Ələsgər Əlioğlu : - BİR DƏSTƏ QƏRƏNFİL

YAZARLAR 12:22 / 29.11.2024 Baxış sayı: 1412

                                                                 (Hekayə)

Aylinin nənəsi gül həvəskarıdır. Həyətdə o, qəşəng bir güllük salıb. Burada hər cür gülə rast gəlmək olar. Qızılgül, məxmərgül, zanbaq, nilufər, qərənfil... Bunların hər biri də xoş ətir yaymaqla yanaşı, həyətə xüsusi bir gözəllik də verir...

Bir gün Aylin nənəsigilə gəlib gül dərmək istədiyini bildirdi.

Nənə dedi:

-Əziz balam,mən əlimdə nəhrə çalxalayıram. Bunu yarımçıq buraxa bilmərəm... Bağ qayçısını dolabdan götür,get hansı güldən istəyirsən dər. Ancaq ehtiyatlı ol, barmağına tikan batar...

Aylin nənəsi dediyi kimi də etdi və bir azdan güllükdən çıxdı... Nənə baxıb gördü ki, qızın əlindəki ancaq bir dəstə qərənfildir... O, təəccüblə nəvəsinə dedi:

-Qəşəng bala, neçə cür gül-cicək var... Yoxsa tanımırsan?.. Niyə hər birindən dərmədin?

-Nənə, mənə ancaq qərənfil lazım idi. Sabah məktəbimizin şagirdləri şəhidlərimizin məzarlarını ziyarətə gedəcəklər...

Nənə doluxsunan kimi oldu və sonra dilləndi:

-Azlıq eləməz ki, qəşəng balam?

-Yox, nənə, sayıb dərmişəm!..