BU TƏXRİBATDAN BAŞQA BİR ŞEY DEYİL - Aqil ABBAS yazır

Ölkə 44 günlük ağır bir müharibədən zəfərlə çıxıb. Qarabağ azad olunub, amma müharibə hələ bitməyib. Demək olarki, Ermənistan 10 noyabrBəyannaməsinə əməl etmir. Hər gün həm sərhəddə, həm də Qarabağın daxilində erməni silahlı qüvvələri bizim postları, kəndləri atəşə tuturlar. Elə bugünlərdə Ermənistan silahlı qüvvələri bütün sərhədboyu hücuma keçdilər, nəticədə Azərbaycan 80 şəhid verdi, 250-dən çox yaralımız var.
Həm dövlət, həm xalq olaraq birləşib torpaqlarımızı qoruyuruq, yəni böyük problemlərimiz var. Və bu problemləri həll etmək üçün dövlət və hökumət var gücüylə işləyir.
Belə bir zamanda dövləti və xalqı fikrindən yayındırmaq üçün həm xaricdən, həm də daxildən təxribatçı qüvvələr öz əməllərindən əl çəkmir.
İndi də «Göyçə-Zəngəzur Respublikası» adlı zərərli bir ideya atıblar ortalığa. Keçmişi ləkəli Rizvan Talıbov adlı bir şəxs özünü bu respublikanın prezidenti elan edib, haşdan-puşdan dövlətin srtrukturlarını yaradıb, özünə Türkiyədən də bir müavin təyin edib, Nazirlər Kabineti və Parlament təşkil edib, nə bilim nazirlər təyin edib və sair və ilaxır, at gəldi örkən apardı, it gəldi çarıq.
Çox qəribədir ki, hətta Zəngəzur-Göyçə respublikası adından İraqa nümayəndə heyəti də göndərib, bayrağı-filanı, Ankarada ofisi.
Bildiyiniz kimi, uzun illərdir ölkədə Qərbi Azərbaycan icması fəaliyyət göstərir, məramı və proqramı aydındır, mətbuatda bu haqda çox yazılıb deyin təkrar etmək istəmirəm. Bu icmanın əsas məqsədi odur ki, Ermənistanla sülh müqaviləsi imzalanandan sonra Qərbi Azərbaycandan, yəni indiki Ermənistandan olan soydaşlarımızı yenidən doğma yurd-yuvalarına qayıtmasında dövlətimizə yardımçı olsunlar. İndi bu icma da bəyanat yayıb ki, Göyçə-Zəngəzur Respublikasını tanımırlar.
Bu respublikanın yaradılması təxribatdan başqa bir şey deyil. Əgər hüquq-mühafizə orqanları və gizli xidmət servisləri diqqətlə araşdırsalar ( və yəqin ki, araşdıracaqlar) görəcəklər ki, bu təxribatda həm Ermənistanın, həm də İranın əli var. Əgər bu gün Ermənistan ərazisində bircə azərbaycanlı yaşamırsa və kimlərsə belə bir respublika yaradırlarsa, onda Ermənistan da dünyaya bəyan edəcək ki, bizim də haqqımızdır Qarabağda yaşayan ermənilər üçün respublika yaradaq, dövlət yaradaq və sair və ilaxır.
Bu qurama respublikanı kim maliyyələşdirir? Ankaradakı ofisin pulunu kim verir? İraqa gedən nümayəndə heyətini kim maliyyələşdirir? Bunları araşdırıb-aydınlaşdırsaq kimin əlinin kimin cibindən çıxdığını görəcəyik.
Bunu mətbuatda və sosial şəbəkələrdə müzakirə etmək də yersizdi, əksinə, onların reklamıdı. Ona görə də qoyun bu işlə hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizlik Xidməti məşğul olsun.