Əbülfət MƏDƏTOĞLU:: - AY ADAM!..

YAZARLAR 07:34 / 21.03.2023 Baxış sayı: 1670

Hələ də ayrıla bilmədiyim "Mənim Füzulim”dən içimə işıq kimi axıb dolan bir çağırış var. O səsin həm həlimliyi, həm zabitəsi, həm də bir "dayan!”, "düşün!” deyən bir hökmü var. Təsəvvür edin ki, harasa, hansısa bir iş dalınca durub yır-yığış etmədən qapını bağlayıb gedirsən. Dəhlizin sonuna çatmamış kimsə arxadan həmin o dediyim səsin notları üstündə səni səsləyir:

- Ay adam!..

Çevrilib səsə tərəf baxırsan. Səs var, amma səsin sahibi yoxdur. Düşünürsən, elə bilirsən ki, səni qara basır. Hardasa özündən xoflanırsan da. Bəlkə bu səs qeybdən gəlir. Bəlkə elə bu səs sənin qulaqlarındadı, yaddaşındadı?! Amma yox! Axı bu səs sənə tanışdı! Bu səsin sahibini tanıyırsan! Bax, bunu tapıb, bunu özün üçün dəqiqləşdirəndə o səs yenə eşidilir:

- Ay adam!..

Bu sənin özünün, indiki məqamda isə Füzulinin səsidi. Sən, yəni Füzuli özün öz səsinin içindən çıxıb dağa-daşa, Yerə-Göyə, Tanrıya, hətta Tanrının oturduğu Göyün yeddinci qatından o biri tərəfə də üzünü tutub deyirsən:

- Ey Füzuli!..

Bəli, bu, havalanmış bir adamın çağırışı deyil, sədası deyil. Mənə görə bu, hamıyla danışmağı bacaran, hamının dilini bilən, hamını öz əhatə dairəsinə cəlb etmək qüvvəsinə malik bir varlığın adamlara, bütün canlılara müraciətidi. Yəni bu "Ey Füzuli” hayqırtısı bir anlıq da olsa, Yeri fırlanmaqdan, canlıları hərəkətdən dayandırmaq qüdrətidi. Onu akademik Kamal Abdulla özünəməxsus üslubla mən oxucuya da çatdırır, hopdurur. Və mən artıq hiss edirəm ki, "Ey Füzuli!” deyən hardasa indiki anda "Ey oxucu!”, "Ey Əbülfət!” də deyir.

 

Təbii ki, mən bu çağırışın neçə qapıdan ibarət olduğunu özüm üçün fəhm etmişəm. Amma Kamal müəllimin çözümü məndə öz inancıma bir təkan, bir təkamül də veribdi. Yəni artıq bir az da fəzanın dərinliklərinə yuvarlanmaq şansı əldə etmişəm. Və oradan özümə də, öz iç dünyama da boylanmaq imkanı tapmışam. İndi rahatlıqla içimə çəkilmək, ordakı ADAMla söhbətləşməyin həm sevincini, həm də kədərini yaşaya bilirəm. Həmin sevinclə kədər mənim Füzulidən canıma hopan təkliyin, tənhalığın və bir də çevrəmdəkilərə sayğım, sevgimdi...

"Ey Füzuli!” çağırışı bir xitab olaraq mənim üçün həm də hərəkətdi. Bu müraciət yeriməkdədi. Bir yerdə dayanmır. Eşitmək, dinləmək qabiliyyəti olan hər kəsin qapısını, pəncərəsini döyür, yaddaşın qatlarını vərəqləyir. Və nəticədə cəmiyyət, canlı olan nə varsa hamısı az-çox oyanır, özünü anlamağa, özünü dərk etməyə meyllənir. Bunun səbəbi də akademik Kamal Abdullanın dediyi kimi, Füzulinin başdan-başa ümid olmasıdı! Elə həmin ümiddir ki, bir az səs formasında, bir az söz formasında, bir az işıq cildində gözümüzə görünür. Şəxsən mən Kamal müəllimin "Füzuli xatırlayır: "Ey Füzuli!..” essesini oxuyarkən Füzuliyə bir az da yaxınlaşdım. Anladım ki, o, özünün özünə, özündən dünyaya çağırışında bir Allah bəndəsi olaraq məni də unutmayıb, məni də səsləyibdi. Bu yanaşmamda, bu təklikdən, tənhalıqdan xilasım üçün özümdə inam yaradıram. Və o inancda, təbii ki, Füzulini mənim üçün bir müəllim kimi öyrədən, mənimsədən akademik Kamal Abdullaya minnətdaram. Və demək istəyirəm ki, "Ey Adam!” deyəndə, mən artıq "Ey Füzuli!”nin işığından tutub gedirəm.