Adilə Nəzər - ƏLLİ YEDDİNİN NAXIŞI
Səmanın üzü gülmüşdü,
Dünyaya gəldiyim zaman.
Yaz leysanları kəsmişdi.
Dünyaya gəldiyim zaman.
Dərddən-qəmdən uzaq idim,
Ay nuru kimi ağ idim...
Zülmətdə bir çıraq idim
Həyata güldüyüm zaman.
Ləpəli bir dəniz idim,
Sevincə gedən iz idim,
Ağ vərəqtək təmiz idim,
Yazıla bildiyim zaman.
Ömür nəymiş bir marafon,
Aldım beş-beş, verdim on-on,
Rahat oldum həmişə son -
Tikəmi böldüyüm zaman.
Nağıllar gerçək olmadı,
Bəxt mənə çiçək olmadı,
Bu həyat göyçək olmadı,
Sevib-sevildiyim zaman.
Əlli yeddinin naxışı,
İçimdə bahar yağışı,
Ruhumdakı saf baxışı,
Tut, əldən saldığım zaman.
Adilə, çax, quruyuram,
Bulud, ağla, quru yaram...
Tanrım, Sözü qoruyaram,
Qeydimə qaldığın zaman.
25.05.2026