Əlisəfa Azayev : - KİŞİNİN ADAMI

Ədəbiyyat 13:45 / 01.10.2024 Baxış sayı: 1347

Təzə polis rəisi Şərif Ağayarovu rayonda sayan yox idi. Qaldan-qeybətdən uzaq olardı. Onunki elə rayon sovetinin təşkilat işi və daimi komissiyalar şöbəsinin müdiri Əli Ağayevlə tutmuşdu. Çox vaxt elə otaqda oturub dərdləşərdilər. Bəzən də rayonun sayılıb-seçilən mərkəzi prospektində gəzinər, söhbət edərdilər. Bir dəfə soruşdu:

  • Fikrin elə burada qalmaqdı?
  • Əlbəttə ki... Öz rayonumdu da...
  • Hakimi əvəz edirsən, ona görə soruşdum.

Doğrusu, onun fikrindəki mətləbi başa düşsə də, açıb-ağartmadı. Axı o, nə qəbahət sahibi idi ki, rayondan uzaqlaşa, didərgin düşəydi. Baxdıqları işlərdə də haqqı-ədaləti müdafiə edir, həqiqətin üzə çıxmasına çalışırdı. Şükür ki, hələlik incik düşən də yox idi.

Başçı Sərvər Həbibov otağında əyləşmiş halda rəhbərin həyatından bəhs edən kinolentə baxırdı. Televizor hərdən yaxşı göstərmədiyi üçün qanı qaralır, ümumi şöbə müdirinin ünvanına gileylənirdi:

  • Bir televizor nədi, onu da təmir etdirə bilmir.

Səbr edə bilməyib, onu daxili telefonla içəri çağırdı... Səsləndi:

  • Bax da, gör tərifli televizorun necə göstərir.

Bəhram and-aman etdi:

  • Cənab başçı, ola bilər... Ancaq inanın ustaya dünən göstərmişəm. Hələ iyirmi manat da hörmətini etmişəm.

Başçı bir andaca qanı qaralmış halda cibindən çıxarıb əlli manat stolun üstə ataraq dedi:

  • Al bunu, çağırıb bir daha baxdırarsan...
  • Yox... Lazım deyil...
  • Götür dedim sənə... Lazım deyil, bəs niyə pul atırdın?!.

Şöbə müdiri pərt halda otaqdan çıxmaq istəyirdi ki, başçı səsləndi:

  • Dayan... Bir sən də bax... O Prezidentin yanında gələn, dayanan bizim təzə polis rəisi deyildi ki?!.
  • Hə də...
  • Lap özüdü?!
  • Vallahi ki...

Prezident özü də sözləri ilə bunu təsdiq etdi:

  • Mən onda Milli Məclisdə çıxış edəndə tək qalmışdım. Səs salır, ayaqlarını yerə döyürdülər... O vaxt bir nəfər mənə yaxınlaşdı... İndi deyəsən hansı rayondasa polis rəisidi...

Başçı dilxor halda susanda, ümumi şöbə müdiri otaqdan çıxdı. Və öz-özünə pıçıldadı: “Ə, bu elə kişinin adamı imiş ki... Ümumi şöbə müdiri bu sözləri qəlbən səbəbsiz yerə təkrarlamırdı. Neçə dəfə təzə rəis İcra Hakimiyyətinə gəlsə də, həmişə başçı demişdi: “Nə vaxt mənimlə görüşüb, razılaşmışdı...De ki, burada yoxdur, qonaqlarladı, təsərrüfatdadır...”

Yazıq şöbə müdiri bu anlar lap xəcalət çəkərdi. Göz görəti polis rəisinə yalan deyəsi, onu aldadası olurdu. O da arif adam idi axı. Hər şeyi başa düşürdü. Bir dəfə lap özünə dedi:

  • Maşını buradadı axı...
  • Yəqin onda özü istirahət otağındadı, yatıb...
  • Belə yorğundu?
  • Axşam şəhid gətirmişdilər axı...

Əslində başçı heç o qarşılanmada yox, səhər şəhidin dəfnində iştirak etmişdi. Daha əlacı nə idi. Deyirdi də... Rəis dedi:

  • Yaxşı, mən gedirəm... Gələndə zəng çalarsınız.
  • Oldu...
  • Gözləyəcəyəm...
  • Xəbər edərəm.

Yenə də başçıya bildirəndə mızıldandı:

  • Bu qarayaxa nə istəyir ey məndən...Gedib işi ilə məşğul ola bilmir. Rayonda cinayətkarlığın sayı günü-gündən artmaqdadır. Profilaktik iş, tədbirləri də yox dərəcəsindədi.
  • Bəlkə, elə bunlara görə sizinlə görüşmək istəyir.
  • Çətin...

Sonradan rəis onunla şikayətçiləri qəbul edəndə görüşdü. Onda da elə ayaqüstü. Halbuki o, polis rəisi idi. Rayon fəallarına lazımi qaydada təqdim olunmalı idi. Lap elə kabinet üzvlərinə də.

