Kəmaləddin Qədim: - Nə yaxşı

Ədəbiyyat 11:41 / 23.07.2025 Baxış sayı: 890

NƏ YAXŞI...

Dedim bəlkə heç yazmağın yeri yox,

Arada bir yeri qalır nə yaxşı...

Elə, yenə biri varsa, biri yox,

Biri gedir, biri qalır nə yaxşı...

Öz evini qızdırmır öz sobası,

Öz başında çatlayır öz davası.

Dörd yanını sel aparır, su basır,

Bir tərəfi quru qalır nə yaxşı...

 

Bilinmir kim yadı, kimdi doğması,

Kimə haram, kimə halal loxması.

Baş soxmağa bir qaranlıq daxması,

Bir qaranlıq goru qalır nə yaxşı...

 

Ətrafında nə matahlar dolanır,

Tamahları, nəfsləri sulanır.

Çeşmələri, bulaqları bulanır,

Göz yaşları duru qalır nə yaxşı...

 

Elnən gələn toyu, yası bitibdi,

Nə barışı, nə savaşı bitibdi.

Oynalınıb çox havası, bitibdi,

Çalınmamış suru qalır nə yaxşı...

 

Bu dünyanın əşrəfi sən, yeri di,

Mələk səndən, huri səndən geridi.

Adam ölür ayaq üstdə, diridi,

Adam ölür, diri qalır nə yaxşı...