Əbülfət Mədətoğlu : - Anın pıçıltısı...

Ədəbiyyat 08:32 / 18.11.2023 Baxış sayı: 2849

 

Qapını döyürəm , açmadan "get!" de

Cəzamı çəkməyə göndər sən məni...

"Sənə nə demişəm , sən onu "et"" -de -

Yenidən başına döndər sən məni!..

 

Bilim ki, gəlməyim könlüncə oldu,

Gözlərin yol çəkdi, fikrin qarışdı...

Arada qəlbinə hıçqırıq doldu -

Kirpiyin bir damla yaşla barışdı...

 

Yanağın oxşadı əlim, qapının

Tutacaq yerini sıxıb...saxladım.

Ucundan yapışıb xəyal sapının -

Əlimi əlinə sanki bağladım!..

 

Unudub həmin an bu soyuqluğu

"Get!" deyən səsini götürüb getdim...

Amma , deməsəm də, özün bilirsən -

Səni bu gecə də ziyarət etdim...