Başçı indi ayılan kimi olub, polis rəisinə zəng çalmışdı:

  • Polkovnik, salam!
  • Salam...
  • Televizora baxırsan?
  • Baxıram...
  • Kişi səni yamanca öydü ha...
  • Bəli...
  • Əsl adamısan...

Rəisin dinmədiyini görən başçı dedi:

  • Onda... Siz gələndə də baş qarışıq oldu. Sizi başımınca qarşılaya, təqdim edə bilmədim. İndi göstəriş vermişəm. Kabinet üzvləri...

Rəis tez dilləndi:

  • Cənab başçı, zəhmət çəkməyin lazım deyil. Artıq gecdir...

Başçı gülə-gülə dilləndi:

  • Görüləcək iş heç vaxt gec deyil. Təki görülsün, icrası təmin olunsun... Bizim yerli dillə deyilsə, balığı nə vaxt tutsan təzədi...Allah eləməsin sizi oxşatmıram...Sadəcə misal çəkdim...
  • ...
  • Aktivin iştirakı da təmin olunacaq...
    • ...
    • Sonra da xudmani yerlərin birində əyləşib, sizin rayonumuza gəlişinizi qeyd edirik.
  • Necə məsləhətdi...
  • Sizdən əziz bizə kim olacaq ki...

O gün rayon İcra Hakimiyyətinin akt zalı qısa bir müddətdə fəallarla doldu. Başçı təşkilat şöbə müdiri Cəfərə rəisin yanında sanki özünü göstərirdi:

  • Bəs kabinet üzvlərinin yarısı, o biriləri hanı?!.
  • Gəlirlər...
  • Tez olsunlar!

Zalda əyləşənlər isə bu tez-tələsik toplanışdan dilxor olmuş halda bir-birinə baxır, soruşurdular:

  • Ə, nolub belə?.. Təzə xəbər var?..
  • Nə bilim vallah...
  • Bəlkə, təzə polis rəisini təqdim edəcəklər.
  • Bəyəm  o, indi gəlib?!. Qırxı çıxıb ki...
  • Yəqin başçı içkidən indi ayılıb da.

Başçı, həqiqətən də, bir o qədər içkiyə meyilli olmasa da, hərdən vururdu. Bir dəfə toyda sağlıq deyib, qədəhi yuxarı qaldıranda toyu lentə alan kameranın gözünü zillədi də ona. Başçı bunu hiss edib əlini aşağı saldı. Di gəl ki, bu qanmaz oğlan onu başa düşmədi də... Düz üç dəfə bu hərəkəti təkrar olundu. İstəmirdi ki, onu içki içdiyi yerdə görsünlər.

Başçı əvvəl otağında polis rəisini kabinet üzvlərinə təqdim etdi:

  • Tanış olun...

Səslər eşidildi:

  • Biz çoxdan tanışıq...
  • Şərif müəllimdir...
  • Cənab Ağayarov...

Başçı dilxor halda onların sözünü kəsdi:

  • Balıq nə vaxt tutulsa təzədi...
  • Əlbəttə ki...
  • Menyuda hökmən balıq olsun.
  • Təzə balıq...

İcranın zalında, rayon fəallları ilə görüşəndə isə başçı dil-boğaza qoymadan deyirdi:

  • Bizim təzə polis rəisimiz Şərif Ağayarovla tanış olun... Rütbəsi polkovnikdir. Qarabağ cəbhəsində, döyüşlərdə olub. Biz inanırıq ki, arxa cəbhədəki fəaliyyəti də bizi qane edəcək...

Kimsə dilləndi:

  • Onu indicə televizora gördüm...

Pıçıltılar eşidildi:

  • Milli Məclisdə...
  • Kişinin adamıdı da...
  • Başçı yarınmaq istəyir...

Bütün bu canfəşanlıqlara baxmayaraq polis rəisi özünü çox soyuq, təmkinli aparırdı. Hətta onun şərəfinə təşkil olunmuş ziyafət vaxtı da... Başçı sağlıq deyəsi oldu:

  • Götürün qədəhləri... İçək bunu şəxsən təzə polis rəisimiz Şərif canın sağlığına... Ağayarov soyadı respublikada tanınmış bir şəcərəyə məxsusdur. O da belə bir ailənin övladıdı... Rayonumuza xoş gəlib, səfa gətirib... Qədəmləri uğurlu, işi avand olsun!

O gündən sonra təzə polis rəisinin qulluğunda duranlar, ona yarınmaq istəyənlərin sayı çoxaldı, hesabı bilinməz oldu. O isə yenə də elə rayon sovetinin şöbə müdiri Əli Ağayevlə zəngləşər, əlaqə saxlayar, görüşərdilər. Görüşəndə də deyərdi:

  • Ə, bu başçı nə qəribə adamdı.
  • Humanitar sahə üzrə müavin iqtisadçını gətirib... Deyəndə də deyir ki, onu Prezident Aparatından tapşırıblar.
  • Ola bilər... İndi ki, vəziyyət dəyişib. Həmin adamın bu rayona bağlılığı vardı da...
  • Bilirəm...

