BU DA 65…- Vaqif İsaqoğlu yazır

YAZARLAR 12:59 / 30.11.2023 Baxış sayı: 3498

Bu da 65…

Ürək hələ sevinclə döyünür. Axı bu Müzahimin ürəyidir.

Ömür  mənalı, şərəfli yaşandığına görə öyünür. Axı bu Müzahimin ömrüdür.

70-də də belə olacaq…

80-də də belə olacaq…

Mən hələ 90-nı, 100-ü demirəm. Hələ onu da demirəm ki, 65 yaşlı Müzahim özünü 50 yaşlı Müzahim kimi hiss eləyir. 15 il öncə «Ömrün ekvator xətti» kitabını oxuculara təqdim eləmişdi və oucular da onun 50 yaşının tamamına inanmaq istəmədilər.İndi də inanmırlar. Axı Müzahim özünü 30-35 yaşlarında olduğu kimi hiss eləyir. Enerjilidir, qüvvətlidir, cəlddir, çevikdir, həyat sevgisi, yaşamaq eşqi tükənməzdir. Gözə gəlməsin! Ancaq neləyəsən ki, hər kəsin doğum tarixi var. Müzahimin doğum tarixi 1958-ci ilin 5 dekabr gününə təsadüf eləyib. Yox. Bu, təsadüf deyil. Tanrının istəyidir. Tanrı yer üzünün yaxşı adamlarla daha çox olmasını istədiyinə görə  Müzahimi  də bu dünyaya bəxş elədi. Və bu dünya həm də onun çiyinlərində durmağa başladı. Və həm də dünyanın ritminin pozulmaması üçün Tanrı onun kimi ziyalılara, mərd kişilərə, işıqlı insanlara böyük ehtiyac olduğunu bizlərə anlatdı.
Bu da 65…
Və 65 ildir ki, Müzahim ürəklərə sevgisini və səmimiyyətini paylayır. Və o, 45 ildən  çoxdur ki, sözlə nəfəs alıb sözə nəfəs verir. Sözü sanki dirilik suyudur, ruhun dərmanıdır, sözü anlayanlar üçün mənəvi qidadır.
Müzahim sözlə Tanrının ona verdiyi missiyanı şərəflə yerinə yetirir. Onun kitablarını yüz ildən sonra da açıb oxuyan oxucu sözlərin nəfəs aldığını, diri qaldığını, sətirlərin, misraların tərpəndiyini görəcək və deyəcəklər: - Müzahim İsmayılzadənin ruhu şeirlərində, hekayələrində, povest və romanlarında yaşayır. Məhz ona görə də o da Allah və sevgi kimi öz əsərlərində yaşayacaq.

Hər bir əsərini ədəbiyyatımıza, mədəniyyətimizə ən dəyərli bir hədiyyə kimi təqdim edən Müzahim İsmayılzadənin hər zaman, günün istənilən vaxtında adına üz tuta, qapısını döyə, könül süfrəsinin ətrafında əyləşib dərdini, qəmini unuda bilərsən, çünki o, şirin söhbətləri, müdrik fikirlərilə, Dədə Qorqud öyüdlərilə, öz qəlbi, ruhuyla səni tamamilə başqa bir dünyaya çəkib aparacaq və sən də o sirli-sehirli dünyada mənən rahatlıq tapacaqsan.

Bu da 65…

Bu yaşda da qəlbinin uşaqlıq təravətini qoruya bilmiş Müzahim İsmayılzadə öz şeirlərinə daha çox oxşayır. Şeirləri ruhumuzu gözqamaşdıran bir işığa bələyir. Bu işıqda saflaşırıq, təmizlənirik, haqqa üz tuturuq, halallığa qovuşuruq.

Müzahim elin-obanın qeyrətini çəkən əsl türk kişisidir.

O, həm də sözün qeyrətini çəkən şairdir, qələmilə möcüzələr yaradan yazıçıdır, nəsrdə külünk çalan ən parlaq imza sahibidir.

Bu da 65…

65 yaşlı Müzahim bir örnəkdir. Yurda bağlılığı, dostluğu, ziyalılığı ilə bir örnəkdir.

Sözü ilə əməli bir olmağın, yaxşı ata, mehriban baba, gözəl ailə başçısı olmağın örnəyidir. Oxuculara gözəl əsərlər, cəmiyyətə ləyaqətli övladlar bəxş etmiş bir ata kimi, vətəndaş kimi, əsl insan kimi, Vətən sevdalısı kimi bir örnəkdir.

