Əşrəf Veysəlli - GÖZLƏRİN MƏMLƏKƏTİ
Yenə nə söz çıxıb axı dilimdən,
Yenə nə demişəm,- çıxıb getmisən.
O qara gözlərin dünyasına sən
Mənim dünyamı da yığıb getmisən.
Könlümün nəğməli ehtişamını
Dağıdıb getmisən, yıxıb getmisən…
Həsrət evimizə əl uzadıbdır,
Necə də qorxuncdur baxışdan, üzdən,
Bizi ayırıbdır bir- birimizdən,
Hardasa tutubdur söhbətə səni.
Onu bilirəm ki, heç vaxt, heç zaman
Qurban verməmişəm həsrətə səni…
Demə ki, yolumuz haçalanıbdır.
Hicranın gölünə bir daş atmışam,
Hicranın sinəsi parçalanıbdır…
Əgər belədirsə hardasan, harda?
Yelkəni qırılmış bir qayıq kimi,
Qolundan vurulmuş qağayı kimi
Ürəyim çırpınır fırtınalarda…
Qara saçlarıma dən düşüb erkən,
Ürək istəyirəm yaşaya, dözə-
Sənin gözlərinin məmləkətindən
Sürgün edilmişəm öz evimizə .
Qurtar bu sürgündən, qurtar sən məni,
Qurtar ayrılığın qiyamətindən.
Qov, çıxart bu evdən, eşikdən məni,
Qovma gözlərinin məmləkətindən.
1967- ci il.