Kabinet iclaslarının birində başçı sanki öz hərəkətlərinə peşman kimi dedi:

  • Elə mənə vaxtında dedilər. Eşitmədim... Rayonda ideoloji iş yox dərəcəsindədi. Heç bir təbliğat-təşviqat işi aparılmır...Sonra üzünü bu sahəyə baxan müavinə tutdu:“Bəyəm pislik elədik sənə?! İşlə, fəaliyyətlə ol da... Cavan adamsan key, yuxulu adam kimi gəzib dolanırsan.

Bu vaxt otaqda əyləşənlər arasında pıçhapıçlar baş alıb getdi. Bu da səbəbsiz deyildi. Hakim məzuniyyətə gedəndə əvəzçiliyi ona tapşırıb getmişdi. Qayıdanda soruşur:

  • Alı, vəziyyət necədi?

Alı isə o an dillənir:

  • Cənab hakim, burada oturub hakimi əvəz etməkdənsə, bir neçə qoyunu aparıb otarsaydım, çobanlıq etsəydim daha yaxşı olardı.

Hakim heyrətlənir:

  • Ə, niyə?!. Nolub ki?!.
  • Nə olacaq, pul verən yoxdur.

O gündən sonra polis rəisinin xətir-hörməti əsl mənada pik həddinə çatmışdı. Hə də günü qara olmuşdu. Daha doğrusu, elə başçının əlindən. Rayona bir jurnalist gəlsəydi də dərhal ona zəng çalır, dəvət edirdi:

  • Şərif müəllim, zəhmət çək, dur gəl bura da.
  • işim var axı...
  • Sonra görərsən...

Çox vaxt belə gəlişləri zamanı bolluca süfrə açdırar, doyunca yeyib-içərdilər. İndi də qonağı köhnə tanışlardan biri idi. Yolla keçəndə ona qonaq olmuşdu. Görüşəndə onu təqdim edərək dedi:

  • Polkovnik Şərif Ağayarov bizim polis rəisimizdir...
  • Çox gözəl...
  • Özü də bir başqaları kimi deyil. Kişinin xüsusi hörməti var ona...
  • Bilirəm...Televizorda görmüşəm...
  • Çox gözəl...

Günlər, aylar keçdikcə başçı əsl mənada polis rəisindən xoflanmağa, onun əsirinə çevrilməyə başladı. Rayonda da söz-söhbət baş alıb getməkdə idi. Deyirdilər ki, bu yoxlamalar səbəbsiz deyil... Polis rəisləri başçı gələcək.

Hətta bir dəfə Ağayarov özü bu məsələyə aydınlıq gətirməyə başladı. Onun kabinetində ikilikdə oturub söhbət edəndə dedi:

  • Eləsi var çaşıb mənə başçı deyir.

Başçı gülümsədi:

  • Axır-başı belə olacaq da...
  • Yoxsa siz də belə düşünürsünüz?! Qətiyyən!..
  • Olanda nolar ki?..

Polis rəisinin başçının bu mütiliyinə lap acığı tutdu:

  • Belə söz-söhbətlərə gərək yoxdur. Hamının işi var, öz vəzifəsini icra etsin...

Bir neçə dəfə o, maşınını işə gedərkən, polis şöbəsinin yanında saxlayıb, onunla görüşə gələndə lap dilxor olmuşdu... İndi də belə hərəkət elədi. Hətta onun qarşısına çıxıb, onu əsgəri qaydada salamlayan polis nəfərindən soruşdu:

  • Rəis yerindədi?
  • Bəli, cənab başçı.
  • Keçmək olar da?!
  • Buyurun...

Növbətçi zabit Habil Hacıyev onunla görüşərək, onu polis rəisinin yanına aparası oldu. Serjant dərhal məlumat verdi:

  • Cənab rəis, başçı gəlib...
  • Hanı?..
  • Daha doğrusu, otağınıza tərəf getdi.
  • Ey... Bunun da bir abır-hayası yoxdu da...

Görüşəndə polis rəisi ona açıq dedi:

  • Sərvər müəllim, vallah-billah yaxşı etmirsiniz.
  • Gəlmək olmaz?!.
  • Niyə olmur?!. Görüşmək istəyirsizsə, deyərdiniz gələydim də...
  • Belə yaxşıdı... Kişinin adamısan da...

Polkovnik həmin rayondan uzaqlaşanda lap sevinən tək oldu. İnsanlar niyə belədir görəsən? Əlbəttə, hamısı yox...Başçının belə narahatçılığı da səbəbsiz deyildi. O, bu sahədə təsadüfi adam olduğu, lazımi iş təcrübəsi olmadığı üçün hər şeydən narahat olur, vahimələnirdi. Yadında idi, rayon sovetinin deputatı olanda, bir dəfə hansı tədbir üçün isə pul yığılırdı. Dedi: “Bilirsən də, əvvəl belə tədbirlər üçün yüz manat pul verirdim...İndi RTS parçalanıb dört yerə... Mənim payıma iyirmi beş manat düşür...