Ələsgər Əlioğlu - TAPANMADIM EVİNİZİN YERİNİ

Ədəbiyyat 08:29 / 07.10.2026 Baxış sayı: 1540

 

Cığırlara kəmənd ata bilmədim,

Mən zənnimdən üzdüm daha əlimi.

Yaddaşıma çıraq tuta bilmədim,

Qatı duman tutdu neçə ilimi...

 

Yeri-yurdu talamışdı yağılar,

Az qalırdı daş da yanıb-yaxıla...

Dərd sinəmi eləsə də yağır ha,

Səbrim yenə səngitmədi selimi.

 

Bircə himə düz dörd əlli gəlmişdim,

Yol-izimi düzəməlli gəlmişdim...

Bu oymağa mən ki yelli gəlmişdim,

Gördüklərim bir-bir aldı yelimi...

 

Qənşərimə çıxmadı dost-tanışım,

Ürəyimə şırım çəkdi qəm xışı...

Heç vecimə almadım gur yağışı,

Boşalınca buludların yelini...

 

Şeirimi həkk elədim sinəmə,

Söz köksümdə dolub oldu siləmə...

Əl atmadım daha dəftər-qələmə-

Qoltuğuma aparmadım əlimi...

 

Hər enişin, hər yoxuşun acı mən,

Sevincimə necə qucaq açım mən!?

Tapdım burda neçə ağrı-acı mən,

Tapanmadım evinizin yerini!..

10.04.2025