarmışsa, motal atar, aranı qatarmış. Bu şeytan-şuğul kişi qardaşı qardaşla qanlı edən, qonşunu qonşu ilə kinli edən bir nadürüst idi. Harda görsəydi ki, bir şirin məclis var, tez özünü yetirib aradan gül axıdardı.

Günlərin bir günü mahal əhli cana yığılıb Sevdimalını tutub dağ çayından axıdırlar. Gur axan dağ çayı Sevdimalını daşlara çırpıb cəhənnəmə vasil eləyir.

İndi də biri şeytan-şuğulluq, araqarışdıranlıq eləyəndə o dəqiqə xəbərdarlıq edirlər: “O işin üstündə  Sevdimalını sel apardı ha!...”

Qurşaq tutmaq

            “Sənin kəmərini o gözəgörünməz kişi qurşasın, bala”. El arasında tez-tez işlədilən bu alqışın tarixi qədimdir. Əski türk adətləri ilə bağlı olan “qurşaq tutmaq”, “kəmər qurşamaq” ifadələri bir neçə mənaları ifadə edir.

            “Qurşaq” beli şax tutmaq üçün sarılaraq bağlanan uzun və ensiz qumaşdan, kəşmirdən və s.-dən hazırlanır. O həm də bel bağı anlamındadır.

            Bir şeyin ortasını sarımaq üçün metaldan düzəlmiş kəmər də qurşaq adlanır.

Ağac budaqlarından, şax-şəvəldən, qarğı-qamışdan düzəldilmiş çəpərlərin də ortasından qurşaq verilir ki, çəpər daha möhkəm olsun.

Qurşaq coğrafi termin kimi yer kürəsinin iki meridian arasındakı bölümü mənasını da ifadə edir. Eləcə də bir ölkənin torpağının hər hansı bir özəlliyi dolayısıyla ayrılan qismi, parçası da qurşaq adlanır.

            İnsanın belinə, toqqa çəkilən hissəsinə də qurşaq deyilir.

            Əski türk bahadırlarının, pəhləvanlarının el şənliklərində, adqoyma mərasimlərində, bayramlarda, güclərini sınamaq üçün güləşmələri də qurşaqtutma adlanırdı.

Güləşçilərin bir-birinin qurşağından yapışaraq güclərini sınamaları qurşaqlaşma, qurşaqlaşan pəhləvanlar isə qurşaqtutan adlanırdı.

            Qədim türk adətlərinə görə böyük nüfuz sahiblərinə, başçılara ən qiymətli sovqat kimi yalnız qurşaq bağışlanardı. Qurşaq bağışlanan adam ən hörmətli adam kimi dəyərləndirilərdi.

Bahadırların, ağsaqqalların, xanların, xaqanların qurşaqları da adlarına, vəzifələrinə layiq şəkildə bəzədilir və seçilirdi.

            Xalqımızın ən qədim ədəbi abidəsində- “Kitabi Dədə-Qorqud”da  qeyd olunur ki, Oğuz bəylərindən Qazılıq qoca oğlu Yeynək bəyin özü də “qurqurama qurşaqlı “idi

            Hazırda “qurşaq” sözünün belə məna çalarları da var ki, həddindən artıq olmaq, bir şeyin bolluğunu, çoxluğunu bildirmək “qurşağa çıxmaq”, qarnını doydurmaq, yemək “qurşağın altını bərkitmək” adlanır.

 

Evdə qalıb un çuvalına tay olmayacaq ki...

“Ay qız, uşaqlıq eləmə qız ki, kəkil çıxardı, birinə ver getsin. Un çuvalına tay etməyəcəksən ki...”.

“Ay qız, Gülbadam, qız yükü, duz yükü-deyiblər. Qızı nə vaxta kimi evdə saxlayacaqsan? Ver çıxsın getsin, yükün də bir az yüngülləşsin. Evdə un çuvalına tay olmayacaq ha!”.

“Ay qız Qızyetər, sən allah sonalıyıb eləmə. Hərə bir kişinin oğludur. Sonalayan ya kora düşər, ya da keçələ. Qızının bəxti açılıb ver getsin. Un çuvalına döndərməyəcəksən ha!”.

Əsasən ərə getmək arzusunda olan gənc qızların dilindən, yaxud onlar haqqında işlədilən belə ifadələrə  tez-tez rast gəlinir.

Un çuvalı qoyun yunundan, keçi qəzilindən toxunmuş məişət əşyasıdır. O, istər köçəri həyat tərzi keçirən, istərsə də oturaq yaşam sürən insanların məişətinin vacib yarağına çevrilmişdir.

