Əbülfət Mədətoğlu : -  YUXULARIM...

Ədəbiyyat 10:27 / 04.10.2023 Baxış sayı: 820

 

Yuxuları suya deyib yozuram,

Durulanır , yuxularım beləcə!..

Hisslərimi ağ kağıza yazıram -

Qurulanır . yuxularım beləcə...

 

Ürəyimin qabığını soyuram,

Gözlərimi kökünəcən oyuram...

Mən qarşıma hər gün şəkil qoyuram -

Uralanır , yuxularım beləcə!..

 

Ortalığa , sözü boşa atmıram

"Matah!"- deyib , nə də ki, söz satmıram.

Bu bəllidi - gecə, gündüz yatmıram -

Sıralanır, yuxularım beləcə!..

 

Bir ünvan var, birdi ona xitab da,

Maraq etdin, araşdırıb di, tap da!..

Adım kimi dəftərdə, həm kitabda -

Qaralanır, yuxularım beləcə!

 

Sən də hərdən mənim kimi , köz qovur

Görəcəksən , tüstüsündən söz doğur!

Mədətoğlu yollarında göz qovur -

Paralanır, yuxularım beləcə!