Əşrəf Veysəlli : -  " DÜNYA DÜZƏLMİR"

Ədəbiyyat 16:35 / 25.05.2023 Baxış sayı: 1165

 

Bilməm zəhəri çox,yoxsa balı çox,

Çox verdim özümə bu sualı çox.

Ərzin nadanından ağsaqqalı çox,

Bəs niyə bu dünya düzəlmir,baba?

M.ARAZ

Biri söz çıxarır söz qabağına,

Dünyanı nəğməylə gözəlləşdirir.

Biri közü eşir öz qabağına,

Əlinə keçəni özəlləşdirir.

Dünya düzəlmir ki,düzəlmir,baba"

Əgər ağız varsa yemək istəyir,

Dil ki var, nə isə demək istəyir.

Çoxu köməksizdən kömək istəyir,

Çoxu ürəksizdən ürək istəyir,

" Dünya düzəlmir ki, düzəlmir,baba".

Əlinə keçirib yüz yeri,doymur,

Özləri doyanın gözləri doymur.

Dünya düzələrdi,..

Özləri qoymur,

" Dünya düzəlmir ki, düzəlmir,baba."

Uzanır yaz ilə qışın davası,

Torpağın davası,daşın davası...

Ən ali,mötəbər məclislərdə də

Katibə davası,maşın davası.

" Dünya düzəlmir ki,düzəlmır,baba."

Bu dərə neçə cür daşqın saxlayır,

Bir gözündə zülmət,bir gözündə nur.

Bu bəy də guya ki qaçqın saxlayır,-

Biri bir " şirvan" a siçan tutdurur.

" Dünya düzəlmir ki, düzəlmir,baba."

Min ildir qayalar belə lal durur,

Cavabı olmayan min sual durur,

Göylərə əl açır fəryad dolu yer...

Dünən Xiyabanda bir ana gördüm,-

Şəhid məzarını qucub qaldırır:

-" Dur ,oğlum!

Dur,mənə çörək pulu ver..."

" Dünya düzəlmir ki, düzəlmir,baba".

Bazardır, alandan satanı çoxdur,

Dayı kölgəsində yatanı çoxdur.

Hələ aralığı qatanı çoxdur,

Ərzın aqilindən nadanı çoxdur,

Onunçun bu dünya düzəlmir,baba.

" Dünya düzəlmir ki,düzəlmir,baba!"

1994.