Əgər Müzahimin yaradıcılığını uca bir zirvəyə bənzətsək, başqa bir zirvə isə onun şəxsiyyətidir. Şəxsiyyət olmaq hər kəsin alnına yazılmayıb. Müzahim hələ gənc yaşlarından özünü həm də şəxsiyyət kimi təsdiq eləyib.

Bu da 65…

65 yaşlı Müzahimdən ziyalı ömrünün, yazıçı ömrünün, şair ömrünün ətri gəlir. Onun mənalı ömrünə baxan, onun şərəfli həyatına az-çox bələd olan hər kəsin qəlbində bu dünyada ləyaqətlə yaşamaq arzusu oyanır.

…Müzahim 65 yaşına hamar və asan yolla gəlib çatmayıb. Onun çətin və keşməkeşli yoluna sərt düyünlü kötüklər atanlar da çox olub və o, bu sərt düyünlü kötükləri heç kimin köməyi olmadan yara bilib, yoluna çəkilən sədləri söz silahı ilə dağıdıb və inamla irəliləyərək qarşısına qoyduğu hədəfə yetişib. Qədim türk yurdu Gədəbəydən - İsmayıl müəllimin halal ocağından özüylə gətirdiyi közü Bakıda da sönməyə qoymayıb. O, həmişə bu közün istisinə qızınıb, bu közün «sehrindən» güc alıb, ürəyi bu közün hənirindən isinib və o, öz isti ürəyilə neçə-neçə ürəkləri də isidib. Ata ocağının halallığını, ucalığını bu gün də ləyaqətlə yaşadan, cənnət Gədəbəydən özüylə gətirdiyi közdən heç vaxt sönməyən bir ocaq  qalayan Müzahim İsmayılzadə bu ocağın közüylə çox sayda ocaq da qalayıb və bu ocağın başında Dədə Qorqud öyüdlü bir ağsaqqal kimi əyləşərək əvvəlcə balalarına, sonra da nəvələrinə şirin-şirin nağıllar danışıb. Onun nağılları Gədəbəyin zirvəsi buludlara toxunan  dağlarıdı, cana məlhəm olan bulaqlarıdı, ata yurdudu, elin-obanın mərd kişiləridi. O həm də atası İsmayıl müəllimdən, anası Əminə həkimdən, babası Əli kişidən söhbət açır. Bu söhbətləri mən də «eşitmişəm», Müzahimin özündən yox, yazmış olduğu kitablardan oxuyub öyrənmişəm.

Müzahim yurd yerlərini, uşaqlıq illərini yaşadığı ata yurdunu balalarına, nəvələrinə sevdirə bilib, əslini-nəslini unudulmağa qoymayıb.

Müzahim 45 ildən çoxdur ki, şəhərdə yaşayır, amma kənd təmizliyini, halallığını, düzlüyünü, saflığını  qoruyub saxlaya bilib, bir gün də olsa ata yurdunu unutmayıb, tez-tez o yerlərə baş çəkir, bir vaxtlar piyada gəzib-dolaşdığı yolları, çığırları, dağları…yenə də gənclik eşqiylə gəzir; kim bilir bəlkə də beş-altı yaşlarında «qarğı atını» səyirtdiyi yerlərdə öz ayaq izlərini, uşaqlıq illərini axtarır, amma tapa bilmir. Aradan çox illər ötüb axı! Bir vaxtlar sığal çəkdiyi daşlar da indi mamır bağlayıb. Mamır bağlamış  o daşlar dil aça bilsəydi, balaca  Müzahimdən o qədər xatirələr danışardı ki, bu xatirələri  qələmə alsaydı, indi 10 cildlik seçilmiş əsərləri yox, 20 cildlik seçilmiş əsərləri ədəbiyyatın ədəbi dünyasında əbədi yaşamaq hüququ qazanardı.

Müzahim İsmayılzadə tanıdığım yeganə qələm adamlarından biridir ki, ata yurduna ən qırılmaz tellərlə bağlanıb. Bu da unudulmaz İsmayıl müəllimin aşıladığı yurd sevgisindən, torpaq sevgisindən irəli gəlir.