Taxıl məhsullarını tədarük edib çuvallara doldurur və evin əl-ayaq dəyməyən küncünə yığılardı. Çuvallar ən azı 80-90 kq taxıl, yaxud un tuturdu. Buna görə də un çuvalını hər dəqiqə yerindən tərpətmək olmurdu. Buna görə də  un çuvalı tərpənməzlik anlayışı kimi qəbul edilirdi.

 

Ölmüş eşşəyin nalını sökür

Bir gün bəyin eşşəyi ölür. Onu kalafaların birinə atmaq üçün sürüyüb aparırlar. Kasıb bir kişi görür ki, bu eşşəyin nalları təzədir. Onu çıxarmaq niyyətinə düşür. Əl-ayaq yığışandan sonra kasıb kişi həmin dərəyə gəlib eşşəyin nalını dördünü də söküb götürür. Bunu görən həmkəndlilərindən biri deyir:

-Gör nə günə qalıb ki, ölmüş eşşəyin nalını sökür.

Bu məsəldən lap kasıb adamlara rəğmən istifadə edirlər.

 

Dəvədən yıxılıb, yenə də höt-hötünü yerə qoymur

“Höt” dəvəylə bağlı sözdür. Onu haylayanda, ayağa qaldıranda, yaxud minib sürəndə bu ifadədən istifadə edilir. Azacıq yaxşılığa görə deyirlər: -“Dəvəyə bir “höt” demək də qənimətdir.”

Deyirlər ki, eşşəkdən yıxılan daş üstünə, atdan yıxılan kəsək üstünə, dəvədən yıxılan isə pambıq üstünə yıxılar. Yəni eşşəkdən, atdan yıxılan adamın çox zaman qol-qıçı əzilir, sınır. Dəvə həmin heyvanlardan hündür olsa da, ondan yıxılan adam nədənsə çox xəsarət almır.

Bir dəfə dəvə yarışması zamanı iştirakçılardan biri sürətlə qaçan dəvənin üstündə özünü saxlaya bilmir və yerə yıxılır. O, yüngülvari xəsarət alır, ancaq heç nə olmamış kimi ayağa qalxır və dəvəsini minərək yarışmasını davam etdirir.

İndi birisi vəzifədən çıxarılıb zodlu-zodlu danışanda deyirlər: “Dəvədən yıxılıb, yenə də höt-hötünü yerə qoymur”.

Köhnə palanın içini sökür

Ötən çağlarda bir palantikən varmış. Peşəsinin ustası olduğu üçün onun müştəriləri də əskik olmurmuş. Bunun hesabına pulu-parası da çox imiş. O həm də olduqca xəsis imiş. Qazandıqlarını arvad-uşağından gizlədərmiş.

Bir gün o, pullarının hamısını arvadından xəlvət köhnə palanlardan birinin içinə yığıb ağzını yenidən tikir və atılmış köhnə palanların yanına qoyur. Belə edir ki, heç kim bu barədə bədgüman olmasın.

Günlər keçir. Bir gün palançı harasa gedibmiş. Bir müştəri palan almağa gəlir. Arvadı köhnə palanların orasına-burasına baxıb babatının birini-təsadüfən ərinin pul gizlətdiyi palanı təzə palan qiymətinə müştəriyə verib yola salır.

Bir azdan palançı evinə gəlir, görür ki, köhnə palanların əvvəlki səfi pozulub və onlardan biri götürülüb. Arvadından soruşur:

-Palan hanı?

Heç nədən xəbəri olmayan arvad qayıdır ki, bəs mən köhnələrdən birini təzə yerinə müştəriyə sırıdım.

Bu sözləri eşidən kimi palançı bütün köhnə palanları qabağına töküb bir-bir onları söküb içərisini çıxarır və pul gizlətdiyi palanı axtarır.

Bu zaman kimsə bayırdan palançını səsləyir. Səsə arvadı çıxır.

-Ay bacı, mənə palançı lazımdı, bir palan alacağam.

Palançının əlində vacib işi var.

Müştəri təəccüblə soruşur:

-Axı onun tələsik nə işi ola bilər?

-Nə olacaq, köhnə palanın içini sökür.

Məqamı gələndə bu məsəldən istifadə olunur.

Dəbbələmək

“Ə dəbbələmə ey, kişisənsə, sözünün üstündə dur”. “Dəbbələmək nəyə lazımdır, adam adamın qaynar qazanına su tökməz ,axı”.

