Əbülfət MƏDƏTOĞLU : - Darıxaq sevgimiz üçün

YAZARLAR 05:28 / 14.11.2022 Baxış sayı: 870

 Bunu Kəmalə Abıyeva da deyir

 

Hərdən mənə elə gəlir ki, bütün şairlər, eləcə də bütün ruhunda, ürəyində sevgi olanlar bir köynəkdən çıxıblar. Hamısı eyni havanın notları üzərində gəzişirlər, eyni cür yaşayırlar, eyni cür düşünürlər. Təbii ki, bu, mənim hissiyyatımın sözə, sevgiyə, ətrafa baxışımın diktəsidi. Və mən də bəzən o diktəni yenidən şeirə çevirirəm, yenidən öz yaşamımı əlavə edirəm və beləcə öz sözüm, öz sevgim, öz ürəyimin, öz ruhumun əks-sədasına çevrilir... Bax, onda rahat olduğum qədər də qayğılanıram. Çünki göz də, könül də Səni axtarır. Mənə təzə sözü, təzə şeiri yazdıran, təzə yaşamı ömrümə, günümə biçən Səni!

Əlimdəki kitabın müəllifi bu gün Azərbaycanda daha çox diqqət mərkəzində olan, daha çox izlənən və daha çox da öz məntiqi və bir də daxili zənginliyi ilə gözəlliyini tamamlayan bir xanımdı. Gənclik illərimdən tanıdığım və bu gün də doğma bir İnsan kimi həmişə sayqı duyduğum bu xanım populyar nəğmələrin də müəllifidi. Mövzunu uzağa çəkmədən demək istəyirəm ki, sizə bir şeirdən söz açacağam. Yəni «Darıxacaqsan» deyən bu şeirin müəllifi, həm də o şeirin çap olunduğu kitabın sahibi Kəmalə Abıyevadı. Kəmalə xanım bu səhər, lap  dəqiqi   dan yeri yenicə söküləndə məni  kitabxanamdan öz poetik dünyasına qonaq apardı. Əlimdən tutan da, məni bu görüşə hazırlayan da «Darıxacaqsan» oldu:

 

Bir səhər qapını külək döyəcək

Ümidlə qapıya boylanacaqsan.

Addım səslərinə möhtac yollar tək

Bir səhər mənimçün darıxacaqsan.

 

Bəlkə də inanmayacaqsınız. Amma Allah şahiddir ki, mən o gecəni də, o səhəri də darıxmışam. Hətta əlim telefona tərəf də gedib, xəyalım onun olduğu yerə də. Amma neyniyim ki, əlim çatmadığı kimi, xəyalım da cavabsız qayıdıb üstümə. Baxmayaraq ki, içimdəki ümid öz alovu ilə ürəyimi də, ruhumu da qarsıyırdı. Və mən də həmin o məni alovuna bürüyən sevgi atəşində nə vaxtsa yazdığım misraların qapısını döydüm. Onda mən yazmışdım ki:

 

mən zəng

gözlədim

bütün günü

sən isə

guya başın qarışdı

işlərin çoxluğundan

unutdun...                                                             

 

Siz yaşanmış hisslərin ifadəsi olan bu bir parça şeirin cizgilərinə, qatlarına, bütövlükdə görünən və görünməyən nöqtələrinə nəzər yetirsəniz, onda mənim nə çəkdiyimi, nə yaşadığımı yəqin ki, hiss edərsiniz. Çünki bu duyğu, əvvəldə dediyim kimi, eyni nota köklənmiş hər kəsin mahnısıdı, nəğməsidi, havasıdı. Sadəcə ifaçılar və ifa şəraitləri fərqlidi. Elə Kəmalə xanımın «Darıxacaqsan»ında da bunu açıq-aşkar görmək mümkündür:

 

Bir axşam aynada yağış dinəcək

Sən də o yağışa qoşulacaqsan.

Kövrəlib pəncərə şüşələri tək

Bir axşam mənimçün darıxacaqsan.