Müzahim İsmayılzadə həyatda nə qazanıbsa özü qazanıb. Heç kimi onun əlindən tutub heç kimin qapısını döyməyib, heç kəsin himayəsinə sığınmayıb. İndiki Bakı Dövlət Universitetinin tarix fakültəsinə də pulla yox, öz biliyilə qəbul olunub. 1986-cı ildə universiteti uğurla bitirib həyatın qoynuna atılıb. Dərin biliyi, zəkası, təfəkkürü, istedadı onu addım-addım  irəli aparıb. İsmayıllı rayonunda müəllim işləyəndə də, indiki Texniki Universitetin «Ziya» adlı çoxtirajlı qəzetində müxbir kimi fəaliyyət göstərəndə də,

«Ədəbiyyat» «Həyat», «Respublika» qəzetlərində qələmilə vətənə, millətə xidmət eləyəndə də özünə, sözünə və istedadına güvənib. Onun sözünün gücünə, dəyərinə heç vaxt söz olmayıb. O, sözüylə insanın içini silkələyən, ürəyini yerindən oynadan şeirləri, hekayələri, povest və romanları ilə yüzlərlə, minlərlə oxucunu heyrətləndirməyi bacarıb.

Müzahim İsmayılzadə həm də tanıdığım yeganə ziyalılardan biridir ki, heç kimin qarşısında gözükölgəli deyil.

O, şairdir. Şair kimi poeziya qarşısında gözükölgəli deyil.

O, yazıçıdır. Yazıçı kimi yazdığı romanların, povest və hekayələrin qarşısında gözükölgəli deyil.

O, jurnalistdir. Yazdığı yüzlərlə məqalələrin, oçerklərin, reportajların… qarşısında gözükölgəli deyil.

O, əsl ziyalıdır. Və bir ziyalı kimi nəfsini heç nəyə qurban verməyib. İmkan verməyib ki, içində əyləşən mələyin yerində şeytan əyləşsin. Belə olsaydı, var-dövlət yiyəsi olardı, vəzifə kreslosunda əyləşərdi. O, şeytana məğlub olsaydı, başı buludlardan nəm çəkən «villa»da yaşayardı. Yaxşı ki, belə olmadı. Yoxsa Gədəbəyin qocaman dağları da onu bağışlamazdı.  Belə olsaydı, o, xalq tərəfindən, oxucular tərəfindjən sevilməzdi, xalqdan uzaq düşən, atasının adını belə unudan saysız-hesabsız məmurlar kimi ömür sürər, gözlərini yuman kimi unudulardı.

Müzahim əsl ziyalı olmağı, İşıqlı Adam olmağı məmur olmaqdan, deputat olmaqdan, kimnsə önündə baş əyməkdən, müxtəlif tədbirlərdə, iclaslarda  yalandan çəpik çalmaqdan, necə deyərlər, alçala-alçala ucalmaqdan,  rüşvət alıbhalal süfrəsinə haram tikə qoymaqdan üstün tutdu, çünki o, İsmayıl müəllimin oğludur, çünki o, dağlar oğludur. Dağlar oğlu var-dövlətə yox, ancaq dağlara baş əyə bilər.

Bu da 65…

65 yaş nədir ki? Hələ ömrün günortasıdır. Ən gözəl, ən xoşbəxt aylar, səadət dolu  illər hələ qarşıdadır. Hələ qarşıda neçə-neçə uğurlar, nailiyyətlət, neçə-neçə yazılmamış kitablar, dünyaya göz açacaq nəticələr…Müzahimi gözləyir. O, hələ bu dünyaya sözünü deməyib.Şair-yazıçı sözü tükənərmi?

Və ən nəhayət, demək istəyirəm ki, Müzahim İsmayılzadə kimi bir ziyalını, bir dağlar oğlunu, insanlığı yaşadan əsl insanı görmək üçün bu dünyaya gəlməyə dəyərmiş.
100 yaşa, qardaş!

Cəmiyyətin şəxsiyyət defisiti yaşadığı bu günümüzdə sənin kimi ziyalılaya, könul adamına, dost adamına böyük ehtiyac var.

Yaşa ki, yaşadasan. Yaşamaq gözəl nemətdir, yaşatmaq isə ən böyük savabdır, Tanrının ən böyük istəyidir.
Tanrı sənə yar olsun.

70 yaşında, 80 yaşında da sənin üçün ən gözəl sözlərdən bir çələng bağlamaq arzusuyla:

Vaqif İsaqoğlu,
27 noyabr, 2023