Danışıq əsnasında işlədilən “dəbbələmək” ifadəsi əski türk ictimai həyatı ilə bağlıdır.

Bir şey haqqında görülmüş işi pozmaq üçün ortaya atılan bəhanə, sözündən səbəbsiz olaraq dönmə “dəbbə” adlanır. “Dəbbələmək”-razılaşdırılmış şeydən, görülmüş işdən boş bəhanə ilə daşınmaq, sözünün üstündən qaçmağa deyirlər.

Sözündən dönən, əhdini pozan, sözünün arxasında durmayan adama dəbbəçi deyirlər.

Dəbbələməyin bir anlamı da var. Ağacdan, sümükdən və s. düzəldilmiş qab da dəbbələmək adlanır.

 

Təhər

            “Başına dönüm, oğul, bu işi bir təhər elə getsin”. “Çox əlləşib-vuruşdum, axır ki, bir təhər yoluna qoydum”. “Vallah ona bir söz demək olmur, o bir təhər adamdı, ey”.

            Cümlələrdəki “təhər” ifadəsi əsasən üsul, yol, əlac, əncam mənalarını bildirir.

El arasında hər hansı bir çətin işi yoluna qoymaq, tədbir görmək, çarə qılmaq, həll etmək “təhər çəkmək” adlanır.

            “Təhərə düşmək”, “təhərə salmaq” ifadələri də görüləcək bir işin normal hala, düzgün həllinə gətirilməsi, təbii hal alması anlamındadır.

“Təhər”in mənfi çalarları da vardır.

            Birisini əhval-ruhiyyəsinin mənfi mənada dəyişməsinə, normal görüşündən əsəbi vəziyyətə düşməsinə, əhvalın pis duruma gətirilməsinə rəğmən deyirlərə filankəs təhərdən çıxıb (“təhərdən çıxmaq”)

Bir işi görmək istəməyəndə qısa cavab verilir: “Təhərim yoxdu”.

Təbii halını dəyişməmək el arasında “təhrini pozmamaq” adlanır.

Gözümü hara qoyum?!

İki cavan oğlan küçənin tinində dayanıb söhbət edirdi. Küçədən isə üç gözəl-göyçək qız keçirdi. Qızlar qəşəng olduqları qədər də cazibədar idilər. Onlar cavanların bərabərliyinə çatanda cavanlardan biri qızları qıyqacı süzür. Bu baxışı duyan qızlardan biri atmaca atır:

- Nə var alə, nöş baxırsan?!

- Nağayrım aaz, baxmaq da pulunandı?- qıyqacı baxan oğlan  avtomat kimi cavab verir: - Gözümü qoltuğuma vurum?!

Cavab qızlara elə ləzzət eləyir ki, onlar dəmiryol vağzalına tərəf burulub gözdən itənəcən qəhqəhələri eşidilir.  

İndi də məqamı gələndə bu məsəli çəkirlər.

 

Elə bil yeddi yetimlə bir dərədə qalıb

Bir kişi borca düşür. Borcunu ödəmək üçün uzaq kənddə yaşayan dostunun üstünə köməyə gedir. Baxıb görür ki, dostu neçə ildir ki, dünyasını dəyişib. Onun dul arvadı yeddi uşağını çox çətinliklə dolandırır. Bir qədər söhbətdən sonra kişi gəlişinin məqsədini açıqlayır. Əlinin aşağı olduğunu, söyləyir. Arvad çiyinlərini çəkir, dolana bilmədiyindən, yeddi uşağı çətinliklə saxladığından gileylənir. Bildirir ki, gün-güzəranı pisdir. Onun özünün pula böyük ehtiyacı var.

Kişi atını minb kor-peşiman geri qayıdır. Arvadı soruşur:

-Nooldu, ala bildin?

Kişi köks ötürərək deyir:

-Yox, ala bilmədim. Bu evi yıxılmışın qızı yeddi yetimlə bir dərədə qalıb.

Bu məsəldən dor-dolanışığı ağır olan adamlara işarəylə istifadə edirlər.

 

Gölə qələm sancan

Peyğəmbər hər gün səhər-səhər bir gölün yanından keçirdi. Həmin göldə atılıb düşə-düşə, çığır-bağır sala-sala bir dəstə oğlan uşağı çimirdi. Ayaqları şikəst olan bir oğlan uşağı isə göldə çimə bilmirdi. Həsrət dolu qəmli gözlərini göldə çimən oğlanlara zilləyirdi, baxırdı, baxırdı.