 

Şeirin bu bəndini təkrar oxuyuram və elə bilirəm ki, həqiqətən önümdə bir yağış döyəcləyən pəncərə var. Və o pəncərənin yağış tutmayan tərəfindən Sən boylanırsan. Baxışlarının işığı, istisi aşıb gəlir mənə tərəf. Yağışın damcıları bir az Laylaya   də bənzəyir, pıçıltıya da bənzəyir. Öz həzinliyilə adamı elə kökləyir ki, hərdən unudursan hər şeyi. Sanki o yağış üz-gözünə yağır və Sən əlini uzadıb onun yanaqlarından süzülən yağış damcılarını götürmək, silmək istəyirsən... Bax,  şeirin diktəsi də, mənzərəsi də, gücü də, rəssamlığı da burdan axıb gəlir oxucuya tərəf. Onda mən həmin o gördüyüm şəkilin ürəyimdəki obrazına üz tuturam və:

 

mənimlə

şəklin danışdı

sirr verdi

mənim

sənin üçün

yoxluğumdan...

 

Apardığım bu paralel, yəni şeirlərin bir-biri ilə qarşılaşması zənnimcə həm auranı gücləndirir, həm də bu auranın işığını da artırır. Çünki iki ürək, iki ruh fərqli müstəvilərdə, fərqli qələmlərdə eyni mövzunu kağıza köçürür. İksi də həsrətdi, iksi də tənhalıqdı, iksi də  darıxmaq və gözləməkdi. Bax, bu eyni mövzu məni Kəmalə xanımın şeir dünyasından ayrılmağa qoymur. Çünki həmin dünyada mənim də darıxmağım təkcə yaddaşımda təzələnmir, həm də bütün varlığımda özünü hiss etdirir. Kəmalə xanım yazır ki:

 

Sığınıb qəlbinin döyüntüsünə,

Küləyin səsinə, yağış səsinə.

Hər səhər mənimçün darıxacaqsan,

Hər axşam mənimçün darıxacaqsan...

 

Əvvəldə də xatırlatdım ki, həqiqətən ruh doğmalığı olanda fikirlər üst-üstə düşür, səsləşir və bu səsləşmə də bəzən kimlərəsə sözün təkrarı kimi görünür. Lakin bir Allah şahiddir ki, gecəni, gündüzü, bütövlükdə ömrün hər bir anı sənsiz darıxan varsa, deməli, sevgi də, sevgidən yazılanlar da gerçəklikdir... yaşanmışdır və yaşanacaqdır. Bax, onda eşitdiyin hər söz, qapını döyən hər bir xəbər məni sənə, səni mənə xatırladacaqdı:

 

və bu qəfil xəbər

günəş tək

yardı buludu

kirpiklərimi

qurutdu...

 

Təbii ki,  bu xəbərin artıq ilk cizgilərini sizə çatdırdım. Siz də bildiniz ki, söhbət hansı duyğudan, hansı hissdən və hansı sözdən gedir. Bunu biləndən sonra darıxmağın nə demək olduğunu da anlamaq artıq asanlaşır. Bax, mən də Kəmalə Abıyevanın özünün, eləcə də mənim onunla paralel olaraq başqa bir müstəvidə necə darıxdığımı artıq sizin üçün açıqladım. Hətta bu açıqlamada Kəmalə xanımın şeirinin həm bəndlərini təqdim etdi, həm də onun mənə görünən ən duyğusal nöqtələrini şərh  etməyə çalışdım. Elə son bənddə də siz bunun bir daha şahidi olacaqsınız:

 

Hər səhər bir axşam ömrü bitəcək,

Hər axşam bir səhər ömrü bitəcək.

Beləcə hər günlə ömür ötəcək,

Bir ömür mənimçün darıxacaqsan,

Bir ömür səninçün darıxacağam.

 

Həqiqətən, ürəyin, ruhun darıxmağı yozulacaq, yazılacaq qədər çətin, həm də yaşamağa layiq hissdi. Bunu bacaran, sevgisini dəyərləndirən, dərk edən İnsandı. Mənə görə bu cür insanlar həm Allaha yaxındılar, həm də böyük mənada insanlara. Bax, mən də öz duyğularımı ifadə etdiyim şeirin sonunda həmin o anlayışı təqdim etməyə çalışaraq vurğulayıram ki, sevgiyə səndən və məndən başqa heç nəyin dəxli yoxdur:

 

mən hələ də zəng gözləyirəm...

sənin də

hələ də

işlərin çoxdu.

mənim gözləməyimin,

sənin işlərinin

ortada qalan

sevgiyə

heç dəxli yoxdu!

 

Bəli, bu səhər, bu gecə və bütün ömrüm boyu darıxdığım Sən yaxşı ki varsan. Və bunu təkcə mən demirəm, həm də Kəmalə Abıyeva deyir. Eləcə də bütün şairlər və bütün sevənlər bu fikirdədir. Darıxaq sevgimiz üçün!