Elnur Uğur Abdiyev: - Adam

Ədəbiyyat 09:45 / 29.03.2023 Baxış sayı: 1143

 

Qapılar ardında qapıdı əllər,

Pəncərə önündə pəncərə adam.

Döşəmə adam var,tavan adam var,

Adamlar üzündə min cürə adam!

 

Əl verib əlini əlil edənlər,

Dilindən asılır ürəyinəcən.

Baxıram baxdıqca donuram,Allah,

Qaçıram Arktika küləyinəcən.

 

Külək adamların küləklərindən,

Şimal buzlaqları daha yaxşıdır.

Fasadı içinə dönük evlərdən,

Dağlarda soyunmuş kaha yaxşıdır.

 

Qapılar ardında qapıdı əllər,

Qapını açmağa nə var, a bala?

Üzümə açılan qapı tapmadım,

Qapılar açıldı bir- bir dal- dala