Peyğəmbər daha həsrət dolu o gözlərin kədərinə dözə bilmədi: “Ya allah-dedi-nə üçün o uşağı eləcə şikəst yaratdın?”

Allah: “Sən mənim ədalətimə şübhə etdin?” soruşdu.

Səhərisi gün peyğəmbər gördü ki, o oğlan şikəstlikdən xilas olub, uşaqlarla birlikdə atılıb düşür, uşaqlarla birlikdə göldə çimir, gözləri gülür və o həsrət yox olub...

Bir gün belə keçdi, iki gün belə keçdi, üçüncü gün peyğəmbər gördü ki, həmin oğlan səhər tezdən gölə gəldi, qarğı-qamışları kəsib bir-bir ucunu iti yondu və gölə baş vurub o qamışları suyun dibinə basdırmağa başladı ki, iti ucları bir azdan gəlib gölə atılacaq uşaqların başına-qarnına batsın...

Peyğəmbər dedi: “Ya Allah! Bağışla məni...”

Dilotu yemisən?

Dilotu yabanı bitki növüdür. Bəzi yerlərdə buna batbatı da deyirlər. Tərkibində məstedici, narkotika olduğu üçün bu bitkidən müalicə məqsədi ilə də istifadə edilir. Bundan istifadə edənlərin bəzisi çox danışır və özlərini qeyri-təbii aparırlar.

Sözünün yerini bilməyən, çox danışan adama rəğmən deyirlər: -Dilotu yemisən?

Qarnınızda paltar yuyursunuz?

Şəhərdən gələn birisi kənd çayxanasına girib çay içir. Baxır ki, çayxanada çox adam yoxdu, olsa-olsa on nəfərdən yuxarı deyil. Çıxarıb bir manat verir çayçıya və deyir:

-Bunların hamısının hesabıdı.

Çayxanada olanlar ona sataşmaq üçün deyirlər ki, birimiz 6 stəkan, birimiz 8 stəkan çay içmişik.

Şəhərədən gələn qayıdır ki, nə xəbərdi əə, qarnınızda paltar yuyursunuz?

Bu məsələdən çox çay içənlərə rəğmən istifadə olunur.

O, gönü çoxdan suya verib.

Bir tacirin bir şagirdi vardı. Şagirdin peşəsi gön təmizləyib aşılamaq idi. Tacir həmişə onu hədələyib deyərdi:

-Nəbadə, gönü suya verəsən, yoxsa dərinə saman təpərəm.

Bir gün şagird gönü çayda təmizləyəndə su gönü onun əlindən alıb apardı. Şagird qorxusundan bir-iki gün tacirin gözünə görünmədi. Amma bu barədə tacirin köməkçisi xəbər tutdu, lakin o da ağasına bu barədə bir kəlmə də olsun söz demədi.

Üçüncü gün tacir şagirdi yanına çağırıb adəti üzrə ona gönü suya verməməyi tapşırdı.

Köməkçi özünü saxlaya bilməyib dedi:

O, gönü çoxdan suya verib.

Bu məsəldən yeri düşəndə istifadə olunur.

 

Dədəsinin də qiymətini üstünə qoymuşdu.

Bir kişi noxta satırmış. Müştəri ona yaxınlaşıb noxtanın qiymətini soruşur. Satıcı elə qiymət deyir ki, o qiymətə iki eşşək almaq olarmış. Matı-mutu quruyur, təəccüblə deyir:

-Əşşi, bunun nəyi var ki, belə baha deyirsən?

Satıcı cavab verir:

-Görmürsən necə möhkəmdi, necə səliqəlidi? Hələ bunun parıldamağına bax. Bunu hansı eşşəyin ağzına vursan, o eşşəyin qiyməti birəbeş artacaq. Ona görə də mən eşşəyin qiymətini noxtanın üstünə qoymuşam.

Müştəri bir söz demir. Sakitcə ondan uzaqlaşır. Yolda bir tanışına rast gəlir. Tanışı soruşur:

-Bazara gəlməkdə xeyir ola? Nə almaq istəyirdin?

O deyir:

-Eşşəyə noxta almaq istəyirdim. Bir az gəzib dolaşdım, nəhayət, bir babatını tapdım. Amma yaman baha deyirdi. Dədəsinin də qiymətini üstünə qoymuşdu, mən də almadım.

Bu məsəl belə yaranıb.

Quşqun təklifi

Quşqun yəhərin quyruq hissəsinə deyilir. Yəhər atın belinə qoyularkən quşqun onun quyruğunun altına keçirilir.

