Şakir Xanhüseyn - YOL QƏZALARI
RAMİN İMRANOVUN xatirəsinə
yollarda maşın qəzaları da
bir yoldumu--
savaş yolu, qorxu, qorxutmaq yolu,
arzu, ümid yoluna daş yuvarlatmaq yolu.
ya öldürmək də bir yoldumu,
ürəklərə dağ vurmaq da bir yoldumu?
bir yoldumu
yolları kəndir kimi boğaza dolamaq-
yolçunu yolunda yol qurbanı etmək?
bilmək istərdim, yol qəzaları təkcə
qəza-qədər işimi,
qədər ayağınamı yazılmalı,
ya bir qara əl işimi?
açılmaz bir düyünə dönür yol qəzaları;
kimin nə vecinə ki,
hardasa bir çıraq sönür,
ya elə bir ev yıxılır,
kim sıxılır,
neçə-neçə işıq keçir,
kim bu ölüm yükünü necə qaldırır
kimin nə vecinə...
yollar ki sorğu-suala çəkilməz,
bir daş, ağac şahidtək dindirilməz-
iş olar, bitər...
İlahi, kömək ol, hər gələn gün
gedən gündən betər,
nədir acımasız bir qəza qədər;
eləcə lal-mat durur maşınlar,
təkərlər, şinlər,
baxıb uzaqdan gülür kimlər, kimlər...