Ehtiram İlham : - Burası Tanrı dağı, sevgimizin məskəni

Gündəm 21:05 / 12.06.2024 Baxış sayı: 1644

Burası Tanrı dağı, sevgimizin məskəni,

Burdan pərvaz eləyib ruhumuz üfüqlərə.

Kiməm, hardan gəlmişəm,.. burda bularsan məni,

Burdan içim atdanıb sığışmaz göyə, yerə.

 

Turan burdan yol alır, bura Türkün sınırı,

Gör neçə min illərin izi yaşayır burda.

Taleyin ən qiymətli mülkü, dövləti, varı -

Canlara qurban olan can qurban olur Yurda.

 

Ucadı, ulduzlar da ondan aşağıdadır,

Dünyanı qoca Türkün sevgisi yaşadacaq.

Adı çəkilən anda ağızlar da bal dadır,

Ürəklər eşqi ilə rahatlıq tapır ancaq.

 

Hər yana haqq-ədalət qılıncıyla yayılan,

Dünyalar nizam durar atlarının səsindən.

Uca sözə can verib, qara saza bayılan

Başqa irq keçə bilməz bir də yer kürəsindən.

 

Hara ayaq basıbsa, silinməz izi qalıb,

Harda Türk yaşayırsa, orda bir ərənlik var.

Cahan özgürlüyünə elə burdan yol alıb,

Bir də azadlığına yenə burdan başlayar.

İssık Göl.

12.06.24.