Bəs quşqunun təkliflə nə əlaqəsi?

Bir də gördün ki, gözlənilməz halda evə qonaq gəldi. Qonağın gəlişi ev sahibinin ürəyindən olmadı. Elə qapının ağzındaca qonaqla candərdi hal-əhval tutulur. “Dur get”i “buyur əyləş”dən yaxşı ayırd edən qonaq getmək istəyərkən ev sahibi “əl-ayağa” düşür. Yol ağzında olan qonağa təklif edir:

-Düşüb qonağımız olaydın. İstəyirsən qonaq ol. Bax, buna quşqun təklifi deyirlər.

Dabbaqda gönünə bələdəm

“Mən onu yaxşı tanıyıram. O qədər gönü qalın adamdır ki, hətta dabbaqda onun gönünə də bələdəm”. Bu ifadə Qarabağda indi də işlənməkdədir.

Dabbaq dərinin aşılandığı, təmizlənib xammal vəziyyətinə gətirildiyi yerdir. Əslində bu yer dabbaqxana, bu işlə məşğul olan aam isə dabbaq adlanır.

Sözü qulaq ardına vuran, qalın adamlara işarəylə bu məsəldən istifsadə olunur.

Onun başına it oyunu gətirdilər

Qonşu ölkədən xanın qızına elçi gəlir. Xanın isə bu işə könlü olmur. Buna görə də elçiləri əliboş yola salmaq üçün ortalığa bir “it oyunu” salırlar.

Elçilərlə danışığın şirin yerində bir çapar hövlank içəri daxil olub nəsə pıçıldayır. Vəzir də quşqulu tərzdə elçilərin üzünə baxaraq vəkilin qulağına pıçıldayır. Vəkil də daha şübhəli elçilərin üzünə baxaraq əllərini dizlərinə çırpa-çırpa xanın qulağına nəsə deyir. Xan da hirslə bığlarını çeynəyərək gözlərini elçilərin üzlərinə zilləyir. Hirsli baxışlar bir-birini əvəz edir. Heç kim cıqqırını çıxarmır. Elçilər isə əl-ayağı əsə-əsə olayın nədənini öyrənmək istəyirlər.

Elə bu zaman bayırdan səs-küy gəlir. Səs-küy get-gedə ucalır. Elçilərin qorxusu artır. Xan ordan vəkilin qulağına, vəkil vəzirin qulağına, vəzir eşikağasının qulağına nəsə pıçıldayır. Eşikağası tez-tez bayıra çıxıb çöldən “qorxulu” xəbərlər gətirir.

Bir azdan xan dilinin qıfılını açıb dillənir ki, bəs elçi tərəfin adamları bizimkilərin itini öldürüb.

Hər bir öldürülənin, yağmalananın qanlamasını, bədəlini ödəmək olardı, tək itdən başqa. Qonşu ölkənin başçıları türklərdən at, arvad, hətta torpaq istəyə bilərdilər, amma it istəməyə cəsarətləri çatmazdı.

Gecə vaxtı olan kimi yol qoyub elçilərin qaçmasına imkan yaradırlar. Başlarını it oyunu açılan elçilər qaçıb canlarını qurtarmağı qənimət bilirlər.

Bu məsəldən məqamı düşəndə istifadə edilir.

Evlərinə elə bil köç düşüb

Qışda qışlağa, yada yaylağa köç edən tərəkəmələr, el-elat əhli köç zamanı müəyyən məsafədən bir dayanıb dincəlmək üçün düşəlgə qurarmışlar. Bu düşərgələrə qonar-köçər ellər “çatıq”, “çöskü” deyirlər. Bu barədə Dədə Ələsgərin aşağıdakı misraları da bəllidir:

Köç yeridi, yalqız qaldıq səhrada,

Çək əstərin, çal çatığın çataçat.

Çatıqda çöskülənən tərəkəmələr yükləri yükdən azad edir, çalxarlarını çalxayır, arıq-uruqlarını, axsaq-dabanlarını yerbəyer edir, yemək içmək hazırlayırlar. Müvəqqəti qonulan çatıqda necə gəldi əyləşən tərəkəmələr səliqə-sahmana o qədər də fikir verməzdilər. Bir hovur dincəldikdən sonra yola düzələrdilər. Düşəlgədə xeyli tullantı qalardı.

İndi də pinti, tör-töküntü ev-eşiyə işarəylə deyirlər:

-Bu nə evdi, bu nə eşikdi, hər yan tör-töküntü, elə bil köç düşü